İnsan, əsas ehtiyaclarını qarşılaya biləcək qədər gəlir ilə təmin edilsə, iş ilə münasibəti nə dərəcədə dəyişər?
Finlandiya bu ay (Yanvar, 2017) vacib bir iqtisadi təcrübəyə başlayır. Hökumət, 2 il boyunca 2000 adama təmənnasız pul verərək, minimum gəlirlərini sığortalamış olacaq. Sosial yardım alan insanlar arasından təsadüfi seçilən bu insanlara ayda 600 dollar veriləcək. Bu adamlar iş tapıb işləməyə başlasa belə, pulu almaqda davam edəcəklər.
Əsas gəlir olaraq da bilinən və vətəndaşları zəmanətli bir gəlirlə təmin etmək üçün yaradılan bu siyasəti həyata keçirməyə çalışan bir neçə təcrübə arasında ən geniş miqyaslısı, Finlandiyada baş tutacaq.
Təcrübəni tətbiq edən sosial sığorta qurumundan Marjukka Turunen, “Əsas gəlirin, bu insanlara maliyyə etibarı duyğusu ilə həyatlarını öncədən planlamaq imkanı verəcəyinə” ümid etdiklərini söyləyir.
Bu, sadə, amma, radikal bir təklifə bənzəyir. Bəziləri dövlətin təsadüfi pul paylaması fikrinə qarşı çıxır. Bəziləri isə, gəlir zəmanətinin lazımlı, amma, heç kimin etmək istəmədiyi işləri edəcək adamların tapılmayacağından narahatdır.
Silicon Vadisindən tutmuş Hindistana qədər, bu siyasəti dəstəkləyənlərin sayı artmaqdadır. 2008-ci ildə qlobal iqtisadi böhran başladıqdan sonra, bir çox insan, hamının əsas gəlir ilə təmin olunmasını, əksər ölkələrin qarşı-qarşıya qaldığı iqtisadi sıxıntılarla mübarizə yollarından biri kimi görür.
1960-cı illərdə Nixon da sınayıb
Fikir, daha əvvəllər də sınaqdan keçirilib. ABŞ-ın keçmiş prezidenti Richard Nixon, 1960-cı illərin sonlarında, uğurlu bir təcrübə keçirmiş və bu, sosial yardım islahatlarında təsirli bir rol oynamışdı. Lakin, sağçıların münasibətinə görə, tətbiq olunmamışdı.
20-ci əsrin tanınmış iqtisadçıları, Milton Friedman və Fredrich Hayek, gəlir zəmanətinin hökumətlərin yoxsulluğun qarşısını alması üçün ən yaxşı yol olduğuna inanırdılar. Hüquq, Qanun və Azadlıq (“Law, Legislation and Liberty”) adlı kitabında Hayek bunu, hər kəsə iqtisadi azadlıq təqdim etmə yolu olaraq izah etmişdi.
Sosial yardım sisteminin getdikcə maliyyə və siyasi basqıya məruz qalması qarşısında bəziləri, əsas gəlir tətbiqini həll kimi görür. Hər kəsə müəyyən miqdarda ödəniş edilməsinin, tətbiq və sınaq baxımından çox daha ucuza başa gələcəyi ehtimal olunur.
İşə qarşı münasibət dəyişə bilər
Maliyyə böhranının təsiri ilə yanaşı, avtomatlaşdırma, istehsalda robotların istifadəsi və süni zəkanın bir təhdid olduğu narahatçılığı da dilə gətirilir. Əsas gəlir insanlara, iş ilə münasibətlərini nəzərdən keçirmə imkanı verə bilər.
“Bu insanların, yarımştat bir iş axtarmağa başlaması və ya öz işlərini qurmalarına ümid edirik,” Turunen deyir. 1968-ci ildə Nixon, təcrübənin 8500 nəfər üzərində aparılmasını istəmiş və dörd nəfərlik ailəyə həmin dövrün pulu ilə ildə 1600 dollar (indiki pul ilə 10 min dollar) ödənmişdi. Bu əlavə gəlirə baxmayaraq, az adam iş müddətini azaltmış və bunu edənlər, bəzi ictimai təşəbbüslərə yönəlmişdilər.
Realistlər üçün Utopiya (“Utopia for Realists“) adlı kitabın müəllifi hollandiyalı Rutget Bregman-a görə bu təcrübə, iştirakçılar üzərində böyük bir təsir yaradıbmış. “Bir ana psixologiya üzrə universitet təhsili alıb və tədqiqatçı olaraq işə başlayıb. Bir başqa qadın, teatr dərslərinə başlayıb, həyat yoldaşı isə bəstəkarlığa.” Bundan əlavə, cavanlar işləmir və təhsilə daha çox zaman ayırırmışlar.
Təhsil müddəti uzandı
1970-ci illərdə Kanada da oxşar sınaq keçirilib. Dauphin adlı kiçik bir qəsəbənin sakinlərinin üçdə birinə, ildə 15 min dollar ödənilib. Tədqiqatlar burada, tam orta məktəbi bitirənlərin sayının artdığını və xəstəxanaya müraciət edənlərin sayının 8.5% azaldığını və məşğulluq üzrə isə heç bir dəyişiklik olmadığını göstərmişdi.
Kanadanın Ontario, Kaliforniyanın Oakland və Hollandiyanın Utrech bölgələrində də, bu mövzuda yeni təcrübələr aparılacaq. Şotlandiyanın Glasgow və Fife şəhərləri də, təcrübələrdə iştirak edəcək. Avropada bir çox siyasətçi, bu fikri dəstəkləyir.
İngiltərədə təxminən 5 milyon nəfər sosial yardım alır. 2015-ci ildə bu sahə üzrə ayrılan büdcə, 320 milyard dollara çatmışdı. Məbləğ ölkədəki yetkin vətəndaşlar nisbətinə – 50 milyona bölünsə, ildə adambaşına 6400 dollar düşər.
Avropada dəstəklənir
Avropada aparılan sorğular, zəmanətli əsas gəlir ödənişinə dəstəyin, təqribən 64% olduğunu göstərib.
Amma, buna qarşı olanlar da var. Keçən il İsveçrədə keçirilən referendumda hər yetkin şəxsə 2400 dollar, uşaqlara isə 600 dollar ödənməsini nəzərdə tutan layihə qəbul olunmamışdı. Xüsusilə də, az gəlirli və təmizlik və zibil yığma işləri kimi məcburiyyət olmasa heç kimi etməyəcəyi işlərdə çalışanların, işdən çıxacağı narahatçılığı göstərilirdi.
Əsas gəlir tərəfdarları isə, bu tətbiqin, adı çəkilən işlərdə çalışanların dəyərinin cəmiyyət tərəfindən daha yaxşı başa düşüləcəyi fikrindədirlər.
Bundan savayı, gəlir zəmanəti, yalnız işləyən insanların cəmiyyətin dəyərli üzvləri olaraq görülməsi fikrinin də dəyişməsinə səbəb ola bilər.
Müasir cəmiyyət iş və iş həyatının ətrafında cərəyan edir. Gördüyümüz işlər mənliyimizin vacib bir hissəsinə çevrilir. Buna baxmayaraq, könüllü iş, ev işləri və baxıcılıq kimi pulsuz işlər, öz layiq olduğu dəyəri görmür.
Yaradıcılıq və sahibkarlıq artarmı?
Əsas gəlir zəmanətini dəstəkləyənlər, bu yolla işlə münasibətimiz dəyişəcəyini, yaradıcılıq, icad və sahibkarlığın inkişaf edəcəyini söyləyirlər. Həmçinin, sosial məzmunlu, kooperativ və kiçik sahibkarlığın canlanacağı, insanların tapdıqları işdə məcburiyyət üzündən işləməyəcəklərinə görə, işçilərin daha yüksək maaş və daha yaxşı iş şərtləri tələb edə biləcəyi güman edilir.
Telekommunist Manifesti (“The Telekommunist Manifesto“) adlı kitabın müəllifi Dmytri Kleiner, bu tətbiqin inflyasiyanı artıracağı qənaətindədir. Bundan başqa, sosial dəyişikliyin belə qısa təcrübələrlə tam ortaya çıxmayacağını, daha uzun zamana ehtiyac olduğunu düşünənlər də mövcuddur. Həm də, cəmiyyətin sadəcə bəlli bir qisminə sınaq məqsədilə tətbiq edilməsi də, fərqli nəticələrə gətirib çıxara bilər.
Ancaq hər şeyə rəğmən, düşüncəni müdafiə edənlərin də, qarşı çıxanların da gözü, Finlandiya və başqa yerlərdəki bu təcrübələrdə olacaq. Bəlkə də, bildiyimiz mənada iş, mühüm bir dəyişikliyə uğrayacaq.