İnsanlar keçmişə görə daha az gülür, daha çox qaşqabaqlı olurlar. İşləri-gücləri pul və iqtidar olmağı fikirləşmək, mənfəətlərini düşünməkdir. Belə olduqca da sifətləri turşuyur, qaşları çatılır və üzləri qırışır. Mədələrində yara əmələ gəlir. Təzyiqləri artır. Daha davakar və narahat olurlar, psixoloqların yanına qaçırlar. Təbii yollarla gülməyincə xoşbəxtlik dərmanları ilə və televizorda seyr etdikləri axmaqca verlişlərlə süni gülüşlər icad edirlər özləri üçün.
Bu yaxınlarda İsveçrədə bir konfransda mütəxəssislərin dediyinə görə insanlar əlli il əvvəl gündə orta hesabla 18 dəqiqə gülərkən, indi bu müddət 12 dəqiqəyə enmişdir. Bu əlli illik zaman içində daha çox zəngin olduğumuz, daha artıq avtomobil, təyyarə və atom bombası istehsal etdiyimiz halda, bu müvəffəqiyyətlər nəticə olaraq daha az gülməyimizə, xoşbəxtliyimizin üçdə birə qədər azalmasına səbəb olmuşdur. Bəs yaxşı, bütün bu çalışmalar, inkişaflar, texnologiyalar, elmlər onda nə işə yarayır?!