Sizinlə, ölkəmizdə bir çox həyat hekayəsinin qısa məzmunu olan birbaşa şahid olduğum üç hadisəni bölüşmək istəyirəm. Belə ki, ilk hadisənin iştirakçısı təxminən yaşı 50-ə yaxın olan bir kişi idi. Onunla birlikdə avtobusda gedirdik, avtobus həmin adamın düşəcəyi dayanacağa çatanda kişi qapıya yaxınlaşıb sürücüyə 10 qəpik verib düşərkən sürücü kişinin arxasınca “Gediş haqqı 10 qəpik yox 20 qəpikdir!”- dedi və kişi də cavabı utanaraq və məyus olaraq “Yoxumdu, bağışla məni!”olaraq verdi və biraz dayanaraq ordan uzaqlaşdı.

Sonraki hadisə isə evinə getməyə çalışan iki gözündən də əlil olan orta yaşlarda bir kişi ilə bağlıdı. Bu adam yolda və səkidə avtomobil olan mühitdə tək başına, avtomobillərin siqnal və motor səsindən diksinərək evinə getmək üçün çabalayırdı. Heç bir sürücü onun bu vəziyyətinə məhəl qoymadan ya qarşıdakı avtomobili ötüb keçməyə tələsirdi ya da avtomobilinə rahat park yeri axtarırdı. Əslində piyadalar üçün, təəssüf ki əlil insanlar nəzərə alınmadan, salınan səkilərdə avtomobillər üçün park yeri, müxtəlif mağazalar, çayxanalar, kafelər, taksi dayanacağı, yandakı binaların havalandırma sistemi, yəni insanların ordan istifadə edə bilməmələri üçün hər cür şərait salınmışdı. Bu mənzərəni görəndən sonra, hərçənd ki hər dəfə mən o yoldan istifadə edirəm amma ilk dəfə idi ki orda əlil insanla qarşılaşdım, məndə belə bir sual meydana gəldi-Görəsən, əsil əlil hansı tərəf idi ordan məqsədinə uyğun istifadə etməyən insanlar yoxsa evinə getməyə çalışan hörmətli İnsan?!

Bu hadisədən 2-3 gün sonra ərzaq bazarlığı etmək üçün bazara getmişdim. Mən yeşikdən tərəvəz seçərkən yanında 4-5 yaşında uşaq olan bir xanım satıcıdan meyvənin qiymətini soruşdu və “3 manatdır” cavabını alanda “ay bala mən onu o qiymətə necə alım, onu alsam gərək evə başqa heç nə almayım”- deyə qarşılıq verdi. O an ölkədə baş verən hadisələr, dövlət tərəfindən lazımsız yerlərə xərclənən büdcə, cəmiyyətin boş yerə bir-biri ilə pulda yarışmağı və gərəksiz maddi sərfiyyat bir daha gözümün qarşısına gəldi.

 

Həyatda bir çox hadisə ilə qarşılaşır, bir neçəsində birbaşa iştirak edir, birazına isə başlanğıc veririk istəyərək və ya istəməyərək. İstəməyərək iştirak etdiyimiz hadisələr ya bizə Zülm nəticəsində olur ya da biz bu Zülmə gözümüzü, qulağımızı, ağzımızı, vicdanımızı, ürəyimizi və beynimizi bağladığımız, “bu Zülm bizə toxunmaz” düşüncəsini həyatımızın mərkəzinə qoyduğumuz üçün meydana gəlir. İstəyərək iştirak etdiyimiz hadisələr isə ya mənfəətimizə uyğun gəlir ya da hansısa kimliyə və düşüncəyə sahib olduğumuz üçün bu hadisələrdə iştirak etməyi hətta başlanğıcını qoymağı bəzən özümüzə “borc” bəzən də “kimliyimizin” tələb etdiyi şərt olaraq görürük.

Deməli yuxarıdakı hadisələri iki çərçivədən dəyərləndirə bilərik. Birincisi, vicdanın, insafın, mərhəmətin və Haqqın susduğu, Zülmün öndə olduğu, yalnız mənfəətin mərkəz olduğu bir pəncərədir. Bu pəncərə bizə kimliksiz, düşüncəsiz, duyğusuz və şəxsiyyətsiz şəkildə o an bizim “mənfəətimizə” nə uyğun gəlirsə digərlərini düşünmədən hərəkət etmək imkanı verir. Bu həyatın “baxmaq” tərəfidir.

İkincisi isə həyatın “görmək” tərəfidir. Bu çərçivədə isə bizə lazım olan həyatımızı, şəxsiyyətimizi və kimliyimizi formalaşdıran dəyərlərə və prinsiplərə sahib olmaqdır. Bu pəncərədə mənfəət heç vaxt insani dəyərlərin önünə keçmir, hər insanın vicdanı bütün insanlara xidmət edir. Düşüncəyə sahib olmamaq insanın özü ilə yanaşı digər bütün insanlara zərər yetirə bilər.

Cəmiyyətimizdə təəssüf ki, bir çox insan geyindiyi paltara və ayaqqabıya, sürdüyü avtomobilə, gəzdirdiyi telefonlara insandan daha çox dəyər verir. Beynini, düşüncəni və digər insanı hesaba qatmağı bir kənara qoyub yalnız mənfəətlərinin arxasınca getməyi məqsəd olaraq görür. Vicdan, insaf, mərhəmət, digər insanı nəzərə alaraq hərəkət etmək artıq həyatımızda yer almır, bununla bərabər bu xüsusiyyətlərə sahib olan insan xam, ağılsız və axmaq adlandırılır.

  

İndi özümüzə gərək belə bir sual verək—“Biz hansı düşüncə və yaşam sistemini seçmişik Zülm bizə təsir etmirsə bizi maraqlandırmır yoxsa insani dəyərləri mənfəətimizdən üstün tutmağı”