23 oktyabr 1963-cü ildə Londonda qeyri-adi matç keçirildi. Dünyanın yığma komandası oynayırdı. “Əsrin matçı” adını almış bu oyunu televiziya bütün dünyaya göstərirdi. Futbolun yüzillik yubileyi bu cür qeyd edilirdi. Oyunun Londonda keçirilməsinin və komandalardan birinin İngiltərənin yığma komandası (yeri gəlmişkən, o da qələbə çaldı – 2:3) olmasının izahı sadədir: futbolun vətəni İngiltərə sayılır.
Doğrudur, arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn, Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransada və İtaliyada, lakin, o oyunlar indiki futbola çox az oxşamışdır.
1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu “yalnız ayaqla” oynasınlar, yoxsa “ayaq və əllə” ? “ Yalnız ayaqla” oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib – hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində onlara əlavələr oldu, dəyişikliklər edildi. Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. On bir metrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışıar.
İndi futbol ən populyar idman növlərindən biridir. Təkcə Avropada milyonlarla futbolçu, on minlərlə futbol hakimi var. Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionu 200 min adam tutur. Futbolun iki cəhəti var. O həm maraqlı, faydalı atletik oyundur, həm də çox cəlbedici tamaşadır.
Futbol 4 cür hazırlıq – fiziki, texniki, taktiki və iradə hazırlığı tələb edir. Bu o deməkdir ki, yalnız hərtərəfli hazırlığı olanlar futbolçu sayıla bilər. Xüsusi tədqiqatlar göstərmişdir ki, hücumçular topu özlərində 100-110 saniyə, müdafiəçilər isə daha az saxlayırlar, lakin bu o demək deyil ki, onlar yalnız bu saniyələrdə fəal iştirak edirlər. Futbol meydanında fasiləsiz yerdəyişmələr, düzgün mövqe tutmaq və rəqibi təqib etmək üçün çoxlu səy tələb edir. Oyunçular bir matç ərzində meydanda 10 km-ə qədər qaçırlar, hamıdan çox da yarımmüdafiəçilər hərəkət edirlər. Axı onların vəzifəsi müdafiə ilə hücum arasında əlaqə yaratmaqdır. Aydındır ki, futbolçu dözümlü, saat yarımdan da çox oynamağa hazır olmalıdır. Futbolçudan güc, cəldlik, çeviklik, sürət tələb olunur. Buna görə də futbolçunun məşqlərinə mütləq ştanq, gimnastika,yüngül atletika, üzgüçülük, xizəklə yürüş və xokkey məşğələləri də daxil edilir.
Texniki hazırlıq dedikdə oyunçunun topla rəftar etmək bacarığı nəzərdə tutulur. Topla rəftar üsulları olduqca çoxdur. Bura topa ən müxtəlif zərbələr – ayaq pəncəsinin iç və çül tərəfi ilə, üstü ilə, dabanla zərbələr; hərəkətsiz, diyirlənən və uçan topla zərbələr daxildir. Topun ayaqla dayandırılması , sinə ilə qəbul edilməsi, topa başla zərbə, topun partnyora ötürülməsi, driblinq (oyunçunun istiqamətini dəyişə-dəyişə topla irəliləməsi), fintlər (rəqibi çaşdırmaq üçün bədənlə aldadıcı hərəkətlər), küncdən zərbələr, onbir metrlik cərimə zərbələri, autdan sonra topun əllə atılması və s. də yüksək texniki hazırlıq tələb edir. Topa baxmadan onunla irəliləmək bacarığı daha çox qiymətləndilir.
Futbol texnikasını mənimsəmək üçün səy və səbr lazımdır. Məşhur futbol ustası Valeri Lobanovski onunla şöhrət almışdır ki, məharətlə künc zərbələri vururdu vəbunlar bir çox hallarda qolla nəticələnirdi. O, bu zərbəni hər gün 200-250 dəfə məşq edirdi. Dünya şöhrətli futbolçu Anatoli Banişevski isə başla topa sərrast zərbələr vurmaqla şöhrət qazanmışdır.
Taktiki hazırlıq yazı yazı taxtasına bənzəyən meydan maketinin yanından başlanır. Bu maketin üzərində şahmat fiqurları kimi 2 rəngdə fişkalar – şərti “futbolçular” düzülür. Məşqçi fişkaları elə düzür ki, sanki oyun gedir və futbolçulara necə oynamaq lazım olduğunu izah edir.
Futbol kollektiv oyundur və hər bir oyunçu öz hərəkətlərini partnyorlarının oyunu ilə əlaqələndirməli, məşqçinin tapşırıq və taktiki planlarını onlarla birlikdə yerinə yetirməlidir. Taktikada futbolun düşünülmüş başlanğıcı, müdrikliyi və məntiqi özünü göstərir. Taktiki incəliklərin öyrənilməsinə etinasızlıq göstərən oyunçulara və komandalara azarkeşlər kinayəli ləqəb qoymuşlar – “vur-qaç”. Hər bir komanda rəqib qaısına daha çox qol vurmağa, öz qapısından isə daha az top buraxmağa çalışır. Hücum və müdafiə oyunun iki əbədi və eyni dərəcədə mühüm problemidir.
Heç bir idman oyununda futbolda olan qədər gözlənilməz nəticələr olmur. Yəgin ki, futbolun populyarlığının sirlərindən biri də elə bundadır. Futbola qələbə üçün çox vaxt texniki və ya taktiki üstünlüklər kifayət etmir. Əgər komanda mütləq qalib gəlmək istəyirsə, o öz xarakter gücünü göstərməlidir. Əvvəllər zəif çıxış etsə də, qələbə əzmi ilə meydana çıxan komandanın güclü komandaya qalib gəlməsi halları az olmamışdır. Bu kubok uğrunda yarışlarda xüsusilə nəzərə çarpır, çünki belə yarışlarda hər matç həlledici olur və uduzan komanda mübarizəni dayandırır.
Azərbaycan futbolu tarixində İqor Ponomaryov yeganə idmançıdır ki, 1988-ci il Olimpiya Oyunlarında SSRİ komandasının tərkibində qızıl medala layiq görülmüşdür.