Fin düşüncəsi: oxumağın yeri məktəbdir
Burada uşaqların məktəb həyatı dövlətin gənclik və təhsil siyasətinin uğurudur. Fin təhsil sistemində təbiət elmləri, riyaziyyat, humanitar elmlər, incəsənət, idman və praktika da çox vacibdir. Fin uşaqları bağça və ibtidai siniflərdə oyunlar oynayır və zövq alaraq öyrənirlər. Müəllimlər də, valideynlər də riyaziyyat və ya dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğunu düşünürlər. Elmi və elmi olmayan öyrənmə üsulları arasında qurulan bu tarazlıq uşaqların məktəbdə xoşbəxt olmasının sehrli formuludur. Tələbə Dəyərləndirməsi üzrə Beynəlxalq Proqram (PISA – Programme for International Student Assessment) testləri məktəb həyatının çox əhəmiyyətli olan bəzi meyarlarını qiymətləndirmir. Aşağı məsrəflər, bolluca boş zaman, qısa məktəb saatları ilə yüksək akademik müvəffəqiyyət, müstəqilliyə əhəmiyyət verən, şagirdlərə öz təhsil proqramını özlərinin tərtib etmə məsuliyyətini həvalə edən, əylənərək öyrənməyi sintezləşdirən fin təhsil sistemi hələ də təhsilin röya ölkəsi olaraq qalır.
Finlandiyada məcburi məktəbə başlama yaşı 7-dir. Bu, ilk təhsilin ailədən gəldiyi düşüncəsinə əsaslanır. Uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər. Fin mədəniyyəti uşaqların müstəqil yetişməsini vacib sayır. Övladlarını aparıb-gətirən, dərs öyrədən valideyn anlayışı yoxdur. Bəzən vacib olanda, ya da məsafə uzaqdırsa, bunu edirlər. 2013-cü il hesabatı ilə əhali sayı 5,5 milyon olan Finlandiya cinayətin çox az olduğu, yol qaydalarına hər kəsin əməl etdiyi, avtobusların vaxtında işlədiyi bir ölkədir. Odur ki, hər kəs uşağını məktəbə servissiz göndərə bilir. Fin təhsilinin tədrisi bəsitdir, 8-ci sinfə qədər bütün şagirdlərə eyni proqram tətbiq olunur, 8-ci sinifdən etibarən onlar öz maraq və ehtiyaclarına uyğun tədris proqramlarını formalaşdırma haqlarına sahibdirlər. Müəllimlər də həmçinin. Fin şagirdlərinə ibtidai sinifdə qiymət verilmir və onlar standartlaşdırılmış bir sınaq sisteminə tabe deyillər. Ölkənin təhsil sistemində sınaq stresi yoxdur, müqayisə, özəl kurslar, repetitorlar da onun kimi. 16 yaşlarında ölkə səviyyəsində imtahana girirlər. Müəllimlər gün ərzində sinifdə ortalama dörd saat dərs keçirlər, ancaq bütün şagirdlər eyni dərəcədə bacarıqlıdırlar. Şagirdlərə ev tapşırığı verilmir, finlilərə görə öyrənmənin yeri məktəbdir. Daha kiçik yaş qruplarının təlim-tərbiyəsi ilə bağlı bir çox əyləncəli qısa videomateriallar var. Siniflərdə 15, bəzən 20 şagird olur, çox aktiv və yetərincə yaxşı öyrənməyən uşaqlar varsa, müəllimə əlavə yardımçılar da qoşulur. Zəif şagirdlərə dəstək verilir, üçmərhələli “şagird xilasetmə” proqramı tətbiq edilir. Uşaqlar məktəbə keflə gedib-gəlirlər, mızmızlanma yoxdur. Oyun saatı boldur.
Məktəb həm təhsil, həm tərbiyə, həm də yemək verir.
Fin məktəblərində idman və musiqiyə əhəmiyyətli yer verilir. Hətta şagirdlərin çoxu həftə sonlarını məktəblə çalışan könüllülərdən ibarət idman klubları və ya yerli rəhbərliyin təşkil etdiyi idman xidmətlərindən faydalanırlar. Amma idmanda qarşılaşmaq üçün komandalar yoxdur. Rəqabət, üstünlük əldə etmək fin cəmiyyətində xoş qarşılanmır. Finlandiyada özəl məktəb yoxdur və təhsil xərclərinin hamısı dövlət tərəfindən qarşılanır. Məktəblər bir-birlərilə rəqabətdə olmur, əksinə həmrəylik nümayiş etdirirlər və müvəffəqiyyət göstəriciləri demək olar eynidir. Finlilərə görə “təhsil hər kəsə bərabər fürsətlər yaratmaqdır”. Bərabərlik anlayışına fövqəladə dəyər verilir. Zəka və bacarıqları nə olur-olsun, bütün uşaqlar eyni siniflərdə oxuyurlar. Məktəbdə günorta yeməyini dövlət təmin edir və bunu hər məktəb üçün eyni şəkildə və yüksək keyfiyyətlə təqdim edir. 6-7 yaşlı uşaqlara isə əlavə servis edilir, nəzərə alınır ki, onlar gün boyu qaçıb-oynayır, enerji xərcləyirlər. Hətta allergiyası olan uşaqlara, bir nəfər olsa belə, ayrı yemək hazırlanır. Uşaq məktəbdə həm təhsil alır, həm oynayır, həm də qidalanır. Bufetlərdə yalnız su, süd və meyvə satılır. Ölkədə təhsildən əvvəl, insanların təməl ehtiyaclarının qarşılanmasının əsas şərt olduğu qanunlarla tənzimlənir. Hər kəsin özünü etibarlı hiss etməsi, düşüncə azadlığının qorunması, qidalanma əndişəsi yaşamaması kimi baza ehtiyaclar zəmanətə alınıb.
Siniflər ev tərzində dekorasiya olunur, “quraraq-yaşayaraq öyrənmə modeli”nə uyğun sahələr mövcuddur. Bu səbəblə şagirdlər evdən məktəbə gəlincə fərqli bir mühitə düşmüş kimi olmurlar. Eynilə evində olduğu kimi dərsi istərsə kresloda oturaraq, istərsə yerdə çömələrək dinləyir. Dərs zamanı diqqəti çəkmədən gəzinmək sərbəstdir. Əgər bir sinifdən heç səs çıxmırsa, şagirdlər partalarda oturur və qalxmırlarsa, o müəllim sorğuya çəkilir. Çünki Fin təhsil sistemində dərs izah edən müəllim yoxdur, birlikdə fəaliyyət göstərən komanda var. İbtidai sinifdə şagirdlərin dərsdən kənar, tənəffüs üçün keçirdikləri zaman ümumilikdə 75 dəqiqədir. Amerikada bu 27, Türkiyədə 45, Azərbaycanda 30-35 dəqiqədir. Finlandiyada tətil də uzundur.
Müəllimlər üçmərhələli testdən keçir, həftədə iki saat savadını artırır
Bütün müəllimlərin ən az magistr dərəcəsi var və onlar universitet nəticəsi yüksək olanlar arasından seçilir. Müəllim cəmiyyətdə ən hörmətli peşələrdən biridir, statusu həkim və vəkillə eynidir. Müəllim olmaq üçün üçmərhələli bir testdən keçilir. Bu mərhələlərdə müsahibə, dərs izah etmə kimi vacib bölümlər də var. Finlandiya müəllimləri bacarıqlı-bacarıqsız olaraq mühakimə etməyən bir mentalitetə sahibdir. Çatışmazlıqları olanların yeni təlim-tədris proqramlarıyla özlərini inkişaf etdirməsi şərtdir. Müəllimin aşağı performans səbəbiylə işdən atılma qorxusu yoxdur. Həftədə iki saatı ixtisasartırma təlimlərinə qatılmağa ayırırlar. Odur ki, şagirdin problemi varsa, bu, məktəbin və müəllimin sayılır. Hər uşağa dəyər verilir, biri yetərli dərəcədə yaxşı öyrənmirsə, müəllimləri dərhal sezir və tədris proqramını onun fərdi ehtiyaclarına görə tərtib edir. Eynisi məktəbə uyğunlaşa bilməyən, sıxılan, ya da proqramı qabaqlayan uşaqlara da tətbiq olunur. Uşaqların ortalama 30%-nə təhsil həyatlarının ilk doqquz ilində xüsusi proqramlarla dəstək verilir. Müəllimlərin yüksək təhsil səviyyəsi, uşaqların hər cür inkişafını müşahidə edə və çevik həll yolları tapa bilmələrinin əsas səbəbidir. Finlandiya onu dünya ölkələri arasında birinci edən uğura necə çatıb, bacarığın səbəbi nədir, soruşulduğunda şagirdlər “müəllimlərimizdir”, deyirlər.
Finlandiyada təhsilə nəzərdə tutulan büdcənin çox hissəsi dərs mühitində özünü biruzə verir. Müəllimlər də, rəhbərlər də təxminən eyni maaş alırlar. Bu ölkədə hər şagirdə ABŞ-la müqayisədə 30% az pul xərclənir.15 il iş stajlı bir müəllim ortalama iş həyatına yeni başlayan həmkarından daha yaxşı qazanır. Müəllimin illik maaşının 29 min avro olduğu deyilsə də, bəzi mənbələr daha az söyləyir. Müəllim sayı NewYorkdakı qədər, amma Finlandiyada hər müəllimə düşən şagird sayı NewYorkdakından iki dəfəyə yaxın azdır – NewYorkda 1,1 milyon, Finlandiyada 600 min şagird var.
“Bataqlıqlar ölkəsi”ndən “zanbaqlar ölkəsi”nə
Lisey məzunlarının 66%-i təhsillərini universitetlərdə davam etdirirlər və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir. Finlandiya ortalama ən yaxşı və ən pis şagird arasında fərqin az olduğu ölkədir. Fən bölümlərini seçənlər ən çox 16 nəfərlik siniflərdə təlim görürlər və beləliklə laboratoriya imkanlarından yüksək səviyyədə yararlana bilirlər. Finli gənclərin 93%-i lisey məzunudur və bu göstərici ABŞ-a nisbətən 17,5% çoxdur. Şagirdlərin 43%-i peşə liseylərinə gedirlər. Məktəblərdə normal təhsillə bərabər peşə təhsili də verilir. Hər şagird məktəbi bitirdiyi zaman marağında olduğu peşəyə yiyələnəcək qabiliyyətə sahib olur. Amma soruşduğunuzda hər sinifdən 1-2 nəfər mühəndis, ya da həkim olmaq istəyir, çoxu aşpaz, idmançı və ya xidmət sahəsində peşələr seçəcəyini söyləyir. Fin uşaqlarının məsələlərə praktik çözüm tapmaq, ya da xüsusi bir sahədə bacarığı yoxdur, adi uşaqlardır. Amma sistem kütlədən almaslar yetişdirə bilir, hər şagirdin mühüm olduğunu və xüsusi qabiliyyətini vurğulayır, “əsas olanı ortaya çıxarmaqdır”, deyirlər.
Ölkədə təhsili elm kimi dəyərləndirirlər. 2000-ci ildən bəri PİSA testlərində ən uğurlu ölkə həmişə Finlandiya olub. Finlilər üçün məsələ nə universitet məzunu olmaq, nə də yüksək bilgi sahibinə çevrilməkdir, bu barədə iddialı xalq deyil. Əsl məsələ təhsil aldığın, ya da işlədiyin sahədə özünü xoşbəxt hiss etməkdir. Beynəlxalq əhəmiyyətli sınaqlarda əldə edilən böyük uğurlar, “Nokia” kimi etibarlı bir markanın yaradılması təhsildə bu ölkənin gəldiyi yerin nəticəsidir. Finlandiya elastik təhsil sistemi ilə hər il ölkələri böyük fərqlə geridə qoyaraq bu sahədə lider olur. Təhsil sistemi bu qədər güclü olan ölkə siyasətçilərinin dünyanın siyasi liderliyinə oynamaq iddiası yoxdur. Onlar daxildə rifahın artırılmasına çalışırlar, dünyaya təsir edən siyasi fəaliyyətlərdən uzaq dayanırlar. Bu səbəblə Avropada zəngin-yoxsul ayrı-seçkiliyinin ən aşağı, təbəqələşmənin demək olar meydana gəlmədiyi bir ölkədir. “Bu ölkədə hər şey təhsil üçündür” demək olar. Finlandiyada təhsil sistemi son 200 ildir belə işləyir və dəyişikliyə uğramayıb. Sadəcə ABŞ-la deyil, nüfuzuna görə özünə bənzər ölkələrlə qarşılaşdırıldığında təhsil sektorunda zirvələrdədir. Rus yazıçısı Qriqoriy Petrovun Finlandiya haqqında “Ağ zanbaqlar ölkəsində” kitabı təhsil sisteminin bir ölkəni necə dəyişdirdiyinin, iki əsr əvvəl müstəqilliyini qazanan və hər tərəfi bataqlıq olan ölkənin “xoşbəxtlər ölkəsi”nə çevrildiyinin ən gözəl nümunəsidir.