Resentiment – vaxtilə Nitsşe ilə Maks Şelerin mübahisələrindən yaranmış bu terminlə aşağıların, zəiflərin, uduzmuşların və aldadılmışların bədxahlığı və qisascıllığı nəzərdə tutulur.
Yəni yuxarı dırmana bilmiş mənfi personajlar kimi ola bilməyən aşağılar bu personajları hətta onlarda olmayan mənfi xüsusiyyətlərdə də qınayaraq onları demonlaşdırırlar. Burada həsəd və paxıllığın rolu böyükdür, ancaq uduzmuş fərd bunu boynuna almır, əksinə, hansısa varlı məmura baxaraq nümayişkaranə deyinir: “İstəsəm mən də onun kimi varlı ola bilərəm, ancaq mənim əxlaqım buna yol vermir”.
Əslində isə yalan deyir və bununla o məmur kimi ola bilmədiyinə görə bəhanələr uydurmaqla yanaşı həm də həmin məmuru başdan ayağa qaralayaraq şər təcəssüməsi edir. Halbuki resentimentə mübtəla olmuş aşağılar istənilən an yuxarıdakı məmurla yerlərini dəyişməyə və onlar kimi olmağa hazır və razıdırlar. Yəni qurbanlıq cəllad olmaq istəyir.
Resentiment müalicəsiz bədxassəli şiş kimidir – mütləq simptomları aşkara çıxacaq. Nə qədər ki, cəmiyyətdə yuxarılar hər dəfə islahatlara əfəl ümid bəsləyən aşağıların bu ümidini çilik-çilik edirlər, aşağılar da resentimenti içlərində gizlətməyə çalışaraq dözümlülük və səbr nümayiş etdirməyə çalışsalar da bir gün hansısa heç də taleyüklü görünməyən münaqişə bu qəzəbi dağıdıcı şəkildə aşkara çıxaracaq (təsadüfi deyil ki, son illər gördüyümüz “rəng inqilabları”nda da başlanğıc mexanizm və siqnal kimi hansısa ilk baxışda qlobal görünməyən hadisə çıxış edir). Yəni resentimetə mübtəla olmuş toplum üçün onun hədəf seçdiyi zümrədə heç bir yaxşı cəhət yoxdur, odur ki, ona qarşı amansız olmaq olar.
Və bu, cavab amansızlığıdır – əvvəl yuxarıdakılar öz yarımçıq və görüntü islahatları ilə aşağılarda ədalətə və uğura olan istənilən ümidi dəfn edərək onlarda anomiya və resentiment formalaşdırır, sonra isə aşağılar içlərində bəslədikləri bu qəzəbi bir gün yuxarıların üzərinə tökürlər.
Keyfiyyət dəyişikliyi ilə nəticələnməyən istənilən islahat görüntüsü resentimentin qidalandırıcısıdır. Bu, o haldır ki, islahatların təhrifi onların yoxluğundan daha ziyanlıdır. Baxmayaraq ki, zahirən bu cür görünmür…