Xüsusilə böyük bir şəhərdə yaşayırsınızsa yolunuzu şübhəsiz küçədə dəsmal satan bir uşaq, gül satan qadınlar kəsmişdir. Bu insanların haralarda yatdıqlarına, yaşadıqlarına az-çox şahid oluruq. Onlar, çəmənlərin üzərində həyatlarını davam etdirib ayaqyalın oralarda yaşayırlar və bu bir nöqtədən sonra bizə normal gəlməyə başlayır, amma bəzi insanlar fərqlidir, digər insanların baxdığı amma görə bilmədiyi kiçik detalları görür, yansıdır və biz də bundan sonra daha diqqətli baxmağa başlayırıq. Azərbaycanlı fotoqraf Rashid Line da bunlardan biridir.

Fotoqraf “Optimist Bomjlar” foto layihəsində yolda yaşayan evsiz insanların fotoşəkillərini elə çəkmişdir ki, fotoşəkillərə baxanda o “yaşanmışlıq hissi” bizim də içimizə işləyir.. Fotolayihə və şəkillərin hekayəsini fotoqrafın dilindən şəkillərlə birlikdə aşağıda paylaşırıq.



Raj müəllim bir gün hamımıza (komandasına) bir tapşırıq verməyə qərar verdi. Hər kəsə ayrı mövzular verdi. Mənə düşən mövzü bomjlar (evsizlər) idi və onların optimist tərəfini tutmalı idim, çünki onlar belə desək pessimist olurlar. Asan yolu da sevmədiyimiz üçün çətin olanı seçdik.



Bu mövzü o qədər də asan deyildi, hətta, ən başda çox çətin kimi görünürdü. Axtarışa çıxanda öz-özümə bu cümləni təkrarlayırdım: “Bomj dediyin insan həyatdan küsmüş biridir, yəni başdan ayağa pessimist..”



Tapşırığı aldığım gündən axtarışa başladım. 1 ay ərzində 3 dəfə bomj tapa bildim. İlk tapdığım zaman yaxınlaşdım və icazə vermədi. Әslində o anlaşılmaz səsi ilə dediyi, “Ailəm dağılıb” cümləsini eşidəndən sonra bir anlıq özümü itirdim və ordan uzaqlaşdım.



2-ci dəfə (2 bomj qadın) tapanda avtobusda idim, dərsdən evə qayıdırdım. Onların yerdə oturmağlarını gördüm. Tez evdən aparatımı götürüb ora qayıtdım. Bir az axtardım sonra onları yenidən tapdım. 3 foto çəkdim və 1-i istədiyim kimi oldu. Düzdü orda pessimist tərəfini tutmuşdum, amma yenə də anı qaçırmaq istəmədim.



3-cü dəfə isə Malakan bağına çatanda bir dayının (evsiz) oturduğunu gördüm. Bildirmədən uzaqdan çəkməyə başladım. 20 dəqiqə keçdikdən sonra gördüm ki, başqaları da gəlir. Onları da uzaqdan çəkdim, amma yaxından da çəkmək istəyirdim. Dostum 5-6 ay əvvəl onların fotosunu çəkdiyi üçün onlarla tanışlığı vardı. Dostumla birlikdə onlara yaxınlaşdıq.



Bizi görən kimi dostumu tanıdılar. “A fataparat” deyə çağırdılar. “Bəs bizim şəklimizi çəkmişdin çıxartmadın hələ?” Danışdıq bir az, daha sonra mən çəkməyə başladım. Evsiz olmalarına baxmayaraq çox xoşbəxt idilər. Yəni demək istədiyim odur ki, evləri, pulları olmasada ən azından dostluqları var idi. Fotoya diqqətlə baxsanız yaşlı olanın üzündə yara izlərinin olduğunu görərsiniz. Onu döydükləri üçün üzü qan içində idi. Sadəcə o, şəklinin çəkilməsini istəmədi.



İndi bəlkədə sual yaranacaq bunların hamısını niyə danışırsan bizə?.. Çünki hekayə danışan fotolar 2 cür olur ya fotoya baxanda nə baş verdiyini aydın görürsən, ya da ki, seriya foto olur və hekayəsini danışırsan ki, insanlar anlasın.