QARABAĞ – qədim Azərbaycan torpağı, sivilizasiyaların ilk mərkəzlərindən biridir. Bu Azıx, Tağlar mağarası və s. kimi arxeoloji tapıntılarda da öz əksini tapmısdir.

XIX əsrə qədər Dağlıq Qarabağ ərazisində nəzərə çarpacaq sayda erməni əhalisi yox idi. Ermənilərin Qarabağa yerləşdirilməsi əsasən rus-fars və rus-türk müharibələri nəticəsində XIX əsrin 20-30-cu illərindən başlamış və bu miqrasiya bir çox yazılı mənbələrdə sübut olunmuşdur. Bu həmçinin ermənilərin özləri tərəfindən də dəfələrlə etiraf edilmişdir.

1978-ci ildə Ağdərə rayonunda ermənilərin fars regionu olan Marağadan bura gəlməsinin 150 illiyi münasibəti ilə abidə ucaldılmışdır. Və daş üzərində ermənicə “Marağa -150” yazılmışdır. Lakin bu abidə cəmi 10 il qalmışdır və 1988-ci ildə Ermənilərin Azərbaycana ərazi iddiaları başlanan kimi o da yoxa çıxmışdır. Həmin abidənin yoxa çıxmasının səbəbini başa düşmək elə də çətin deyil. Bu abidə erməni miqrantlarının Qarabağa gəlməsinin başlanğıcını göstərirdi.

Qarabağda Alban memarlığını özündə əks etdirən IV- XVI əsrlərə aid bir neçə Alban kilsəsi bizim dövrə qədər gəlib çatmışdır. Onların arasında Laçın rayonunda yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksini, Ağdərə rayonunda Gəncəsər monastrı və digərlərini göstərmək olar. 


Ağoğlan monastr kompleksi.

IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastr kompleksi Laçın rayonunun ərazisində Ağoğlan çayı sahilində yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastr məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Monastr binasının daxili həcmi üç hissədən ibarətdir. Daşlardan hörülmüş açır dam örtüyünü saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır. Məbədin daxili sahəsini işıqlandırmaq üçün divarlarda ensiz və uzunsov pəncereler vardir

KƏLBƏCƏR rayonunun ərazisində, Tərtərçayın sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastrın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu olan Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə qonşu xalqların kilsəlerinden fərqlənir

Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey monastr kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilmişdir. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir.

Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və büyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”. VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi-Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında “Arşax” və ya “Arsax” adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hükmdarları isə arşax “aranşax” adlanmışdır. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib Qandsazar monastrında dəfn etmişdir. Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu monastr kompleksinin ərazisində dəfn olunmuşlar. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd mailli dam örtüyündə rotonda yüksələn monastr binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Baş kilsənin xaçşəkilli günbəz kompozisiyası, 16 künclü günbəz barabanı və onun üzərində yüksələn çətir formalı piramidaşəkilli daş günbəz örtüyü alban dindarlarının son iqamətgahına xüsusi əzəmət və gözəllik verir. Şərq və qərb fasadlarından fərqli olaraq şimal və cənub fasadlarının memarlıq həlli, demək olar ki, eynidir. Onların hər biri beş tağla bəzənmiş, ortadakı ən hündür tağ isə profilli xaçla tamamlanmışdır. Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunmuş öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Monastr kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.