Amerikanın yeni materialları öyrənən «AIMMPE» İnstitutunun ekspertləri bu qənaətdədirlər ki, Mendeleyev cədvəli materialların təkamülü tarixində bəşəriyyət üçün ən vacib ixtiradır. İtaliyanın «La Repubblica» qəzetinin verdiyi xəbərə görə, Dmitri Mendeleyevin kəşf etdiyi elementlərin dövri təsnifatına «AIMMPE»yə daxil olan səkkiz ölkədən 4235 nümayəndə səs verib.
Bəşəriyyət üçün vacibliyinə görə, ikinci yerdə ekspertlər dəmirin əridilməsini göstəriblər. İlk dəfə bunu eramızdan təxminən 3550 il əvvəl misirlilər kəşf ediblər.
Üçüncü yerdə 1948-ci ildə tranzistorların kəşfi gəlir: ixtira əvvəlcə, elektron avadanlıqlar, mikroçiplərin hazırlanması, sonra isə kompyuter texnologiyaları üçün böyük əhəmiyyət kəsb edib.
Dördüncü yerdə eramızdan əvvəl 2200-cü ildə ixtira olunan şüşə durur. Şüşə keramikadan sonra dünyada insanların ən çox istifadə etdiyi ikinci qeyri-metal materialdır.
Beşinci yerdə insan gözünün görmə qabiliyyətini iki yüz dəfə artıran linzalar vasitəsilə materialları öyrənmək imkanı verən mikroskopun ixtirası qərarlaşıb.
Siyahıda daha sonra sözün əsl mənasında, 18-ci əsrin ortalarından başlayaraq tikinti metodlarını dəyişən sement gəlir.
Yeddinci yerdə eramızdan təxminən 300 il qabaq Hindistanın cənubunda kəşf olunan poladın istehsalı durur. Amma bəşəriyyət bu haqda bir neçə yüz il sonra, Dəməşqdə poladdan tiyələr hazırlamağa başlayanda agah olub.
Səkkizinci yerdə eramızdan beş min il əvvəl edilən ixtira qərarlaşıb. Söhbət malaxit və azuritdən misin çıxarılmasından və ona müxtəlif formalar vermək imkanından gedir. Bundan hazırkı Türkiyə ərazisində yaşayan xalqların emal metallurgiyası yaranıb.
Sonuncu yerləri yeni tarixin iki ixtirası — 1912-ci ildə Maks fon Lauenin kəşf etdiyi rentgen şüalarının kristallarla difraksiyası (istiqamətinin dəyişdirilməsi) və «Bessemer prosesi» tutub. Bu proseduradan Bessemer konvertoru kimi tanınan domna peçlərində polad istehsalında istifadə olunur və çuqundan polad əritməyə imkan verir.