Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin köməyilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial vəzifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit mexanizmi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələri və bölmələri üzrə ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.
Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrdə iqtisadi və sosial xarakterli ümummilli vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa sözlə, büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi daxilolmaları (dövlət mülkiyyəti və dövlət tica-rətindən daxilolmalar), 10-12%-i isə sosial sığorta, pensiya, məşğulluq fondlarına ödəmələr vasitəsilə formalaşır.
Sosial-iqtisadi xərclər iki yerə bölünür: 1) Sosial xərclər və 2) Iqtisadi ehtiyaclara yönəldilən xərclər.
Sosial xərclər bütün sosial-iqtisadi xərclərin 60-80%-ni, bütün büdcə xərclərinin isə 40-50%-ni təşkil edir. Sosial xərclərə pensiyaların ödənilməsi, yerli büdcələrə subsidiya-ların verilməsi ilə əlaqədar olan xərclər daxildir.
Sosial xərclərin başlıca tərkib ünsürlərindən biri pensiya təminatıdır və o, ildən-ilə artır Sosial-iqtisadi xərclərin ikinci, yəni iqtisadi ehtiyaclar üzrə xərclər qrupuna energetika, mənzil tikintisi, təbii ehtiyatların mənimsənilməsi və ətraf mühitin mühafizəsi, dövlət müəssisələrinə dotasiyalar, hasilat və emaledici sənayeyə, kənd təsərrüfatına subsidiyaların verilməsi ilə əlaqədar xərclər daxildir.
Dövlət büdcəsinin xərc maddələrindən biri də müstəqim və dolayı hərbi xərclərdir. İnkişaf etmiş ölkələrdə hərbi və xarici siyasətin maddi təminatı ilə əlaqədar xərclər (məsələn, diplomatik xidmət sahəsinin saxlanması xərcləri) bütün büdcə xərclərinin təqribən 10-20%-ni təşkil edir.
Dövlət büdcəsinin ideal surətdə icra edilməsi gəlirlərin xərclərdən çox olması deməkdir. Xərclər gəlirlərdən çox olduqda isə büdcə kəsiri əmələ gəlir. Büdcə kəsiri dövlət borcları hesabına aradan qaldırılır, lakin bu, büdcə kəsirinin aradan qaldırılmasının yeganə yolu deyildir. İnkişaf etmiş ölkələrin çoxunda qızıl pul tədavülündən kağız pul tədavülünə keçildiyi dövrdən büdcə kəsirinin əlavə pul emissiyası vasitəsilə aradan qaldırılması sahəsində müsbət təcrübə toplanmışdır.
Dövlət borcu emissiyaya nisbətən az təhlükəlidir, lakin o da ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Hökumət orqanlarının borcları yığılır və nəticədə dövlət borcunu əmələ gətirir. Ayrı-ayrı ölkələrdə dövlət borcu müxtəlif sürətlə artır. Dövlət borcunun ÜDM-dən 2,5 dəfə çox olması iqtisadiyyatın, xüsusilə də pul tədavülünün sabitliyi üçün olduqca təhlükəlidir.
Dövlət borcunun aşağıdakı növləri vardır:
1) Daxili borc;
2) Xarici borc;
3) Qısa müddətli (bir ilədək) borc;
4) Orta müddətli (bir ildən beş ilədək) borc;
5) Uzun müddətli (5 ildən yuxarı) borc.
Bunların içərisində ən ağırı qısa müddətli borcdur
Xarici borc xüsusi diqqət tələb edir, çünki bu borc üzrə tədiyələr ölkənin xarici iqtisadi fəaliyyətindən daxil olan gəlirlərin təqribən 20-30%-ni təşkil edirsə, deməli, xaricdən yeni borcun alınması çətinləşir. Daha doğrusu, ya borc vermək istəmir, yaxud da girov tələb etməklə onu yüksək faizlə verirlər.
Dövlət gəlirləri və xərclərinin əsas hissəsi dövlət büdcəsindən keçir. Ölkənin inzibati-ərazi quruluşundan asılı olaraq düdcə mərkəzi, habelə respublikaların (ştatların), vilayətlərin, əyalətlərin büdcələrinə və yerli büdcələrə bölünür. Yerli büdcə dedikdə adətən mərkəzi büdcədən başqa, yerdə qalan büdcələr nəzərdə tutulur.
Büdcə, büdcədənkənar fondlarla əlaqədardır. Büdcədən kənar fondlar dedikdə mərkəzi, yaxud da yerli hakimiyyət orqanlarının sərəncamında olan və dövlətin büdcəsinə daxil olmayan pul vəsaiti nəzərdə tutulur. Buna pensiya fondunu misal göstərmək olar.
Büdcədənkənar fondlar dövlətin iqtisadiyyata müdaxilə etməsi imkanlarını genişləndirir. Bu fondlarda olan vəsaitdən büdcə kəsirini azaltmaq üçün istifadə oluna bilər və olunur.