Krizisə aparan yol
Ötən şənbədən Azərbaycanda manat ajiotajı yaşanır. “Bundan sonra nə olacaq? Bizi nə gözləyir?” – kimi suallar indi həmişəkindən daha çox aktualldır. Doğurdan da bundan sonra nələr gözlənilir?
Əmin deyiləm ki, bu suala cavab olaraq kimsə yüz faizlik proqnoz verə bilsin. Ajiotajı azaltmaq üçün Azərbaycanda inzibati rıçaqlara əl atıla bilər. Məsələn, Azərbaycan Respublikasının Prezidenti əhaliyə daha az ziyan dəyməsi naminə manatın məzənnəsinin bir qədər yuxarı qaldırılması və bu prosesin əvvəl vəd edildiyi kimi tədrici xarakter kəsb etməsi barədə göstəriş verə bilər, təbii ki, dövlətin müəyyən maliyyə itkisi hesabına… Bəs bu prosesin inkişafı klassik iqtisadi qanunların ixtiyarına buraxılsa nələr baş verə bilər?
Gəlin məsələnin real mahiyyətinə baxaq. Azərbaycanda son günlər baş verən hadisələr qaçılmaz idi. İqtisadi ədəbiyyatda “boom-bust cycle” (boom ingliscədən yüksəliş, bust- partlayış, cycle isə tsikl kimi tərcümə olunur) adı altında məşhur olan bu fenomenin əsas mahiyyəti odur ki, yüksəliş daimi ola bilməz. Başqa sözlə, əgər durmadan inkişaf edən bir şey varsa, o inkişafın dayanma ehtimalı getdikcə çoxalır. Fikrim bu məsələni təhlil etmək olmadığı üçün çox dərinə getmirəm.
Azərbaycan son 20 ildə neft sektorundan gələn milyardların hesabına durmadan iqtisadi artıma nail olurdu. Dövlət xərcləri və gəlirləri çoxalır, inflyasiya normal səviyyədə saxlanılır, manat-dollar kursu isə sabit qalırdı. Son günlər nə baş verdi ki, hər şey bir anda dəyişdi?
Dünya bazarlarında neftin qiymətinin son aylarda düşməsi nəticəsində ölkə büdcəsinə böyük ziyan dəyməyə başladı. Təsəvvür edin, əvvəl hökumət neftdən aldığı 1 dolları 78 qəpiyə çevirirdi. Neftin barelinin 100$-a olduğu vaxt hökumət 1 barel neft satıb əvəzində manatla ifadə etsək, 78 manat alırdı. Üstündən bir müddət keçdi və neft ucuzlaşmağa başladı. Tutaq ki, neftin qiymətinin 60$ olduğu dövrə baxırıq. İndi təsəvvür edin, hökumət 1 barel nefti satıb əvəzində 60$, yəni, 46 manat 80 qəpik alır (60*0.78=46.8). Belə olan halda nə baş verir? 1 barel neftdən dövlət büdcəsinə gələn gəlir 32 manat azalır. Bu, dövlət büdcəsinə birbaşa zərbədir və büdcə kəsirini artırır (Büdcə kəsiri büdcənin xərclərinin gəlirindən çox olduğu vaxt yaranır). İqtisadiyyatımız son illər kəskin büdcə kəsiri problemi ilə üzləşmirdi. Təəssüf ki, bizim büdcənin son illərdə balansda olmasının əsas səbəbi Neft Fondundan külli miqdarda transfertlərin hesabına idi. Son illərdə büdcə gəlirlərinin böyük əksəriyyəti Neft Fondundan olan vəsaitlərin hesabına formalaşırdı.
Niyə devalvasiya olmalı idi?
İndi fikirləşin ki, neft 60 dollarda qalmaqda davam edir və bizim büdcəmizə həmişəkindən, təxminən 50% az pul gəlməyə başlayır. Təbii ki, Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyyatları sonsuz və tükənməz deyil. Büdcənin kəsirini bir müddət bağlamağa, valyuta məzənnəsini bir müddət dollardan baha saxlamağa bəs edir. Ancaq bu, daimi ola bilməz. Ona görə də hökumət büdcə gəlirlərini manatla artırmaq üçün devalvasiya qərarı verdi. Neft 60 dollar olan vaxt 46 manat 80 qəpik əldə edirdiksə, indi 63 manat əldə edəcəyik. Yəni neftin qiymətinin düşməsini bir növ kompensasiya etmiş olur devlvasiya. Sual oluna bilər ki, niyə manatla gəlir vacibdi? Çünki Dövlət öz daxili xərclərini manatla ödəyir- dövlət işçilərinin, müəllimlərin, həkimlərin maaşlarını, sosial təminatları, infrastruktur layihələrin xərclərini və s. Ona görə də, manatın ucuz olması eyni miqdarda neft satışından daha çox manat əldə etmək imkanı yaradacaq.
Növbəti gözləntilər
İndi devalvasiyanın potensial problemlərini müzakirə etmək, hazırlıqlı olmaq lazımdır.
- İnflyasiya artacaq.
Sadə dildə desək, inflyasiya ölkədə ümumi qiymət səviyyəsinin (ərzaq məhsulları, geyim və s.) qalxmasına deyilir. Niyə inflyasiya gözlənilir? Ona görə ki, əhalinin gündəlik xərclərinin yarısından çoxu Azərbaycana xaricdən gətirilir. Tutaq ki, Bakıda yerləşən geyim mağazasının müdiri Türkiyədən paltar alır. 100 dollar dəyərində aldığı paltarın manatla qiyməti dünənə qədər 78 manat edirdi. Ona görə sahibkar Bakıdakı dükanda o paltarı satanda 78 manatın üstünə pul qoyub o paltarı alıcılara 85 manata satırdı. Sabahdan isə, həmin sahibkar Türkiyədən o malı alanda əvəzində 78 manat yox, 105 manat verəcək. Üstünə öz mənfəətini də qoyub o paltarı alıcılara ən azı 110 manata satacaq. Bir günün içində qiymət 25 manat bahalaşdı. Bu, təəssüf ki, bir çox məhsullara aid olacaq- texnika avadanlıqlarına, bəzi ərzaq məhsullarına və s.
Ancaq birbaşa effektdən başqa, devalvasiyanın dolayı effekti də olacaq. Tutaq ki, Gədəbəydə yetişən kartof yerli məhsuldur deyə, qiymətinin artmasını gözləmirik. Ancaq nəzərə alaq ki, həmin kartofu yetişdirən fermer gübrəni və ya istehsal üçün lazım olan digər avadanlığı xaricdən alır, bu da son nəticədə kartofun qiymətinin artmasına səbəb olacaq.
Beləliklə, valyutanın 35% devalvasiya olmasını nəzərə alaraq, yaxın günlərdə qiymətlərin azı 20-25% bahalaşmasını (bəlkə də, 50%-dək) gözləmək olar.
- Bank sektorunda problemlər yaranacaq
İnflyasiya səviyyəsi qalxanda Mərkəzi Bankın əlində olan silahlardan biri faiz dərəcəsinə təsir etməkdir. Borclanma faizini yuxarı qaldırmaqla dövriyyədə olan pulun miqdarını azaltmaq dünyada qəbul olunmuş praktikadır. Faiz dərəcələrinin qalxması isə əhalinin və şirkətlərin borclarını qaytarma ehtimalını azaldır. Başqa sözlə, əvvəl bankdan aldığı kreditin aylıq ödəməsi 100 manat olan şəxs, faiz dərəcələri qalxdıqdan sonra 150 manat (məsəlçün) ödəməli olacaq. Belə olan halda isə, təbii ki, şirkətlərin və əhalinin borcları üzrə müflis olma ehtimalı var. Bu ehtimal baş tutmaya da bilər. Ancaq, istənilən halda, inflyasiyadan qorunmaq üçün faiz dərəcələrinin artması kredit verilməsi və iqtisadi fəaliyyəti zəiflədəcək. Nəticədə ÜDM-də ciddi düşmə müşahidə oluna bilər.
İnflyasiyanı və faiz dərəcələrini də bir kənara qoyaq. Əlimdə konkret rəqəm olmasa da, təxmin etmək olar ki, əhalinin banklara xarici valyuta ilə olan borcu kifayət qədərdir. Nəzərə alsaq ki, əhalinin böyük əksəriyyəti maaşı manatla alır, devalvasiya nəticəsində bu borcları qaytarmaq çətinləşəcək. Əvvəl kimsə maaşının 20%-ni kredit ödənişinə verirdisə, artıq 27%-ni verməli olacaq. Bütün bunlar bank sektorunda gecikən ödəmələrə və ya defolta gətirə bilər.
Bəzi iş yerlərində ixtisarların aparılması, kiçik və orta müəssisələrin fəaliyyətinə ziyan dəyməsi (bu barədə daha ətraflı aşağıda) nəticəsində işsiz insanların sayının artmasını proqnozlaşdırmaq olar. Bu da bank sektoru üçün müsbət heç nə vəd etmir.
Yekunlaşdıraraq demək istəyirəm ki, bankların və digər maliyyə şirkətlərinin aktiv-passiv balansındakı problemlər onu deməyə əsas verir ki, maliyyə sektorunun dövlət yardımına ehtiyacı olacaq.
- İstehlakçı həvəsi (pul xərcləməyə meyl) azalacaq.
Təbii ki, qiymətlər qalxanda isanlar bir müddət çaşqınlıq içində olacaqlar. “Görək bu işlərin axırı nə olur”, “hələ bilmək olmaz qiymətlər nə qədər qalxacaq” və s. Bu, təbiidir. Bir çox iqtisadi böhranlar zamanı insanların öz gözləntilərini formalaşdırması müəyyən vaxt aparır. Belə olan halda nə baş verəcək? İnsanlar çox pul xərcləməməyə çalışacaqlar. Pulu yalnız vacib olan şəxsi istehlak əşyalarına, ərzağa xərcləyəcəklər. Bu isə növbəti problemə – bəzi kiçik və orta miqyaslı müəssisələrin bağlanmasına təkan verəcək.
- Kiçik biznes sahələrinin bağlanması, bəzi şirkətlərin müflis olması müşahidə olunacaq
Yuxarıda qeyd etdiyim kimi, bir çox yerli müəssisələrin fəaliyyəti xaricdən aldıqları xammal və avadanlıqlardan birbaşa asılıdır. Əvvəla, bəzi xırda və orta miqyaslı müəssisələr istehsalı davam etdirməkdə çətinlik çəkəcək. Digər tərəfdən, istehlakçı həvəsinin azalması onların potensial müştərilərinin sayını da azaldacaq. Gəlin kiçik turizm firmasının nümunəsinə baxaq. Devalvasiyadan əvvəl xaricə səfərlərə getmək sərf edirdi: vətəndaşlar aviabilet alarkən manatla qiymətlər çox baha başa gəlmirdi. Bundan başqa, Avropaya, Amerikaya gedəndə 1000 manat dəyişən vətəndaşımız kifayət qədər yerli valyuta ala bilirdi. İndi manat ucuzlaşandan sonra aviabiletlərin manatla qiyməti qalxacaq. Nəticədə daha az vətəndaşımız xariə gəzməyə gedəcək. Bu, yuxarıda qeyd etdiyimiz turist şirkətinin gəlirlərinə birbaşa təsir edəcək. Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, insanlar vəziyyət stabilləşənə qədər daha çox vacib olan mallara pul xərcləyəcəklər. Səyahət, bahalı avtomobil və digər lüks mallara (luxury goods) tələbat azalacaq. Beləliklə, kapitala rahat çıxışı olmayan kiçik və orta müəssisələr ziyan çəkəcək.
- Mənzillərin qiyməti orta və uzunmüddətli dövrdə aşağı düşəcək
Yuxarıda qeyd etmişdim ki, inflyasiya qiymətlərin artmasına gətirəcək. Bu, tikinti sahəsindən də yan keçməyəcək. Fikrimcə, mənzillərin qiyməti yaxın gələcəkdə ya stabil qalacaq, ya da bir az qalxacaq. Lakin inflyasiyanın ilkin təsir dalğası keçdikdən sonra, mənzillərin qiyməti düşəcək.
Neçə illərdir ki, Bakıda tikinti bumunun yaşandığını görmək üçün iqtisadçı olmaq lazım deyil. Son illər maliyyə sektorunun inkişafı, əhalinin nominal gəlirlərinin artması, tikinti sektorunda təklifin artması və digər faktorlar mənzillərin qiymətinin qalxmasına təkan vermişdi. Fikrimcə, indinin özündə də Bakıda daşınmaz əmlak “köpüyü” (“property price bubble”- daşınmaz əmlakın qiymətinin fundamental iqtisadi səbəblərdən kənar qalxmasına deyilir) mövcuddur. Yazının girişində də qeyd etdiyim kimi, artım daimi ola bilməz. Adətən, bu tip iqtisadi şokdan sonra aktivlərin qiyməti düşür.
Mexanizm isə sadədir. Banklara borcu olan insanlar, dolanmaqda çətinlik çəkən şəxslər öz evlərini satmağa məcbur olacaqlar. Nəzərə alsaq ki, orta təbəqənin bir qisminin (kiçik bir qismi) ikinci mənzili də var, o zaman satılmağa çıxarılan evlərin sayı artacaq.
Digər tərəfdən, əhalinin real gəlirlərinin azalması, qiymətlərin bahalaşması mənzil alışına tələbi üstələyəcək. 1-ci kurs iqtisadiyyat kitabına əsasən, təklif tələbi üstələyəndə qiymətlər enir.
- İlin sonuna doğru üzən valyuta məzənnəsinə və inflyasiyanın hədəflənməsinə keçid olacaq
Sevimli iqtisadçılarımdan biri olan Frederik Mişkin yazır ki, inkişaf etməkdə olan ölkələrdə valyuta məzənnəsinin sabit olması (fixed) inflyasiya ilə mübarizə üçün kömək etsə də, maliyyə böhranlarının olma ehtimalını da artırır. Bunun səbəbi kimi müəllif inkişaf etməkdə olan ölkələrdə bank sektorunda uyğun keyfiyyətli nəzarətin olmamasını göstərir. Üzən valyuta məzənnəsi isə, investorlara, hökumətə vaxtında düzgün siqnallar göndərə bilər.
Elman Rüstəmov bir neçə gün öncə gələcəkdə inflyasiya hədəfləməsinə keçəcəyimizi demişdi. Fikrimcə, bu, doğru addım olardı. İndiki şəraitdə valyutanı üzən edib, daha çox qiymət tənzimləməsinə çalışmaq daha effektiv olacaq.
Nə etməli?
Bu olanalrdan sonra bir şey dəqiqdi: Bu gün hökumətin aktiv iqtisadi siyasətinə heç vaxt olmadığı qədər ehtiyac var. Burada bir neçə məqamı vurğulamaq lazımdır. Əvvəla, dövlət bankların, maliyyə sisteminin yanında durmalı, ehtiyac olan anda bank sisteminə yardım əlini uzatmalıdır. Bu, iqtisadi depressiyanın baş almaması üçün vacib olacaq. Mənfi tərəfi kimi iqtisadiyyatda “moral hazard” termini ilə ifadə olunan məsələni göstərmək olar. Bu ifadə ona ehyam edir ki, banklar riskli addımlar atdıqca dövlət tərəfindən xilas olunduğunu görüb, gələcəkdə yenə də eyni şeyləri təkrar edə bilər. Ancaq, fikrimcə, yuxarıda sadaladıqlarımın çoxu baş verərsə, iqtisadiyyatı depressiyadan çıxarmaq üçün buna getməyə dəyər.
Bundan başqa, hökumət kiçik və orta biznesə daha çox kreditlər ayırmalı, dotasiyalar, vergi güzəştləri verməlidir. Kiçik və orta müəssisələr iqtisadiyyatın mühərriki olmalıdır.
Qiymət artımı baxımından, dövlət inhisarçılara daha çox nəzarət etməli, qiymətin süni artımının qarşısını almalıdır. Təəssüf ki, bugün bir çox sahələrdə inhisar (monopoliya) mövcuddur. İnflyasiya olmamış belə ölkəmizdə bəzi malların qiyməti həddindən artıq baha idi. Heç olmasa indi, qiymətlərin artdığı bir şəraitdə inhisarçılara qarşı daha sərt mübarizə aparmaq, bazarda süni qiymət artımının qarşısnı almaq taleyüklü məsələdir.
Yekun söz
Amerikalı iqtisadçı John Galbraithın çox sevdiyim bir fikri var: “İqtisadi proqnoz verənlərə qulaq asanda adamın astrologiyaya hörməti artır” (The only function of economic forecasting is to make astrology look respectable).
Bu fikirdə vacib həqiqət odur ki, dəqiq iqtisadi proqnoz vermək çox çətin məsələdir. Çünki, belə iqtisadi böhran zamanı proqnozlar çox asanlıqla alt-üst ola bilər.
Yuxarıda yazdıqlarım dünya iqtisadiyyatında baş vermiş krizislərin ortaq cəhətlərindən götürülmüş proqnozlardır. Ancaq istər inkişaf etmiş ölkələrdə, istərsə də inkişaf etməkdə olan ölkələrdə iqtisadi böhranlar zamanı iqtisadi qanunlardan daha çox siyasi iradə işləyir. Yazının əvvəlində qeyd etdiyim kimi, ölkə rəhbərliyinin reaksiyasından çox şey asılıdır. Prezidentin yerində verdiyi hər hansı siyasi və ya iqtisadi qərar yuxarıdakı ssenariləri əsassız edə bilər. Qeyd etdiyim neqativ proseslər yalnız heç bir əsaslı addım atılmasa baş verəcək…
23.02.2015