Ədəbiyyat elə bir sahədir ki, hər bir şey onun dilində danışır. Həyatda mövcud ola biləcək hər şeyə aid ədəbiyyat yaratmaq olar. Bu dəfə özü və əsərləri haqqında danışacağımız yazıçı da çox maraqlı metod seçib. O, əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan əsərlər ərsəyə gətirib. Yazıçı, jurnalist, musiqiçi Dan Braun.
Dan Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Dan riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası riyaziyyatçı, anası isə musiqi müəlliməsi olub. Maraqlıdır ki, əsas fəaliyyət sahəsi yazıçılıq olan Dan, təhsilindən sonrakı ilk illərdə musiqi karyerası qurub. İfa etdiyi mahnıların söz və musiqisini isə özü yazıb.
Bu yazımızda sizi Dan Braun`un romanları ilə tanış edəcəyik. Vaxt itirmədən başlayaq, amma onu da unutmayın ki, bu yerdən sonra yazılanlar romanlar haqqında az da olsa spoyler verə bilər.
1. “Rəqəmsal qala” – detektiv roman, 1998. ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz, lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir. Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır, lakin o çox da uzaqda yox, elə burada, Milli Təhlükəsizlik Agentliyinin içindədir.
2. “Mələklər və iblislər” – roman, 2000. “İllüminati” orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? “Harvard”dan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəf müqabili öz şəxsi araşdırmalarına başlayırlar və tezliklə inanılmaz nəticələr əldə edirlər.
3. “Yalan nöqtəsi” – roman, 2001. Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadığını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir, ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə, onlar tapıntının sirrini açmağa çox yaxınlaşıblar?
4. “Da Vinçi şifrəsi” – triller, detektiv, 2003. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdiri Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitabı bir çox xristian məzhəbi Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirdi və bir çox ölkədə qadağan edildi, ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə çevrilərək ən çox satanlar siyahısında öz yerini aldı. 2006-cı ildə “Columbia Pictures” əsərin eyni adlı filmini ekranlaşdırdı.
5. “İtirilmiş simvol” – detektiv, 2009. Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül, təhlükəli səyahət.
6. “Cəhənnəm” – detektiv, 2013. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər “Mələklər və iblislər”, “Da Vinçi şifrəsi” və “İtirilmiş simvol” romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə “Doubleday” nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində “New York Times Bestseller” siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir.
7. “Başlanğıc” – triller, detektiv, 2017. “Robert Lenqdon” seriyasının beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə “Doubleday” nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Qeyd edək ki, hər yeddi roman Azərbaycan dilinə tərcümə olunub. Oxuyub, faydalana bilərsiniz.