25 aprel 1986-cı ildə dünya ən böyük faciələrindən birini yaşadı. Ukraynanın Çernobıl şəhərində yerləşən atom stansiyasının 4-cü enerji blokunda baş verən qəza bir çox insanın həyatına son qoydu. Gələcək nəsillərə böyük fiziki damğalar vurdu. Həqiqətən təsir gücü və əhatə dairəsinə görə Çernobıl qəzası XX əsrin ən dəhşətli faciələrindən biridir. Hələ də Ukrayna və Belorusiyada radiasiyanın təsiri nəticəsində anormal və xəstə uşaqlar doğulur. Bu haqda çox yazılıb, çox danışalsa da söz-söhbətlər, miflər səngimək bilmir. Çünki SSRİ və ABŞ rəhbərlərinin həmin vaxt şübhəli davranışları buna əsas verir. Bəzi mülahizələrə görə burada SSRİ-nin gizli silahı olmuşdur. Bundan başqa bu hadisəni ABŞ-ın diversiyası hesab edənlər də var. Ukraynanın özündə bəziləri SSRİ-nin Çernobılda yeraltı gizli laboratoriyalarda keçirdiyi dəhşətli eksperimentlərin məntiqi nəticəsi kimi izah edirlər. Bəs əslində Çernobılda həmin vaxt nə baş vermişdi.
25 aprel gecəsi Lenin adına Çernobıl atom stansiyasının 4-cü enerji blokunda növbətçi mühəndis dəstəsi reaktorda sınaq aparırdılar. Qeyd edilir ki, bu sınağa qədər reaktorda 3 dəfə sınaq aparılsa da hamısı uğursuz olmuşdur. Reaktorun soyudulması zamanı birdən-birə yüksələn istiliyin qabağını almaq mümkün olmadıqda baş mühəndisin kəskin xəbərdarlığına baxmayaraq işçilərdən biri “Qəza həyəcanı” düyməsini basır. Bu isə ən böyük səhv idi. Partlayış nəticəsində külli miqdarda radiasiya külü atmosferə sovrulur. Amma SSRİ rəhbərliyi ətrafda yaşayan insanlara heç bir xəbərdarlıq etmir. Qəzadan 8 saat sonra Almaniya höküməti öz ərazisində radiasiya əlamətləri aşkarlayır. Dərhal ölkənin atom obyektləri yoxlanılır, lakin heç bir sızıntı aşkarlanmır. Ən qəribəsi budur ki, ABŞ prezidenti Reyqan həmin vaxt qəza barədə xəbərdar idi. Avropanın şübhələri və ABŞ-ın ittihamları nəticəsində qəzadan 36 saat sonra SSRİ qəzanın baş verdiyini etiraf edir. Bu vaxt artıq radioaktiv kül İslandiya adasına çatmışdı. Aprelin 27-si SSRİ rəhbərliyi stansiya ətrafında olan kəndləri, Çernobıl və Pripiyat şəhərlərinin əhalisini 48 saat ərzində evakuasiya edir. Ümumilikdə evakuasiya 2001-ci ilə kimi davam etmiş, 5 milyona yaxın insan köçürülmüşdür. 30 kilometr radiusda olan ərazi radioaktiv zona kimi qapadılır. Həmin gün baş mühəndis olmuş Dyatlov 10 il həbs cəzası alır. Lakin o həm məhkəmədə, həm də sonralar özünün yazdığı kitabında günahkar olduğunu boynuna almır. Dyatlov qəzanın reaktorda olan texniki səhv ucbatından baş verdiyini irəli sürür.
Qəzanın elan olunmasından sonra SSRİ rəhbərliyi əhalinin diqqətini 1 may bayramına yönəltmək istəsə də əraziyə çoxlu reportyor axını başladı. Elə şübhələr də bundan sonra başladı. Çernobıla buraxılmış ilk xarici müxbir Fil Donaxyo Çernobılda Kopaçi kəndi yaxınlığında keçərkən uzaqda meşənin içərisindən göyə yüksələn nəhəng obyekti görəndə heyrətini gizlədə bilmir. “Bu nədir?” sualına DTK işçisi gülməli cavab verir-“Tikintisi yarımçıq qalmış mehmanxana”. Lakin bu obyekt möhkəm beton blok üzərində paslanmayan poladdan hazırlanmış antena idi.
Hündürlüyü 150 metr, uzunluğu isə 400 metr olan “Duqa-2” antenası sovet kosmos elminin mirvarisi hesab olunurdu. Tam məxfi sayılan hərbi obyektin tikintisinə atom stansiyasının tikintisindən qat-qat çox düz 7 milyard rubl sərf olunmuşdu. Antena qitələrarası ballistik raketləri izləmək imkanı verirdi. Antena ilk dəfə işə salınarkən ABŞ sahillərini də izləməsi hərbçiləri bərk heyrətləndirmişdi. Bu cür nəhəng antena hələ indiyə qədər tikilməyib. Antena aşkarlanarkən müxtəlif söz-söhbətlər yayıldı. Birincisi antena ətrafı qəza baş vermiş yerdən daha sərt qorunurdu. İkincisi müəyyən olundu ki, bu cür nəhəng obyekti fasiləsiz enerji ilə yalnız atom stansiyası təmin edə bilər. Bu da atom stansiyanın nə üçün tikilməsi məqsədini ortaya qoyurdu. Digər tərəfdən meşənin dərinliklərində tikilmiş bu antenanın ətrafında Ukraynanın özündə də bilmirdilər ki, Çernobıl-2 şəhəri yerləşir. Həmin şəhərdə obyektdə işləyən hərbçilər, mühəndislər və alimlər yaşayırdılar. Ukraynanın özündə bir çoxları belə hesab edirki, əslində bu obyekt SSRİ-nin yeni silahıdır. Hansı ki, insanın beynini və düşüncəsini idarə etməyə imkan verir. Bu ideyadan bəhrələnən GSC kompaniyası “Stalker” adlı komputer oyunları seriyasını yaratdı(bax: Stalker-Clear Sky, Shadows of Chernobyl, Call of Pripiyat).
Bu ideyanı müdafiə edənlər belə bir iddia irəli sürürlər ki, ABŞ bu silahdan xəbərdar olanda diversiya həyata keçirərək stansiyanı partlatmışdır. Daha bir iddia isə Duqa antenasının hələ də işləməsi fikridir.
Çernobıl faciəsindən sonra SSRİ rəhbərliyi antenanın fəaliyyətini dayandırdı. Amma hələ də radioaktiv zəhərlənmə zonasında nələrin baş verdiyini bəşəriyyət tam bilmir.
Ukrayna höküməti 2001-ci ildə turistlərin Çernobıl və Pripiyat şəhərlərinə girişinə icazə verir. Amma bu vaxta qədər qorunan əraziyə gizli keçən maroderlər çoxlu metal tullantılarını oğurlayaraq satırdılar. Antena ətrafına gizli gedən, özlərinə stalker adı verən və turistlərə bələdçilik edən şəxslər bir sıra foto şəkilləri ortaya qoydular. Sonralar əraziyə giriş qadağan edilir. Dağılmış enerji blokunun üstündə tikilmiş beton sarkofaqda sızıntı aşkarlandığı üçün hal-hazırda metal konstruksiyalı örtük hazırlanır.