Tarixdə bu gün, yəni 16 mart məhşur pianoçu, bəstəkar, caz-muğamın banisi Vaqif Mustafazadənin anım günüdür.
16 mart 1940-ci ildə Bakı şəhərində İçəri şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Onun həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.
Vaqif Mustafazadə yaradıcılığı:
1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” adlı trio yaradır.
1970-ci ildə “Leyli” vokal kvartetini yaradır.
1971-ci ildən 1977-ci ilə kimi “Sevil” vokal-instrumental qrupuna başçılıq edir.
1977-ci ildən 1979-cu ilə kimi “Muğam” instrumental qrupuna başçılıq edərək “Tallin-66” və “Tbilisi-78” caz festivallarının laureatı olmuşdur.
1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında “Əzizəni gözləyirəm” musiqisinə görə birincilik mükafatı almışdır.
1979-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, forte-piano konsertlərinin, “Muğam” simfoniyası və başqa forte-piano şedevrlərinin müəllifidir.
Bundan əlavə Vaqif Mustafazadə haqqında bir çox ədəbiyyatlarda,qəzet və jurnallarda məqalələr çap olunub, onun həyat və yaradıcılığı haqqında araşdırmalar aparılıb.
Jurnallarda: 1. V. Aslanoglu. “Onlar üç yoldaşdı”. “Gobustan” incəsənət toplusu, N2, 1972; 2. “Caz-Forum” jurnalı (Polşa) N54, 1978.”Vagif Mustafazadə oxşarsız dəsti-xətti olan pianoçudur. O özünün özəl Azərbaycan çalarlı cazını yüksək ustalıqla ifa edir”. Polşa, caz musiqiçisi P. Brodovski; 3. “Caz-Forum” jurnalı (Polşa), N64, 1980. “O dahi sənətçi və böyük insan idi” (V. Mustafazadənin anası Zivər-xanıma P. Brodovskinin məktubundan); 4. V. Səmədoğlu. “Azerbaijan international” (ingilis dilində). 1997 (5,4) 72-74; 5. T. Məmmədəlieva. “V. Mustafazadə”. “Musiqi dünyası”, N1, 1999. səh. 138-139.
Kitablarda: 1. Anar. “Ulduzlara bir az yaxın kitabından: “Tikmişəm izim qala (esse)”. Bakı, “Yazıçı”, 1986, səh. 428-435 (rus dil.)
“V. Mustafazadə gələcəyin özəlliyidir, lakin artıq bu gun musiqi sənətimizin heyranedici olayı və onun təkcə Azərbaycanın deyil, (miqyas bizi qorxutmasın!), dünya musiqi mədəniyyətinə gətirdiyi əvəzsiz zənginliklər haqda cəsarətlə danışmaq olar”.
“Vagif Mustafazadə möhtəşəm musiqili qala ucaltmışdır. Bu qala onun yer kürəsində izidir. Zamanın heç zaman pozub silə bilməyəcəyi izdir”.
2. R. Fərhadov. “Vagif Mustafazadə” (rus dilində). Bakı, “Işıq”, 1986.
Görkəmli amerikalı caz pianoçusu və musiqi tənqidçisi Uilyam Konover:”Bu pianoçuya rəqib tapmaq çox çətindir. O, müasir caz dünyasının ən lirik pianoçusudur”.
Bəstəkar Rauf Hacıyev:”Bu insan haqqında cild-cild kitablar yazılasıdır”.
Tanınmış caz pianoçusu Rafiq Babayev:”Vagif Mustafazadə caz sənətinin ən böyük ustadları haqqında deyiləcək və deyilə biləcək sözlərə layiqdir”.
3. R. Hüseynov. “Min ikinci gecə” kitabından:”Başqa günlərin Vaqifi” (esse). Bakı, “Işıq”, 1988, səh. 299-318.
Isveç pianoçusu B. Yuxansson: “Onun musigisindən qədim Şərq melodiyalarının ətri gəlir. Bu Şəhrizadın 1002-ci gecədə söylədiyi nağıla bənzəyir”.
Vaqif Mustafazadə Moskvada, Pribaltikada, Tbilisidə, nə fərqi, lap dünyanın istənilən yerində yaşaya, mahir pianoçu ola bilərdi. Ancaq həmişə, sona qədər sırf azərbaycanlı olaraq qalacaqdı. Tək ad-familiyasına görə yox sənətin yönü, çalğısının ruhu ifasının ən xırda cizgiləriylə o, təpədən dırnağadək azərbaycanlıydı.