Əraf cənnətlə cəhənnəm arasında uca divar şəklində maneə kimi təsəvvür edilir. Cənnət və cəhənnəm əhli bu divarın arxasından bir-birini görməyəcək, amma bir-birinin səsini eşidə biləcək (həyət qonşuları kimi).
Bəzi rəvayətlərə görə, qiyamət günündə peyğəmbərlər və imamlar, xalis möminlər və şəhidlər həmin divarın üzərində durub ümmətin əhvalına baxacaq, bəzi insanlara şəfaət edəcəklər. Qurani-kərimdə buyurulur: “Onların ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında pərdə və əraf üzərində isə insanlar vardır ki, onlar hamını üzündən tanıyıb cənnət əhlinə: “Sizə salam olsun!” – deyə, müraciət edərlər. Bunlar çox istədiklərinə baxmayaraq, hələ ora (cənnətə) daxil olmamış kimsələrdir. Onların nəzərləri cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” – de-yərlər. Əraf əhli üzdən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” – deyəcək” (Əraf, 46-48).
Ərəb dilindən tərcümədə “yüksəklik, təpə, bel” mənalarını verən “ürf” sözünün cəmidir. Ərəblər atın yalına və xoruzun pipiyinə də (bədənin yuxarı hissəsində yerləşdiyinə görə) ürf deyirlər.
Bəzi rəvayətlərə görə isə, əraf xüsusi bir yerdir ki, nə cənnətə, nə də cəhənnəmə layiq olmayan adamlar ora aparılacaqlar. Məsələn, yetkinlik yaşına çatmayan, günahı və savabı hesaba alınmayan uşaqlar, əqli cəhətdən nöqsanlı insanlar, savabı ilə günahı tam bərabər gələn adamlar və s. Ərafda nə cəhənnəm əzabı, nə də cənnət ləzzəti var. Əraf bunların arasında fərqli bir şəraitə malik məkandır. Yuxarıda adları çəkilən təbəqələr ərafda adi qaydada ömürlərini sürəcəklər.
Alimlərin bəziləri bu iki nəzəriyyəni birləşdirməyə çalışmış və belə bir fikir irəli sürmüşlər ki, qiyamət günündə yüksək dərəcəli möminlər çox sürətlə cənnətə daxil olacaqlar. Bunlardan daha aşağı səivyyədə olan şəxslərin isə cənnətə buraxılmaları yubadılacaq. Onlar öz əməllərinə müvafiq olaraq bir müddət ərafda qalmalı olacaqlar. Yəni günahları nisbətən çox olan möminlər ərafda müvəqqəti saxlanılacaqlar. Sonra onlara yenə öz dərəcələrinə uyğun olaraq cənnətə daxil olmaq icazəsi veriləcək. Ümmətin başçıları və seçilmiş üzvləri də bu cür insanları tək buraxmamaq üçün ərafda onlarla bir cərgədə duracaqlar. Adi həyatda da çox zaman qoşunun körpüdən və sair maneələrdən keçidi zamanı sərkərdənin ən son cərgədə durduğunu və körpünü ən axırda keçdiyini görürük. Müqəddəs şəxslər də öz günahkar dindaşlarını tək buraxmamaq üçün ərafda onların yanında olacaqlar (Təfsiri-nümunə, VI, 189-190).