“Bütün işlərimlə yanaşı, fikrim zikrim xalqımı xoşbəxtliyə,
işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır.”
H.Z. Tağıyev
Dünyada sərvətindən xeyriyyə məqsədi ilə istifadə edən insanlar hər zaman böyük sevgi və qürurla xatırlanırlar… Azərbaycanın xeyirxah şəxsiyyətlərindən bir də Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun ölkəmizə, vətəndaşlarımıza etdiyi xeyirxahlıqlar illər keçsə də, unudulmur. Həyatı, fəaliyyətləri ilə hər bir insana nümunə ola biləcək şəxsiyyətdir.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə 25 yanvar tarixində Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlmişdir. 10 yaşında ikən anası Ümmü xanım dünyasını dəyişir. Uşaqlığı olduqca kəşməkəşli keçmişdir. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.
O, halal zəhməti ilə özünə müəyyən qədər var dövlət toplayır. Bir neçə ildən sonra uzaqgörən Zeynalabdin torpaq almaq qərarına gəlir və öz niyyətini həyata keçirir. 1873-cü ildə alın təri ilə qazandığı pulla dövlətdən torpaq sahəsi alaraq burada neft quyulan qazmağa başlayır. Hacı iki il yenə sərasər zəhmət çəkir, gecə-gündüz işləyir, fəqət ruhdan düşmür, niyyətindən dönmür. Nəhayət, tale bu genişqəlbli, əməksevər insanın üzünə gülür – quyulardan neft fontan vurur. Beləliklə, kasıb Zeynalabdin əməksevərliyi, qənaətcilliyi və uzaqgörənliyi sayəsində milyonçu olur.
Lakin H.Z.Tağıyev milyonçu olduqdan, əli sərvətə çatdıqdan sonra da keçmiş həyatını unutmur, özünü xalqdan ayırmır. Əksinə taleyindən razılıq edir ki, həyatda savab işlər görməyə maddi imkanı vardır. O, həyatının mənasını ətrafındakı kasıb insanlara əl tutmaqda, var-dövlətinin müəyyən hissəsini xalqının inkişafına, maariflənməsinə sərf etməkdə, gözəl binalar tikdirməkdə görürdü. H.Z.Tağıyev yazırdı: “Bütün işlərimlə yanaşı, fikrim zikrim xalqımı xoşbəxtliyə, işıqlı gələcəyə, tərəqqiyə çatdırmaqdır. Məqsədə yetmək üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib hər yerə – uzaq şəhər və kəndlərimizə göndərilməlidir”. Bu sözlər heç bir institut qurtarmayan, heç bir diplom almayan Hacının nə qədər tərəqqipərvər, nə qədər işıqlı bir insan olduğunu təsdiqləyir. Belə mütərəqqi ideyalarla, xoş arzularla yaşayan H.Z.Tağıyev çoxlu xeyirxah əməllər sahibidir. O, xalqı üçün, ələlxüsus da həmvətənlərinin maariflənməsi naminə əlindən gələn heç nəyi əsirgəməmişdir.
H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbi tikdirmişdir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.
Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də ilk növbədə Tağıyevin adı ilə bağlıdır. Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərmiş, Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkmişdir. O, Mərdəkanda 50 şagirdlik məktəb tikdirmiş, 1901-ci ildə Bakıda qız məktəbinin açılmasına 5 milyon qızıl pul sərmayə qoymuş, 1919-cu ildə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) açılmasına maddi yardım göstərmiş, Bakıda ilk teatr tikdirmişdir. Bundan başqa, o, Azərbaycan dilində kitablar nəşr etdirmiş və həmin kitablan uşaqlara pulsuz paylatdırmışdır. Hacı həmçinin, 25-dək qəzetin və jumalın nəşrinə də himayəçilik etmişdir. Böyük xeyriyyəçinin savab əməllərindən biri də onun şəxsi vəsaiti hesabına Bakıya Şollar su kəmərini çəkdirməsi olmuşdur. Bu kəmər indi də paytaxtımızın içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayır. Bakı şəhərinin küçələrini bəzəyən bir çox binalar da Hacının yadigarıdır. Onun əsl memarlıq nümunəsi olan şəxsi mülkündə isə hazırda Azərbaycanın Tarix Muzeyi yerləşir.
H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi.
Sovet hakimiyyətinin Azərbaycanı işğalı zamanında Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçmişdir.
Pakistan və Azərbaycanın yaxın qardaşlıq əlaqələri də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılır. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Bu gün də 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxuyur.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər. Nəriman Nərimanovun köməkliyi ilə Bakının “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində onunla bağlı nekroloq çap edilmişdir.
H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi.
Yaxşılıq itmir, indi böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmiş, böyük xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları, diplomlar təsis edilmişdir.