Qonşusuna borcu olan bir nəfər gecə yerində o tərəf-bu tərəfə çevrilir, gözünə yuxu getmir. Arvadı da nə qədər çalışsa da, kişi elə hey, “Sabah borcumu qaytarmalıyam, bilmirəm ona nə deyəcəm”, deyir. Axırda arvad durub bayıra çıxır və çox keçmir geri qayıdır. Kişi ona hara getdiyini soruşanda, qonşuya söz deyib qayıtdığını bildirir. Kişi: “Axı sən ona nə dedin?”, deyə soruşur. Arvad cavab verir: “Dedim ki, ərim sabah pulu qaytarmayacaq. Qoy onlar da yata bilməsinlər”, deyə cavab verir.
Zənginlər və kasıblar arasındakı əsas fərq nədir? Niyə kiçik bir insan qrupu günü-gündən varlandıqları halda, kasıblar günlər ötdükcə daha da kasıblaşır. Artan kredit borcları, yüksələn infilyasiya həddi, bahalaşan mallar, yeni yaranan ehtiyaclar insan həyatının sosial statusuna bu qədər dərindənmi təsir edir?
Həqiqi rifah, əslində həyatın bolluğunun fərqinə varmaqdır. Hər bir insanın özünə xas rifah, zənginlik ölçüsü vardır. Buna görə də, pul qazanmaq bolluq şüurunun əsas elementlərindən biri olmasına baxmayaraq, rifaha malik olmaq, heç də böyük bir sərvətə malik olmaq demək deyildir. Həqiqi rifah, daxili hakimiyyətlə başlayır ki, bu da həyatın hər sahəsinə zənginlik gətirir. O zaman axtardığımız şey, içimizdəki gücün varlığını dərk edərəcəyimiz həqiqi rifah şüuru və daxili hakimiyyətdir.
Bir çox insan həyatın onlara əks olmasını düşünməyə vərdiş etmişdir. Əslində isə həyat bizi sevir və ən yaxşısına sahib olmağımızı istəyir. Həyatımıza hakim olmağa kömək edəcək düşüncələrimiz olarsa, rifahımızın gedərək yüksəldiyini müşahidə etmiş olarıq. Zənginlik, bir nəfəs qədər təbii şeydir. Həyat bizə yaxşını və pisi birlikdə təqdim edir, geridə qalan bizim seçimimizdən asılıdır. Bizim üçün yaxşı olanı qəbul edib, bizdə anadangəlmə olanı – həqiqi mənliyimizi ortaya çıxarmış olacayıq.
İnsan dünyaya azad gəlir, ancaq günlər ötdükcə qorxuların əsirinə çevrilir. Anadan olanda cəmi iki qorxumuz olur- yıxılmaq qorxusu və yüksək səsdən qorxu. Digər qorxuları isə öyrənirik. Maliyyə zəkası da qorxuların təsiri altında ya inkişaf, yaxud da tənəzzül edir. İnsanlar pulsuz qalmaqdan qorxarlar. “Nə yeyərəm, nə içərəm, mənə kim kömək edər və s.” kimi düşüncələr, qorxuların təsirindən yaranır. Məşhur bestseler yazar Robert Kiyosaki yazır: “İnsanlar qorxunu içlərində duyar, işə gedər, pulun qorxunu yatırmasına ümid edərlər, amma olmaz. Köhnə qorxuları xortlayar, yenidən işlərinə dönər, yenidən puldan kömək umarlar, ancaq olmaz. Bu işləmə, pul qazanma, işləmə, pul qazanma tələsində yox olacağını ümid etdikləri qorxu onları ələ keçirmişdir. Səhər yuxudan oyananda əvvəlki qorxuları ilə baş-başadırlar. Milyonlarla insanın gecə gözünə yuxu gəlməz, alt-üst olar, qayğılanırlar.”
İnsan yüksəldikcə, yıxılma qorxusu da onunla bərabər yüksəlir. Daha çox qazandıqca, əlində olanları itirmək qorxusu da güclənir. İnsanın maliyyə uğurları, zehnindəki limitlərlə məhdudlaşır. İnsan, sadəcə zehninin imkan verdiyi həddə qədər yüksələ bilir.
İnsanın rifahını və xoşbəxtliyini hədəfləyən və bu sahədə bir çox üsullar meydana gətirən bütün fərdi inkişaf təlimləri – Neyro Linqvistik Proqramlaşdırma (NLP), Kvant Düşüncə Texnikası və s. – insanlara düşüncələrinə nəzarət etməyi və beyinlərini əldə etmək istədikləri istiqamətdə proqlamlaşdırmağı təklif edərkən yanılmırlar. Lakin, bir çox insan bu texnikalardan yararlanmağa çalışsa da, oradakı fəlsəfəni tam dərk edə, nail olmaq istədiyi vəziyyətə qovuşa bilmir. Ya, pul əldə etməyi müxtəlif şərtlərə bağlayır, ya düşüncə gücü ilə pulu həyatlarına çəkə bilsələr də, onu qəbul edə bilmir, ya da özlərini arzuladıqları zənginliyə layiq bilmirlər.
Məsələn, “geyim dükanı açaram, maliyyə vəziyyətim yaxşılaşar” kimi düşünən insan öz rifahını şərtə (geyim dükanı) bağlayır. Həyatında qarşısına çıxan fürsətləri dəyərləndirə bilməyən insanlar, rifahı qəbul edə bilməyənlərdir ki, burada ona mane olan başlıca səbəblər onun qorxularıdır. Əksər insanlar isə, özlərini mövcud sosial vəziyyətlərindən qat-qat artıq olan bir həyatda təsəvvür edə bilmirlər. Köhnə Lada avtomobilində gəzən insan, özünü xəyalında belə lyuks avtomobildə görə bilmir, çünki özünü ona layiq bilmir. Belə xəyallar gəldikdə isə dərhal onları qovmağa çalışırlar. Bunun səbəbi isə bəsitdir. Uşaqlardan bəri hər birimizə dərin kök atmış bir düşüncəni xatırlasaq məncə hər şeyə aydınlıq gələr: “Real düşünmək lazımdır, xəyalpərvər olma!”
Mövzu barədə kitablar həsr etmək mümkündür, ancaq həcm məhdudiyyəti səbəbindən bu yaxınlarda baş tutmuş kiçik bir dialoqu nəzərinizə çatdırmaqla, məqaləni yekunlaşdırmaq istəyirəm. Bir dəfə verdiyim seminarların birində bir oğlan mənə həyatını gileyləndi. Mən onu diqqətlə dinləyib, ona hədəflərinin nə olmasını aydınlaşdırmaq üçün belə bir sual verdim: “Bu həyatda nəyə nail olmaq istəyirsən?” O isə cavabında, “Çoxlu pul qazanmaq istəyirəm”, dedi. Cavab məni təəccübləndirmədi, çünki bu cavabı mən tez-tez alıram. Nə qədər pula sahib olmağı hədəflədiyini soruşduqda isə duruxdu və böyük çətinliklə “çox, əlli min, yüz min” şəklində dəqiqləşməmiş bir məbləği dilə gətirdi. Mən hədəfləri dəqiqləşdirməyə və yaxşı dizayn etməyə hesablanmış NLP texnikalarına keçmədən (çünki zamanım məhdud idi), ona bir cümlə ilə cavab verdim: “Düşüncələrini dəyiş! Zənginlər kimi düşünməyə başlamalısan.” O mənə düşüncələrində problem olmadığını, zənginlər kimi düşündüyünü söylədi. Həqiqətən də dediklərini müşayət edən duyğular, onun kifayət qədər verdiyi cavaba əmin olduğuna işarə edirdi. Bu dəfə mən sualı “astar üzünə” çevirdim: “Düşünürsən ki, zənginlər SƏNİN kimi düşünür?” Bu sual onun əhvalının birdən-birə dəyişməsinə səbəb oldu. Dərin bir fikrə getdi və az qala pıçıltı ilə “yox” cavabının onun dodaqlarından qopduğunu hiss etdim.
Babək Bayramov
NLP Master, Biznes Trener, Fərdi İnkişaf Ustadı, yazar