Əslində ilk dəfə Beynəlxalq Biznes Maşını haqqında eşidəndə bunun hər hansı bir production olduğunu düşündüm. Yaxud Beynəlxalq Biznes Mərkəzini kimsə səhv səsləndirmişdi. Beynəlxalq Biznes Maşını nə idi? Nə işə yarayırdı o? Insanlara kömək edən bir şey olduğunu beynimdə dəqiqləşdirmişdim. Və illərimi onun haqqında öyrənməyə sərf etdim. 1 il keçmədi, 5 il keçmədi, 10 il keçmədi. Cəmi bir neçə saniyə sonra sözün ingiliscəsini düşündüm. İnternational Business Machin. İnternational Business Machines olaraq dəyişir. Yenə eyni tərcümə, amma bu dəfə baş hərflər diqqətimi çəkir.

IMB nədir?

Bəli, IBM qısaltması mənə o qədər də yad deyil. Hələ bu logo heç yad deyil. Evimizə ilk girən kompüter IBM şirkətinin olub. Funksionallığını, rahatlığını heç bir digər kompüterlərlə müqayisə edə bilmərəm. Çünki heç başqa kompüter işlətməmişəm. Uşaqlığımda da o idi, indi də odur. Məndən cəmi 1 yaş böyükdür. Evdəki hamı o kompüterdən böyükdür və onu tullamağı məsləhət görür. Amma mən böyüyə hörmətimdən bu fikirlə heç cürə razılaşa bilmirəm.

O möcüzələr yaradır. İlklərə imza atır. Süni intellekt yaradır. İnsan dilini getdikcə anlaya bilən komyuteri “Watson” Amerikada bilik yarışmasının qalibi oldu. Və həm də hamımızın dilinə əzbər yapışan dünya şahmat çempionu Gary Kasparovu məğlub edən kompüter də IBM şirkətinə məxsus idi. “Deep Blue” adlı kompüter bütün yanıqlı şahmatçıların arzularını yerinə yetirmişdi.

NASA-ya quraşdırılan ilk kompüter IBM-ə məxsus idi. Burada o qədər də qeyri-adi bir şey yoxdur. Hissələri Amerika Beynəlxalq Muzeyində saxlanılan ilk kompüter 30 tonluq ENIAC –dan sonra istehsal olunan ilk kompüterlər IBM istehsalı idi. Yox, bunlar sizin istifadə etdiyiniz masaüstü kompüterlər deyildilər. Onlar superkompüterlərdir. Superkompüterlər saniyədə 200 ədəd kompüterin görə biləcəyi işi görür. Bu gün bu superkompüterlərin ən son inkişaf mərhələsinə bunu misal çəkə bilərəm: ALMA proyekti daxilində Atakama çölünə quraşdırılan 66 ədəd radio teleskopa nəzarət edən superkompüter, 1 saniyədən də az vaxta həmin 66 radio teleskopu 2 dəfə yoxlayır. Beləliklə saniyədən az müddətə 132 radio teleskopu yoxlamış olur. Ki, bu interformetr xarakterli radio teleskoplar Hubble teleskobundan daha çox işə yarayır. Amma həmin kompüter başqadır və saniyədə 17 kvartrillion iş görə bilir. (17.000.000.000.000.000)

IBM şirkəti çox istəkli və çox qərarlıdır süni intellekt kompüterlərini inkişaf etdirib onu bütün xidmət sahələrinə tədbiq etməyə. Hətta bəzi insanlar Watson adlı yuxarıda danışdığımız süni intellektdən xərçəng xəstəliyinə çarə istəyir. Bu kompüter insanları hər an dəhşətə sala bilər. Süni intellektin sərhədləri haqqında çəkilən Morqan adlı filmin trailerini 20th Century Fox üçün bu kompüter hazırlayıb. Bəlkə də filmin özündəndir, amma mən bu qədər maraqlı trailerlər çox az görmüşəm.

Ən çox patentə sahib olan ABŞ şirkətidir. Işçiləri tərəfindən şirkət 6180-dən artıq patentə sahibdir. Bundan əlavə işçilər 5 Nobel Mükafatı, 4 Turing Mükafatı, 5 Beynəlxalq Texnologiya medalı və 5 Beynəlxalq Elm medalı qazanmışdır.

Şirkətin sloqanı “Düşün”dür. Bunu öz işçilərinə, daha çox gələcək işçilərinə deyir. IBM, dünyanı dəyişmək istəyib və buna nail olan dünyanın ən nəhəng informasiya texnologiyaları şirkətidir. Axı süni intellekti yaradan bir şirkət dünyanı daha necə dəyişə bilər! 170 ölkədə müştərilərinə xidmət edən şirkət bacarıqlı və DÜŞÜNcəsinə sərhəd qoymayan hər insanla işləməyə hazırdır. Hər şeyə stajçı olaraq da başlaya bilərsiniz. Şirkətin qurulmasında 3 il sonra 1914-cü ildə Thomas Vatson şirkətə başçılıq etmək üçün işə götürülür. Şirkətin “Düşün” şüarı da ona məxsusdur. O zaman şirkət söz mövzusu texnologiyadan əlavə xidməti məhsullar istehsal da edirdi. Hələ şirkətin adı o zamanlar “ComputionTabulating Recording Compay” adlanırdı. Vatson çox uğurla işləyir. 10 il sonra şirkətin adı bugünkü ada dəyişdirilir.

Çox təəssüf ki müharibənin “isti nəfəsi” ilə şirkət silah da istehsal etməli olmuşdur.

1956-ci ildə isə ilk süni intellekt yaradıldı. Böyük bir şey deyildi, özü öyrənə bilirdi və proqramlanma məqsədi çeker oynamaq idi. Yəni, ilk dəfə oyun oynamaq üçün proqramlaşdırılan süni intellektden bu gün xərçəngə çarə istəyirlər.

Ümumilikdə isə, Amerika Hava Yolları, bütün dünyada hava yolları, NASA, Dünya Bankı (Türkiyədə ilk mühasibat kompüterini ”Ziraat Bankası” alıb) və bugünkü elektronika avadanlıqları IBM-dən xeyirlərini alıblar. Məsələn, Google şirkəti IBM corparasiyasından xeyli patent alıb.

Bu uğurun səbəbi siyasətin satışa yox inkişafa planlanmasıdır. Şirkət hər insanın fikrini istəyir və bu məqsədlə 9 fərqli ölkədə tədqiqat laboratoriyası var. Onlar dinindən, irqindən və hətta yaşından asılı olmayaraq bütün ağıllı insanları işə götürməyə hazırdırlar. Hətta 1942-ci ildə əlil insanlara kurs keçərək onları işə götürən proqrama start verdi və bu olduqca uğurlu alındı.

Şirkətin 428 min işçisi var, 1911-ci ildə isə işçi heyyəti 1300 nəfərdən ibarət idi. Bugünki gəliri 110 milyarddan çoxdur. 1914-cü ilsə 9 milyon olmuşdu.

Azərbaycanda isə… IBM şirkəti 2015-ci ildə Azərbaycanda öz nümayəndəliyini açıb. Və Azərbaycanın istəyi IBM texnologiyasını təhsil sistemində tədbiq etməkdir.

Bəs sizin ilk kompüteriniz nə olub?

Hazırladı: Ramin Ağaquliyev