Akvarium balıqlarının həvəskarları bilirlər ki, onları seyr etmək zövqvericidir. Balıqların bitkilərin arasında, parıldayaraq və gözoxşayan görünüşlə üzmələri əhval-ruhiyyəni qaldırır. Hər hansı yerdə — qonaq gedərkən, zoomağazada və ya ticarət mərkəzində akvarium gördükdə qeyri-ixtiyari qarşısında ayaq saxlayır və onları izləməyə başlayırıq.
Sübut olunub ki, balıqları izləmək sadəcə estetik zövq deyil, eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Balıqların orqanizmə rahatladıcı, sakitləşdirici təsiri şübhəsizdir. Bununla bağlı araşdırma aparan alimlər bu nəticəyə özləri də təəccübləniblər.
Plimut və Ekseter universitetlərindən olan britaniyalı alimlər maraqlı bir təcrübə keçiriblər. Onlar insanların Milli Dəniz Muzeyini ziyarət etməsindən sonra fiziki və psixi vəziyyətlərinin necə dəyişdiyini izləyiblər. Ziyarətçilərdə ürək ritminin və arterial təzyiqin azalması müşahidə olunub. Onlar özlərini sanki meditasiya seansından çıxmış kimi hiss ediblər. Hər kəsdə əhval-ruhiyyə yüksəlib, insanlar akvarium olan zallardan balıqları heyranlıqla, sakitliklə izləyərək və xoşbəxt halda çıxıblar. Ziyarətçilər nə qədər çox balıq seyr etsələr, özlərini bir o qədər yaxşı hiss ediblər.
Alimlər bu fikrə gəliblər ki, akvarium balıqlarını seyr etmənin insanlara təsir gücündən geniş şəkildə istifadə etnək lazımdır. Artıq bəzi stomatolji kabinetlərdə, xəstəxanaların qəbul şöbələrində, ticarət mərkəzləri, kinoteatr, restoranlar kimi insanların sıx olduğu məkanlarda akvariumların quraşdırılması kimi praktika mövcuddur. Bəzi psixonevroloji xəstəxanalar var ki, orda akvariumlardan dərman preparatları ilə birlikdə sakitləşdirici vasitə kimi istifadə olunur. Bu metodun geniş tətbiq olunması çox faydalı ola bilər. Bu, böyük şəhərlərdə yaşayan insanlarda stress səviyyəsinin azalmasına və psixi sağlamlığın güclənməsinə öz töhfəsini verər.
Bütün heyvanat aləmini sevmək və qorumaq lazım olduğunu hər birimiz bilirik. Odur ki, onların bizə verdiyi zövqü biz də onlara yaşadaq. Təbiətimizi çirkləndirməyək və asudə vaxtlarımızı onlarla keçirək… 🙂