Hələ yumartadan çıxmazdan bir neçə gün öncə, cücə öz anası ilə danışmağa başlayır. Yumurta içindən gələn səsləri eşitcək, ana dərhal ona “cavab verir”. Odur ki, körpə, yumurtadan çıxanda artıq öz anasının səsini tanıyır; sonra da özünü tanımağa başlayır. Dərhal da onun ardınca düşür. Axı gözlərini açanda ilk dəfə analarını görürlər. Qəribə burasıdır ki, balalar dünyaya göz açarkən, ilk dəfə kimi görürlərsə, onu da özlərinə ana qəbul edirlər. Dəfələrlə vəhşi qaz balaları onlara qulluq edən adamı ana bilib dalınca düşüblər. Bu, hələ harasıdır? Bir dəfə balalar adi əl arabasını anaları ilə çaş-baş salıbmışlar.
Bayquşlar. İlk yumurtalarını qoyan kimi tez kürt yatırlar, daha o birilərini gözləmirlər, çünki növbəti yumurta bir neçə gün sonra qoyulacaq. Odur ki, bayquş yuvasının balaları heç vaxt bir boyda olmur. Bu irili-xırdalı balalar bütün balacalar kimi çox qarınqulu olurlar, yem üstündə həmişə dava-dalaş salırlar. Ata-ananın gətirdiyi yem onların hamısına kifayət etməsə, balaların ən irisi, ən güclüsü, cəld tərpənib yemin hamısını təkbaşına yeyir. Belə olduqda yuvadakı o biri balalar acından ölürlər.
Atılmışlar. Bala çıxarmağa hazırlaşan quşlarn ilk və əsas qayğısı yuva qurmaqqdır. Köhnə yuvasından istifadə etməyən quşlar mütləq özləri üçün yeni yuva qururlar, lakin ququ quşları belə “hesab edirlər” ki, başqasının hazır yuvası dura-dura nə üçün əziyyət çəkib yeni yuva qursunlar axı? Odur ki, yumurtasını da “qoltuğuna vurub” özünə müvafiq yuva axtarmağa gedir. Ququ quşu uçarkən, yırtıcı quşlara çox bənzədiyindən, yuva quran bütün kiçik quşlar onu görən kimi qaçıb yuvalarından uzaqlaşmalı olurlar. Elə bunu gözləyən ququ dərhal yuvadakı yumurtanın birini atır (o, bu yumurtanı yeyə də bilər) və yerinə öz yumurtasını qoyur. Sonradan yuvasına qayıdan yuva sahibi heç nədən şübhələnmədən özgə yumurtasını da özününki kimi qəbul edir. Bir qayda olaraq, ququ balası yumurtadan ögey bacı-qardaşlarına nisbətən tez çıxır. Hələ heç gözləri açılmamış bu “özgə balası” yuva sahibinin yuvadakı bütün yumurtalarını və xırda balalarını itələyib yerə salır. Yuvada qalır tək özü. Yuva sahibi bu vəziyyətdən bir qədər çaşsa da, yenə də valideynlik borcunu yerinə yetirir. Çox acgöz, doymaq bilməyən ququ balasını yemləyir.
Nə üçün durnanın yuvasında bir bala olur? Adətən durna yuvasında bir cüt yumurta olur. Güman etmək olar ki, bala da, yəgin ki, cüt olacaq. Axı yumurtanı qızdıran ata-ana onların arasında heç vaxt fərq qoymur. Amma durnaların həmişə bir balası olur. Nə üçün? Bunun acı bir səbəbi var. Yumurtadan təzə çıxmış durna cücəsi bir müddət hərəkətsiz olur. Lakin elə ki, bir balaca dirçəldi, yuvanı gözdən keçirməyə başlayır. Əgər gözünə özü kimi yumurtadan təzə çıxmış bacı və ya qardaş dəyərsə, dərhal onun üstünə cumub boğmağa başlayır. Hər iki cücə bir-birini öldürməyə cəhd göstərir və bu “döyüş” də qalib çıxan cücə boğub öldürdüyü cücəni yuvadan götürüb atır…
Bu hadisənin ikinci qəribəliyi də budur ki, ata-ana durnalar bu “qardaş qırğını”nı çox sakitliklə və heç bir müdaxilə etmədən seyr edirlər. Nə üçün? Kim bilir… Bəlkə də, bu, təbiətin uzun miqrasiya mərhələsinə hazırlıqdır; zəiflər cıxdaş edilir…