Son günlər paytaxt Bakını bürüyən xəstəliklər və xüsusən də zökəm əhalinin yarısından çoxuna təsir etmişdir. Vəziyyəti detallarına kimi xırdalasaq məlum olacaq ki, virusun ilk qurbanları immuniteti zəif olan, profilaktik tədbirlər görməyən insanlardır.
Özünüzü mövsümi xəstəliklərdən qorumaq və orqanizmi qüvvətləndirmək üçün sizə bir nəçə məsləhətimiz olacaq:
- Düzgün və balanslaşdırılmış qidalanmaq. Unutmayın ki, soyuq fəsillər sərt pəhrizlər üçün düzgün seçilmiş vaxt deyil. Orqanizm onun qarşısına çıxmış xəstəliklərlə mübarizə apara bilmək üçün hazır olmalıdır. Buna görə də gündəlik qida rasionunuza süd məhsulları, meyvə (xüsusilə də tərkibi C vitamini ilə zəngin olan meyvələr), ət, balıq, sarımsaq əlavə etmək mütləq şərtdir. Çoxlu maye qəbul edin. Çay içərkən çayınıza isindirici təsirə malik ədviyyatlar əlavə etməyi unutmayın (misal üçün – zəncəfil).
- İdmanla məşğul olun. 10-15 dəqiqəlik səhər idmanı yaxud idman zalında planlaşdırılmış məşq…Fərq etməz istənilən fiziki aktivlik bədənə böyük təsirə malikdir. Fiziki aktiv olan insanlar hər zaman tonusda olur və onlar qan dövranı xəstəliklərindən daha az əziyyət çəkirlər.
- Bədəninizin dincəlməsi üçün ona vaxt ayırın. Söhbət sağlam yuxudan gedir. Yetkin insana sutka ərzində 7-8 saat yuxu kifayət edir ki, orqanizm özünü bərpa etsin. Qeyd edək ki, müasir dövrdə əhalinin böyük bir qisminin smartfonlardan asılılığı var. Bu isə yuxunun keyfiyyətinə mənfi təsir edən başlıca amillərdən biridir.
- Özünüzü təmiz havadan məhrum etməyin. Böyük və sıx məskunlaşmış şəhərlərdə həyat tempi yüksək olur və buna görə də insanlar yalnız işə gedib-gələrkən hava qəbul etmək imkanına malik olurlar. Halbuki, mənəvi və fiziki sağlamlığımız üçün gün ərzində heç olmasa 1 saat havada gəzinti etmək lazımdır. Belə bir imkana malik olmayan insanlar isə ən azı evlərində, çalışdığı ofislərdə tez-tez havanı dəyişməli və rütubətliliyə nəzarət etməlidirlər.
- Şəxsi gigiyenanıza nəzarəti gücləndirin. İctimai nəqliyyat xidmətlərindən istifadə etdikdən sonra əlllərinizi yumağı unutmayın. İşiniz müştərilərlə sıx bağlıdırsa, çalışın onlarla fiziki təmas yaratmayasınız (misal üçün əl sıxmaq). Tez-tez əlllərinizi yumaq şansınız yoxdursa, özünüzlə sprey şəklində olan dezinfeksiya məhsullarını gəzdirin (apteklərdə satılır).
- Evdən bayıra çıxarkən oksalin məlhəmindən istifadə etməyi unutmayın. Beləki, bu məlhəm virus əleyhinə təsirə malikdir.