Hamımızın həyatında baş verib bu. Geyinib – geçinirik, toya-ad gününə gedirik və qayıdandan sonra xəstələnirik. Ya da uşağımız çox şirin görünür, qonşular “ay Allah saxlasın” deyir, bir neçə dəqiqə sonra uşaq yıxılır, ya da qızdırması qalxır. İzahatımız dərhal hazırdır: uşağa bəd nəzər tuş gəlib, kiminsə gözü dəyib körpəmizə, özümüzə və s.
Bədnəzərdən qorunmaq üçün evinin ən gözəgəlimli yerinə, ya da uşağının boynuna göz muncuğu asan da var, evə gələn kimi üzərlik yandıran da. Hətta işi o qədər absurda çatdıranlar var ki, hər evə girib-çıxan olandan sonra bir “partiya” evi üzərlik tüstüsünə bürüyür. Nəsə, uzun sözün kəsəsi, nədir bu nəzər, bəd nəzər, göz dəymə, göz muncuğu ilə bağlı əfsanələr? Uydurma, batil inanc, yoxsa elmi araşdırmanın nəticəsi?
Öncə məsələnin elmi kökləri ilə bağlı. Elm deyir ki, parapsixologiya dilində “bioenergetik” gözdəymə mənfi təsirdi. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdı. Elm adamlarının da təsbit etdikləri kimi, göz yoluyla da hipnoz hadisəsini reallaşdırmaq mümkündü. Bədnəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. İlanlar siçanı, quşu və ya digər ovlarını belə tutar.
Gözlərindən göndərdiyi zəhərli şüalar yolu ilə ovunun beyin funksiyalarını pozmaqda və talesiz ov bir anlıq göz gözə gəlmənin əvəzini həyatı ilə ödəyər. Eynilə insanlar da göz yolu ilə qarşı tərəfə zərər verə bilərlər. Nəzər mövzusunda gözlərin daha təsirli olması onun şəffaflığının çox olması ilə də əlaqədardır. İnsan xüsusilə qısqanclıqla və pis niyyətlə, yəni kəm gözlə bir şeyə baxdığı zaman daha tez zərər verə bilər.
Bəd nəzər heyranlıq və hədsiz bəyənmədən də dəyə bilir
İnsan beynində bir mərkəz var və görmə mərkəzi ilə bərabər çalışır. İnsan ən çox təəccüb edərkən, o mərkəzdə qıcıq oyanır. Çünki insan bir şeyi görəndə, o beyinə gəlir və qıcıq zamanı orada aktiv enerji oyanması gedir və göz vasitəsilə bu enerji ötürülür. Bu enerji insanın üzərinə gələrkən, birinci onu əhatə edən auraya rast gəlir. Aura pozitiv bioenerji sahəsidir, gözdən gedən enerji isə mənfi, neqativ bir enrjidir. Onların toqquşması zamanı yanma baş verir və oradan həmin şüalar daxil olur insan vücuduna, orada bir dəlik açır.
Aura insan bədənini qoruyur və burada yaranan dəliklərin uzun müddət qalması ətrafdan gələn kosmik enerjinin insan bədəninə təmizlənmədən daxil olması ilə nəticələnir. İnsan bədəninə daxil olan həmin mənfi enerji isə onda xoşagəlməz hisslərin yaranmasına gətirib çıxarır. Parapsixoloqlar dəliklərin bir neçə günə, bəzən, hətta bir həftəyə qapandığını deyir.
Türkiyəli nevrologiya mütəxəssisi Ahmet Taşkın hesab edir ki, bəzən heyranlıq və ya həddən artıq bəyənmə zamanı qısqanclığın da təsiri ilə gözlərdən yayılan enerji təsirsiz ötüşmür. Bu zaman baxılan insanın, əşyanın… fiziki görüntüsündə mənfiyə doğru dəyişiklik baş verir. Gözü rəngli olan insanlarda bu enerjinin daha yüksək olduğu təsdiqlənib. Maraqlıdır ki, bioenerji ilə müxtəlif cür xəstəlikləri müalicə etmək mümkündür və bu, tibb dünyasında təsdiqlənib.
Amma buna əks olan fikirlərdə bildirilir ki, tibb dünyası insanların səhhətində gözlənilməz dəyişikliklərin səbəbini tapa bilmədiyi üçün bəd nəzər məsələsinin üzərində dayanıb.
Qadınlar və uşaqlar niyə hədəfə daha asan çıxır?
Yaxşı, bəs hər halı pisləşən, uşağı xəstələnən, ya da sevdiyi qab qəfil qırılan adam gözdəymə “qurbanı” sayıla bilərmi? İlkin inanclara görə, hərarətin qalxması, halsızlıq, yuxusuzluqdan əziyyət çəkilməsi, çəkinin azalması və bir-birinin ardınca baş verən uğursuzluqlar gözdəymənin ilkin əlamətləri sayıla bilər. Yəni bunlar ayrı-ayrılıqda yox, eyni ərəfədə baş verirsə, şübhə qaynağı ola bilər. Qadınlar və uşaqlar daha çox gözdəymə qurbanı sayıla bilirlər. Buna səbəb onların energetik sahələrinin daha zəif olmasıdır.
Azərbaycan folklorunda nəzər anlayışı ilə bağlı çoxlu nümunələrə rast gəlmək mümkündür. İnanclara görə, açıq mavi gözlü insanlarda nəzər gücü daha çoxdur. Bəzi mənbələrə əsaslanıb demək olar ki, qısqanclıq hissi də nəzər gücünü artırır. Hələ qədim zamanlardan insanlar nəzər ilə mübarizə aparıb və bunun üçün müxtəlif vasitələrdən istifadə ediblər. Həmin vasitələr bu gün də öz aktuallığını saxlamaqdadır. Məsələn, yeni doğulan körpənin 40 gün ərzində yad adama heç göstərilməməsi həm də bunun səbəbi kimi göstərilir. Baxmayaraq ki, müasir tibb də yeni doğulan körpə bədəninin mikrobları daha tez götürməsi və buna həssas olması ilə bağlı faktı təsdiqləyib.
Qadınların bəd nəzəri daha güclü olur
Elmdə dəqiq təsdiqini tapmayan, amma üzərində çox danışılan mövzulardan biri isə odur ki, zərif cinsin arasında bəd nəzər daha güclüdür. Buna səbəb isə qadınların kişilərə nisbətən daha güclü hissiyyata malik olması və bunu qara enerji vasitəsilə ötürə bilməsidir. Məsələn, qadınlar eyni zamanda onlardan daha gözəl görünən həmcinslərinə, öz övladlarından daha ağıllı, gözəl olan uşaqlara, qonşunun firavan yaşayışına qibtə edə bilər. Bu halda qibtə hissi mənfi enerjiyə dönərək, onların bədənindən gözlərinə, oradan isə qibtə sahibinə ünvanlana bilir.
Meditasiya ilə bəd nəzərdən qorunmaq olur?
Amma bəd nəzər, mənfi enerjidən sadə yollarla da qurtulmaq olar. Bu simvollar və digər kənar müdafiə üsulları ilə yanaşı insan öz üzərində işləməlidir. Düzgün yol meditasiya və psixoterapiya üsullarından istifadə etməkdir. Meditasiya edən insan duşun altında durub çirkabdan, kirlərdən təmizləndiyi kimi eləcə də stresslərdən, mənfi enerjilərdən, yorğunluqlardan təmizlənmiş olur.
Meditasiya zamanı insan ətraf aləmdən təcrid olunaraq, özünə qapanır, özüylə tək qalır. Bu zaman kənar informasiyalardan, ideyalardan azad olur. Yalnız bir nöqtəyə, bir fikrə özünü cəmləşdirir. Bu ideyalar müxtəlif ola bilər. Məzmunca Tanrı ideyası, xeyirxahlıq ideyası, sevgi-məhəbbət ideyası və sairə ola bilər. Sadəcə sakit durub fikrini cəmləşdirməklə iş bitmir. Fikri bir obyekt üzərində cəmləşdirmək lazımdır. Daxili dialoqunu dayandırmağı bacaran ən güclü meditasiya qabiliyyəti olan şəxslər çox deyil. Ancaq hər kəsin bacara biləcəyi meditasiya üsulu çətin deyil. Sadəcə yolunu öyrənmək lazımdır. Eyni zamanda yuyunmağın özü də neqativ enerjidən həm təmizlənməyə, həm də qorumağa böyük köməklik göstərir. Mümkün olduqca bu məqsədlə çox duş qəbul eləmək məsləhətdir.
Niyə mavi muncuq?
Bəd nəzərdən qorunmaq üçün uşaqlarımıza, bəzən isə lap böyüklərə də mavi muncuq taxırlar. Niyə məhz mavi? Çəhrayı, qırmızı, göy yox, məhz mavi? Mavi rəng qədim çağlardan üzü bəri qorunma prinsipini təmsil edir. O, göyün rəngidir. Rəvayətlərə görə, Çingiz xan atasının mavi bardağından su içərmiş. Bundan başqa, yüksək məhkəmə heyətinə verdiyi əmrdə də xalqla bağlı məhkəmə qərarları mavi dəftərə yazılır, qanunlar isə ağ kağıza mavi qələmlə yazılaraq nəsildən nəslə ötürülürmüş. Səlcuqlar da türbə və mədrəsələrini mavi rəngdə hazırlamağa cəhd göstəriblər. Bu da mavi rəngin bəd nəzəri qorumasından xəbər verir.