III. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)
25. ƏSAS QAYDALAR (357-359)
26. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN AİDİYYӘTİ (360-361)
IV. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT
27. ÜMUMI MÜDDƏALAR (362-370)
28. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ (371-384)
29. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN İCRAATI ÜZRƏ SÜBUTLAR VƏ ONLARIN QİYMӘTLӘNDİRİLMӘSİ (385-395)
30. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN TƏMIN EDİLMƏSİ TƏDBİRLƏRİNİN TƏTBİQ EDİLMƏSİ (396-408)
V. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ
31. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATA BAŞLAMA (409-416)
32. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXILMASI (417-429)
33. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN YENİDƏN BAXILMASI (430-438)
VI. İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI
34. ÜMUMİ MÜDDƏALAR (439-449)
35. İNZİBATİ TƏNBEH NÖVLƏRİ HAQQINDA QƏRARLARIN İCRASI QAYDASI (450-458)
III BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR)
İyirmi beşinci fəsil
ƏSAS QAYDALAR
Maddə 357. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
357.0. İnzibati xətalar haqqında işlərə:
357.0.1. rayon (şəhər) məhkəmələri;
357.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, seçki komissiyaları (kollegial orqan); [860]
357.0.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bankı , Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar.[861]
Maddə 358. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar
Bu Məcəllənin 51, 297 və 307-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. [862]
Maddə 358-1. Seçki komissiyaları
358-1.1. Məntəqə və dairə seçki komissiyalarının, Mərkəzi Seçki Komissiyasının fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
358-1.2. Seçki komissiyaları bu Məcəllənin 39-48-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə həmin xətalar Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 116-cı maddəsində göstərilmiş şəxslər tərəfindən törədildiyi hallarda baxır. [863]
Maddə 359. Vəzifəli şəxslərin səlahiyyəti
359.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı tətbiq edə bilərlər.
359.2. İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 357.0.3-cü maddəsində göstərilmiş orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İyirmi altıncı fəsil
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN AİDİYYӘTİ
Maddə 360. Rayon (şəhər) məhkəmələri[864]
360.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 38-1–50-3, 52, 52-1.1, 53-4.1, 53-5, 53-6, 60, 60-1, 63-1, 68-1, 68-3, 68-4, 69, 72, 88-3, 90.3, 101, 101-1, 102.0.2, 102.0.3, 102.0.5, 106, 111, 119-1.2, 120-1, 123-1, 126.3, 131.2, 144, 150-5.1, 151.5, 152.4, 152-1, 152-2, 153.6, 154.2, 154.3, 154.5, 155.4, 155.7, 156, 159-1, 163-1.4, 169, 170, 173, 175, 180-189, 199-200-2, 201-204, 205, 205-1, 221.5, 223, 223-1.3, 223-10, 224, 228-1, 229, 229-1, 233, 237, 240-1.1, 240-1.2, 247-3, 247-4, 247-5-ci, 253-1.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 258-260, 261.1, 278, 282, 284-287, 292, 293, 293-1, 296, 296-1, 298, 299, 300, 301, 305, 307-1, 307-2, 309-315, 315-1, 317.1, 323.1, 324-2, 324-3, 324-4, 324-5, 324-6, 326-1, 326-3, 326-4.1, 326-4.2, 326-5, 326-6, 332, 333, 335, 336-1, 338, 346, 347, 348-1, 348-3 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 348-4, 348-5, 348-6, 348-7, 351 və 353.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.[865]
360.2. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq hüququ təkcə səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) deyil, habelə məhkəmələrə də aid olduqda icraatına inzibati xətalar haqqında işlər daxil olmuş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər baxılması üçün məhkəməyə göndərildikdə, bu işlərə məhkəmələr tərəfindən baxılır.
360.3. Bu Məcəllənin 360.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədildikdə inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr tərəfindən baxılır.
Maddə 361. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.
IV BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT
İyirmi yeddinci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 362. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri
İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 363. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dil
363.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
363.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunur.
Maddə 364. İnzibati xətalar haqqında işlərə açıq baxılması
364.1. Dövlət, qulluq, kommersiya sirlərinin və qanunvericiliklə qorunan digər sirlərin yayılmasına gətirib çıxara bilən hallar istisna olmaqla, inzibati xətalar haqqında işlərə açıq baxılır.
364.2. İnzibati xətalar haqqında işlərin qapalı baxılmasına zərurət olduğu halda bu barədə qərardad qəbul edilir.
Maddə 365. İnzibati xəta haqqında iş üzrə məlumatların yayılmasının yolverilməzliyi
İnzibati xəta haqqında iş üzrə məlumatlar yalnız icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin), belə məlumatlar, zərərçəkmiş şəxsin şəxsi maraqlarına toxunduqda isə, habelə zərərçəkmiş şəxsin icazəsi ilə və onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.
Maddə 366. Vəsatətlər
366.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər.
366.2. Vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir.
Maddə 367. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar
367.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:
367.0.1. inzibati xəta hadisəsi olmadıqda;
367.0.2. inzibati xəta tərkibi olmadıqda;
367.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;
367.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;
367.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;
367.0.6. inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;
367.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda;
367.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə.
367.0.9. Bu Məcəllənin 38-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda.[866]
Maddə 368. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti
368.1. Prokuror öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş hər cür qanun pozuntusunun aradan qaldırılması üçün vaxtında qanunla nəzərdə tutulmuş tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikasının Konstitusiyasının, qanunların və digər qanunvericilik aktlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.
368.2. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.
368.3. Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 411-ci maddəsində müəyyən edilmiş müddətdə qəbul edilir. Qərarda bu Məcəllənin 410-cu maddəsində olan məlumatlar göstərilir.
368.4. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir.
Maddə 369. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər
369.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:
369.1.1. şahidlərə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən;
369.1.2. maddi sübutların saxlanılması, göndərilməsi, daşınması və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir.
369.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur.
369.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin ölçüsü məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir.
369.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir.
Maddə 370. Zərər çəkənlərə, şahidlərə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ
370.1. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
370.2. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.
370.3. Mütəxəssisin, ekspertin və tərcüməçinin əməyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
Maddə 370-1. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi[867]
370-1.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
370-1.2. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
370-1.3. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
370-1.4. Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.
370-1.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir:
370-1.5.1. bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2. bu Məcəllənin 370-1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda:
370-1.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
370-1.5.3. bu Məcəllənin 407.3-1-ci maddəsində nəzərdə tutulmuş halda nəqliyyat vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
Maddə 370-2. Qəbzin məzmunu
370-2.0. Bu Məcəllənin 370-1.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
370-2.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı;
370-2.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
370-2.0.3. verilən sənədin adı;
370-2.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
370-2.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair);
370-2.0.6. sənədin verildiyi şəxs;
370-2.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası.
Maddə 370-3. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul etməkdən imtina
370-3.1. İnzibati xəta haqqında işlər üzrə sənədin ünvanlandığı şəxs və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri qanuni əsas olmadan sənədi qəbul etməkdən imtina edərsə, sənəd verildiyi ünvanda qalmalıdır. Bu halda sənəd rəsmi qaydada verilmiş hesab olunur.[868]
370-3.2. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında işlər üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. [869]
370-3.3. İnzibati xəta haqqında işlər üzrə sənədin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. [870]
370-3.4. İnzibati xəta haqqında işlər üzrə sənədin ünvanlandığı şəxs tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi üçün maneə deyildir.
Maddə 370-4. Bildirişlər
370-4.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.
370-4.2. Bildirişdə aşağıdakılar göstərilməlidir:
370-4.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt ünvanı və sair);
370-4.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
370-4.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;
370-4.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;
370-4.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
370-4.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
370-4.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;
370-4.2.8. ünvan sahibinin olmadığı təqdirdə bildirişi qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
370-4.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan sahibinə çatdırmamasına görə qanunla məsuliyyət nəzərdə tutulduğu barədə qeyd;
370-4.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməmənin səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd.
370-4.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
370-4.4. Bildiriş bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də şəxsə əlavə məlumat verə bilərlər.
İyirmi səkkizinci fəsil
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 371. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs
371.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:
371.1.1. işin materialları ilə tanış olmaq;
371.1.2. izahat vermək;
371.1.3. sübutlar təqdim etmək;
371.1.4. vəsatət və etirazlar vermək;
371.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;
371.1.6. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;
371.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək.
371.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.
371.3. İnzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
371.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər.
371.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir.[871]
371.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırıla bilərlər.
371.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;
371.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.[872]
Maddə 372. Zərər çəkmiş şəxs
372.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.
372.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır:
372.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq;
372.2.2. izahat vermək;
372.2.3. sübutlar təqdim etmək;
372.2.4. vəsatət və etirazlar vermək;
372.2.5. hüquqi yardımdan istifadə etmək;
372.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.
372.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.
372.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
372.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 377-ci maddəsində nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər.
Maddə 373. Fiziki şəxsin qanuni nümayəndələri
373.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya öz fiziki, yaxud psixi qüsurlarına görə müstəqil olaraq hüquqlarını özləri həyata keçirmək imkanına malik olmadıqda, həmin şəxslərin mənafeyini təmsil etməyə onların qanuni nümayəndələrinin hüququ vardır.
373.2. Valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər fiziki şəxsin mənafeyinin qanuni nümayəndələri hesab olunurlar.
373.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayə orqanlarını qanuni nümayəndə hesab edir.
373.4. Fiziki şəxsin qanuni nümayəndəsi olan şəxslərin qohumluq əlaqələri və ya müvafiq səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq sənədlərlə təsdiq olunur.
373.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır.
373.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsin qanuni nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.
Maddə 374. Hüquqi şəxsin nümayəndəsi
374.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir.
374.2. Hüquqi şəxsin rəhbəri, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin mənafelərinin təmsil edilməsi etibar edilmiş digər şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi şəxsin nümayəndəsinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən sənədlərlə müəyyən edilir.
Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
374.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər.
Maddə 375. Müdafiəçi və nümayəndə
375.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır.
375.2. Müdafiəçi sifəti ilə və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər.
375.3. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır.
375.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları vardır:
375.4.1. işin bütün materialları ilə tanış olmaq;
375.4.2. sübutlar təqdim etmək;
375.4.3. vəsatət və etirazlar vermək;
375.4.4. işin baxılmasında iştirak etmək;
375.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək.
375.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilərlər.
375.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.[873]
Maddə 376. Vəkilin iştirakının məcburiliyi
376.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, icraatın aparıldığı dili bilməyənlərin, lal, kar, kor, fiziki və ya psixi qüsurları üzündən özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir.
Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. [874]
376.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi qeyri-mümkün olduqda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin şəxsi vəkil ilə təmin edir.
376.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.
Maddə 377. Şahid
377.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırıla bilərlər.
377.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur.
377.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək hüququ vardır.
377.4. Yetkinlik yaşına çatmayan on dörd yaşında olan şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər. Zəruri olduqda yetkinlik yaşına çatmayan şəxs onun qanuni nümayəndəsinin iştirakı ilə də sorğu-sual edilə bilər.
377.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Qeyd: Bu maddədə “yaxın qohumlar” dedikdə, valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.
Maddə 378. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər
378.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:
378.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;
378.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin vəkili;
378.0.3. öz nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onalara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.
Maddə 379. Hal şahidləri
379.1. İşin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz.
379.2. Şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
379.3. Hal şahidlərinin inzibati xəta haqqında ih üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir.
379.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir.
379.5. Zəruri hallarda inzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 377-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.
Maddə 380. Mütəxəssis
380.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan hər hansı bir şəxs icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət oluna bilər.
380.2. Mütəxəssisin aşağıdakı vəzifələri vardır:
380.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;
380.2.2. sübutların aşkar edilməsində, götürülməsində, rəsmiləşdirilməsində iştirak etmək;
380.2.3. yerinə yetirdiyi hərəkətlər barədə izahatlar vermək;
380.2.4. bu hərəkətlərin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq etmək;
380.2.5. bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etirazetmə haqqında məlumat vermək.
380.3. Mütəxəssisin aşağıdakı hüquqları vardır
380.3.1. iştirak etdiyi və onun predmetinə aid olan inzibati xəta haqqında işin materialları ilə tanış olmaq;
380.3.2. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə mütəxəssisin apardığı işin predmetinə aid olan suallar vermək;
380.3.3. aparılan hərəkətlərə dair qeydlər və izahatlar vermək.
380.4. Bilə-bilə yalan izahat verməsinə görə inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq edilir. Mütəxəssis öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməyə qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 381. Ekspert
381.1. Elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizasının aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur.
381.2. Ekspertin vəzifəli aşağıdakılardır:
381.2.1. icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlmək;
381.2.2. təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;
381.2.3. bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) ekspertizanın aparılmasından özü-özünə etirazetmə haqqında məlumat vermək.
381.3. Verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda, tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda ekspert rəy verməkdən imtina edə bilər.
381.4. Ekspertin aşağıdakı hüquqları vardır:
381.4.1. ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq;
381.4.2. iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə vəsatət vermək;
381.4.3. ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə süallar vermək;
381.4.4. qoyulmuş suallardan əlavə ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək.
381.5. Bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 382. Tərcüməçi
382.1. İnzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən hər hansı bir şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər.
382.2. Tərcüməçi, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir.
382.3. Tərcüməçi, icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı üzrə gəlməyə və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə və tərcümənin düzgünlüyünü öz imzası ilə təsdiq etməyə borcludur.
382.4. Bu Məcəllənin 383.2-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, tərcüməçini onu dəvət etmiş səlahiyyətli vəzifəli şəxsə özü-özünə etirazetmə haqqında məlumat vermək.
382.5. Bilə-bilə yanlış tərcümə etməsinə görə inzibati məsuliyyət haqqında tərcüməçiyə xəbərdarlıq edilir. Tərcüməçi təyin olunmuş şəxs öz vəzifələrini yerinə yetirməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 383. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edən hallar
383.1. İnzibati xətanın törədilməsi nəticəsində inzibati xətalar haqqında işlərin başlanmasına səbəb olan qaydalara riayət olunması üzərində nəzarəti həyata keçirən dövlət orqanlarının əməkdaşları, yaxud əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində çıxış etmiş şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiəçi və ya nümayəndə ola bilməzlər.
383.2. Mütəxəssis, ekspert və tərcüməçi aşağıdakı hallarda inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilməzlər:
383.2.1. inzibati xəta törətmiş şəxslə, zərər çəkmiş şəxslə, onun nümayəndəsi (qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla, hakimlə, kollegial orqanının üzvü ilə və ya icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxslə qohumluq əlaqələri olduqda;
383.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak etdikdə;
383.2.3. işin nəticəsi ilə birbaşa və ya dolayısı ilə maraqlı olması barədə kifayət qədər əsaslar olduqda.
Maddə 384. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı rədd edilən şəxslərə etiraz etmə
384.1. Bu Məcəllənin 383-cü maddəsində nəzərdə tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis, ekspert və ya tərcüməçi inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməkdən kənar olmalıdırlar.
384.2. Özü-özünə etirazetmə və ya etirazetmə haqqında ərizə icraatında inzibati xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir.
384.3. Özü-özünə etirazetmə və ya etirazetmə haqqında ərizəyə baxıldıqda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir.
İyirmi doqquzuncu fəsil
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN İCRAATI ÜZRƏ SÜBUTLAR VƏ ONLARIN QİYMӘTLӘNDİRİLMӘSİ
Maddə 385. İnzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallar
385.0. İnzibati xətalar haqqında işlərin icraatı üzrə aşağıdakılar müəyyən edilməlidir:
385.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);
385.0.2. inzibati xəta törətmiş şəxs;
385.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;
385.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar;
385.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı;
385.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar;
385.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait.
Maddə 386. Sübutlar
386.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.
386.2. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
386.3. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir.
Maddə 387. Maddi sübutlar
387.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir.
387.2. Zəruri olduqda maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir.
387.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir.
Maddə 388. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı
388.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir.
388.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir.
Maddə 389. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları
389.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları şifahi və ya yazılı formada olan və inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallar haqqında məlumatlardan ibarətdir.
389.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahatlar yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir.
389.3. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir.
Maddə 390. Sənədlər
390.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.
390.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur.
390.3. İnzibati xəta haqqında iş icraatında olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin mahiyyəti üzrə baxılmasına qədər sənədlərin qorunub saxlanılması üçün zəruri tədbirlər görməli, eləcə də işə baxıldıqdan sonra onlar haqqında qərar qəbul etməlidir.
Maddə 391. Xüsusi texniki vasitələrin göstəriciləri
391.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölçü cihazı kimi təsdiq edilən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır.
391.1-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.[875]
391.2. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xətalar haqqında işlər üzrə protokolda qeyd edilir.
Maddə 392. Ekspertiza
392.1. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərinaydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilə bilər.
392.2. Qərardadda aşağıdakılar göstərilir:
392.2.1. ekspertizanın təyin olunması üçün əsaslar;
392.2.2. ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza aparılacaq idarənin adı;
392.2.3. ekspertin rəy verməli olduğu məsələlər;
392.2.4. ekspertin sərəncamına verilən materiallar;
392.2.5. ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi və bilə-bilə yalan rəy verilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq haqqında qeyd.
392.3. Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmamalıdır.
392.4. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) icraya göndərməmişdən əvvəl ekspertizanın təyin olunması haqqında qəbul edilmiş qərardadla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi tanış etməli, onların hüquqlarını izah etməlidir.
392.5. Ekspert öz adından yazılı formada rəy verir və onu imzalayır. Ekspertin rəyində ekspertizanın aparıldığı tarix və yer, ekspertizanın aparılmasının əsasları, onun məzmunu, habelə ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış cavablar və yekun nəticələr göstərilir.
Maddə 393. Əlavə məlumatların tələb edilməsi
393.1. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər.
393.2. Məlumatlar tələb edildiyi gündən üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlara, təşkilatlara, idarələrə və müəssisələrə göndərilməlidir.
393.3. Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi qeyri-mümkün olduqda, onlar üç günədək müddətində qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar.
Maddə 394. Sübutların qiymətləndirilməsi
394.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
394.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 395. Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir.
Otuzuncu fəsil
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN TƏMİN EDİLMƏSİ TƏDBİRLƏRİNİN TƏTBİQ EDİLMƏSİ
Maddə 396. İnzibati xətalar haqqında işlərin icratını təmin etmək tədbirləri
396.1. İnzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, inzibati xəta haqqında protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs aşağıda göstərilən tədbirləri tətbiq edə bilər:
396.1.1. gətirilmə;
396.1.2. inzibati qaydada tutma;
396.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama;
396.1.4. nəqliyyat vasitəsinə baxış;
396.1.5. şeyləri və sənədləri götürmə;
396.1.6. nəqliyyat vasitəsini idarə olunmasından kənar etmə;
396.1.7. sərxoşluq vəziyyətini müayinə etmə;
396.1.8. nəqliyyat vasitələrini saxlama və onların istismarını qadağan etmə.
396.2. İnzibati xətalar haqqında işlərin icraatının təmin edilməsi ilə bağlı tədbirlərin qanunsuz tətbiq edilməsi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilir.
Maddə 397. Gətirilmə
397.1. Bu Məcəllənin 420.3-cü və 423.3-cü maddələrində nəzərdə tutulmuş hallarda, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər.
397.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə bilməz.
397.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.[876]
Maddə 398. İnzibati qaydada tutma
398.1. İnzibati qaydada tutma, yəni fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması, müstəsna hallarda inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün zəruri hesab edildikdə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tətbiq edilə bilər. İnzibati qaydada tutma aşağıda göstərilən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən həyata keçirilir: [877]
398.1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə, avaralıqla məşğul olduqda, ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydaları pozulduqda , əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qeydiyyatsız yaşadıqda və ya qanunsuz qaldıqda;KM1 [878]
398.1.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;
398.1.3. mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi – mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;
398.1.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya başqa şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;
398.1.5. fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri – fövqəladə vəziyyət rejimi pozulduqda. [879]
398.1.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərarın icrasından yayındıqda.[880]
398.2. İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.
Maddə 399. İnzibati qaydada tutma müddətləri
399.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması bu Məcəllənin 399.2-ci, 399.2-1-ci və 399.3-cü maddələri istisna olunmaqla üç saatdan çox ola bilməz.[881]
399.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşamaları və ya qanunsuz qalmalarına , habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədildiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.[882]
399.2-1. fövqəladə vəziyyət elan olunmuş ərazidə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər. [883]
399.3. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 38-1-ci, 68-1-ci, 69-cu, 298-ci və ya 310-cu maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər.[884]
399.4. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə, ayıldığı vaxtdan hesablanır.
399.5. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.
399.6. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. [885]
Maddə 400. İnzibati qaydada tutma haqqında protokol
400.1. İnzibati xəta törətmiş şəxsi tutma haqqında hər bir halda protokol tərtib edilir və orada aşağıdakılar göstərilir:
400.1.1. protokolun tərtib edildiyi tarix və yer;
400.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;
400.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat;
400.1.4. tutmanın vaxtı və səbəbləri.
400.2. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur.
Maddə 401. İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi
401.1. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:
401.1.1. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;
401.1.2. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;
401.1.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;
401.1.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya qanuni nümayəndələrinə dərhal məlumat vermək;
401.1.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;
401.1.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;
401.1.7. tutulmuş şəxsin öz vəkili olmadıqda ona müvəqqəti saxlama yeri üzrə ərazidə hüquq məsləhətxanasında və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.
401.2. İnzibati qaydada tutulmuş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yerlərdə və qaydada saxlanılırlar.
Maddə 402. Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama
402.1. Fiziki şəxsin şəxsi axtarışı, onda olan şeyləri yoxlama, zəruri hallarda inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir.
402.2. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır.
402.3. Şeylər (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və digər predmetlər) bunların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə yoxlanılır, Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya sahibi olmadan göstərilən şeylər iki hal şahidinin iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər yoxlanıla bilməz. [886]
402.4. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokol tərtib olunur, yaxud inzibati xəta haqqında protokolda və ya inzibati qaydada tutma haqqında protokolda bu barədə müvafiq qeyd edilir.
402.5. Şəxsi axtarış və şeyləri yoxlama haqqında protokolda aşağıdakılar göstərilir:
402.5.1. protokolun tərtib edildiyi tarix və yer;
402.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;
402.5.3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında məlumat;
402.5.4. şəxsi axtarış zamanı aşkar edilən şeylərin növü, miqdarı və digər eyniləşdirmə əlamətləri haqqında məlumat.
402.6. Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan şeylərin sahibi və hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan şeylərin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.
Maddə 403. Nəqliyyat vasitəsinə baxış
403.1. Nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir.
403.2. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan da aparıla bilər.
403.3. Zəruri hallarda maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir.
403.4. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur.
403.5. Nəqliyyat vasitəsinə baxış haqqında protokolda aşağıdakılar göstərilir:
403.5.1. protokolun tərtib edildiyi tarix və yer;
403.5.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
403.5.3. nəqliyyat vasitəsinin sahibi barəsində mәlumatlar;
403.5.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar;
403.5.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə mәlumatlar;
403.5.6. əşyaların növü;
403.5.7. sənədlərin növü və rekvizitləri.
403.6. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.
403.7. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.
Maddə 404. Şeylərin və sənədlərin götürülməsi
404.1. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan şeylərin və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir.
404.2. Sürücü, gəmisürən, pilot tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi, gəmiçinin və ya pilotun şəhadətnaməsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır.
404.3. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur, yaxud inzibati xəta haqqında protokolda bu barədə müvafiq qeyd aparılır.
404.4. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:
404.4.1. protokolun tərtib edildiyi tarix və yer;
404.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
404.4.3. şeyləri və sənədləri götürülən şəxs barəsində məlumat;
404.4.4. şeylərin və sənədlərin götürülməsi üçün əsaslar;
404.4.5. götürülən sənədlərin növü və rekvizitləri;
404.4.6. götürülən şeylərin növü, miqdarı, əlamətləri, o cümlədən silahın markası və ya modeli, çapı, seriyası və nömrəsi, döyüş sursatının miqdarı və növü, nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
404.5. Şeylərin və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, videoyazı barədə və digər müəyyən edilmiş üsullarla sənədlərin əldə edilməsi barədə qeyd aparılır. Fotoşəkillərin, videoyazının və digər müəyyən edilmiş vasitələrin tətbiq edilməsi nəticəsində şeylərin və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur.
404.6. Şeylərin və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, şeyləri və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Şeyləri və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə (nümayəndəsinə) təqdim edilir.
404.7. Zəruri hallarda götürülən şeylər və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş şeylər və sənədlər inzibati xəta haqqında işə baxılanadək, şeyləri və sənədləri götürmək hüququ olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır.
404.8. Götürülmüş odlu silah və onun patronları, digər silah, eləcə də döyüş sursatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır.
404.9. Götürülmüş tez xarab olan mallar satılması üçün müvafiq təşkilatlara verilir, satılması mümkün olmadıqda isə məhv edilir.
404.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir.
404.11. İnzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri saxlanılır.
Maddə 405. Götürülmüş şeylərin qiymətləndirilməsi
405.1. Götürülmüş şeylər aşağıdakı hallarda qiymətləndirilir:
405.1.1. inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən inzibati cərimə meyarı tətbiq edildikdə;
405.1.2. götürülmüş mallar tez xarab olan mallar olduqda və həmin mallar məhv edilməyə göndərildikdə;
405.1.3. etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar yenidən istehsala göndərildikdə və ya məhv edildikdə.
405.2. Götürülmüş şeylərin qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş şeylərin qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda götürülmüş şeylərin qiyməti ekspertin rəyi əsasında müəyyən edilir.
Maddə 406. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi
406.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
406.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi və ya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüquq verən digər əsas olmadıqda;
406.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə; [887]
406.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
406.1.4. dayandırılmış nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə; [888]
406.1.5. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən və psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda; [889]
406.1.6. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda. [890]
406.1.7. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.[891]
406.2. Nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir.
406.3. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.
406.4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:
406.4.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
406.4.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
406.4.3. nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;
406.4.4. nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;
406.4.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.
406.5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsü) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır.
406.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
406.7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.
Maddə 407. Nəqliyyat vasitələrinin saxlanılması
407.1. Nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır.[892]
407.1-1. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilibsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.[893]
407.2. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya xətaya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır.
407.3. Üç saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
407.3-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün ərzində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.[894]
407.4. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir..
Maddə 408. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. [895]
V BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ
Otuz birinci fəsil
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATA BAŞLAMA
Maddə 409. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər və əsas
409.1. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər aşağıdakılardır:
409.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; [896]
409.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya yerli özünüidarәetmә orqanlarından, ictimai birliklərdən materialların daxil olması;[897]
409.1.3. fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən məlumatlar, onların ərizələri, habelə kütləvi informasiya vasitələrində elan olunmuş məlumatlar.
409.2. Materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır.
409.3. Bu Məcəllənin 409.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır.
409.4. İnzibati xəta haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir:
409.4.1. bu Məcəllənin 396-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə;
409.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə;
409.4.3. inzibati xəta haqqında iş üzrə icraatın inzibati araşdırılması zəruri hesab edildiyi hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə.
409.5. Bu Məcəllənin 409.1.2-ci və 409.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir.
409.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardadın surəti materialları, məlumatları və ərizələri vermiş şəxslərə göndərilir.
Maddə 410. İnzibati xəta haqqında protokol
410.1. Bu Məcəllənin 368-ci maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:[898]
410.1.1. protokolun tərtib edildiyi tarix və yer;
410.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
410.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat;
410.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
410.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
410.1.6. şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;
410.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;
410.1.7-1. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;[899]
410.1.7-2. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;[900]
410.1.8. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar.
410.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.
410.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir.[901]
410.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.[902]
Maddə 410-1. İnzibati xəta haqqında protokolun inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsi[903]
410-1.1. Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. [904]
410-1.2. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Hüquqi şəxsə məxsus olan və sərnişin və ya yük daşıma xidmətləri göstərən nəqliyyat vasitəsi tərəfindən törədilən xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilir.[905]
410-1.3. İnzibati xəta haqqında protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar qeyd olunmaqla, protokola inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmalıdır.
410-1.4. Bu Məcəllənin 410-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti və ona əlavə edilmiş materiallar nəqliyyat vasitəsinin istifadəçisinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Protokolun əlavə edildiyi müşayiət məktubunda şəxsə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı, həmçinin bu Məcəllənin 410-1.6-cı və 410-1.7-ci maddələri barədə məlumat verilir.
410-1.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsində olmadığı və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması mümkün olmadığı hallarda da inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilir. Bu halda inzibati xəta haqqında protokol müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminin məlumatı əsasında müəyyən edilmiş nəqliyyat vasitəsinin istifadəçisi barədə foto və ya video çəkiliş aparılmaqla tərtib edilir. İnzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmaqla həmin protokolun bir surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur, bir surəti isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
410-1.6. Barəsində bu Məcəllənin 410-1.1-ci və ya 410-1.5-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs, həmin protokol ona rəsmi qaydada verildiyi və ya bu Məcəllənin 410-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada protokolu aldığı vaxtdan 10 gün müddətində səlahiyyətli orqana inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması barədə vəsatətlə müraciət edə bilər. Vəsatət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər.
410-1.7. İnzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilmiş protokol rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş vəsatət verilmədikdə və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işin baxılmasında iştirak etmək üçün gəlmədikdə səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edir.
410-1.8. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə:
410-1.8.1. bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq;
410-1.8.2. nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək qadağandır.[906]
410-1.9. Bu Məcəllənin 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün bu Məcəllənin 370-1—370-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırıldıqda və gəlməkdən qəsdən boyun qaçırdıqda, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. [907]
Maddə 411. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri
411.1. İnzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir.
411.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir.
411.3. İnzibati araşdırma aparıldığı hallarda inzibati xəta haqqında protokol inzibati araşdırma başa çatdıqdan sonra bu Məcəllənin 413.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.
Maddə 412. İnzibati xəta haqqında protokolun tərtib edilmədiyi hallar
412.1. Yol hərəkəti qaydaları və ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar istisna olmaqla, törədilmiş inzibati xətaya görə inzibati tənbeh növü kimi xəbərdarlıq tətbiq edildikdə və ya inzibati cərimənin miqdarı iyirmi manatdan artıq olmadıqda, inzibati xəta haqqında protokol tərtib edilmir. Belə hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta törədilən yerdə inzibati cərimə alınır və ya xəbərdarlıq rəsmiləşdirilir.
412.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, yaxud inzibati xəta törədilən yerdə inzibati cəriməni ödəməkdən imtina etdikdə inzibati xəta haqqında protokol tərtib edilir. [908]
Maddə 413. İnzibati araşdırma
413.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.[909]
413.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəlləyə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında prokuror qərar qəbul edir.
413.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir:
413.3.1. qərardadın tərtib edildiyi yer və tarix;
413.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
413.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və inzibati xəta hadisəsinin olduğunu müəyyən edən məlumatlar;
413.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi.
413.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.
413.5. İnzibati araşdırmanın aparılması müddəti inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Müstəsna hallarda, bu müddət icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin vəsatəti əsasında yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadıla bilər.
413.6. İnzibati araşdırma başa çatdıqda inzibati xəta haqqında protokol tərtib edilir.
Maddə 414. Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi
414.1. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. [910]
414.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir.
Maddə 415. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması
415.1. İnzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:
415.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə;
415.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda;
415.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda.
415.2. İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan inzibati xəta haqqında iş üzrə bütün prosessual hərəkətləri aparmalı, bu Məcəllənin 415.1.1-ci və 415.1.3-cü maddələrində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulan bütün tədbirləri görməlidir.
415.3. İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli vəzifəli şəxsin qərarı ilə dayandırılır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.
415.4. Bu Məcəllənin 415.1.1-415.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir.
415.5. İnzibati xəta haqqında iş üzrə icraat dayandırıldıqda bu Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin axımı dayanır. İnzibati xəta haqqında iş üzrə icraatın müddətinin axımının dayandırılması bir ildən artıq davam edə bilməz. Həmin müddət bitdikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.[911]
Maddə 416. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi
416.1. Bu Məcəllənin 367-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
416.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir.
Otuz ikinci fəsil
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXILMASI
Maddə 417. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması
417.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:
417.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi;
417.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu;
417.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi;
417.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu;
417.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı;
417.0.6. iş üzrə vəsatətlər və etirazetmə vardırmı.
Maddə 418. Hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən işin baxılmasını istisna edən hallar
418.0. İnzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz;
418.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa;
418.0.2. o, şəxsən, düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa.
Maddə 419. Hakimin, kollegial orqanın üzvünün, vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya onlara etirazetmə
419.1. Bu Məcəllənin 418-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir.
419.2. Bu Məcəllənin 418-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi və nümayəndə, prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edilir.
419.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır.
419.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməsinə etiraz haqqında qərardad qəbul edilir.
Maddə 420. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi
420.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:
420.1.1. işin baxılmasının tarixinin və yerinin təyin edilməsi;
420.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 371-377, 379-382-ci maddələrində göstərilən şəxslərin çağırılması;
420.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi;
420.1.4. ekspertizanın təyin edilməsi;
420.1.5. işə baxılmanın təxirə salınması;
420.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;
420.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın, (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi.
420.2. Bu Məcəllənin 367-ci və 415.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.
420.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.[912]
Maddə 421. İnzibati xəta haqqında işin baxılması yeri
421.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər.
421.2. Yetkinlik yaşına çatmayanların barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır.
421.3. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. [913]
Maddə 422. İnzibati xətalar haqqında işlərə baxılması müddətləri
422.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.
422.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər.
422.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır.
Maddə 423. İnzibati xəta haqqında işə baxılması qaydası
423.1. İnzibati xəta haqqında işə baxılarkən:
423.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur;
423.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir;
423.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;
423.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılması və ya işin baxılmasının başqa vaxta keçirilməsi məsələsi həll edilir;
423.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur;
423.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir.
423.2. Aşağıda göstərilən hallarda işin baxılmasının başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir:
423.2.1. əgər onun etirazı işin mahiyyəti üzrə baxılmasına mane olursa, özü-özünə etirazetmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etirazetmə barədə ərizə daxil olduqda;
423.2.2. mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etirazetmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda;
423.2.3. işdə iştirak edən şəxsin gəlməsinə və ya əlavə sənədlərin tələb olunmasına, yaxud ekspertizanın təyin edilməsinə zərurət olduqda.
423.3. Bu Məcəllənin 420.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır.
423.4. Bu Məcəllənin 421-ci maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar.
423.5. İşin baxılması davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işin baxılmasında prokuror iştirak etdikdə, onun rəyi dinlənilir.
Maddə 424. İnzibati xəta haqqında işə baxma protokolunun məzmunu
424.1. İnzibati xətalar haqqında işlərə kollegial orqan tərəfindən baxılarkən inzibati xəta haqqında işə baxma protokolu tərtib olunur.
424.2. İnzibati xəta haqqında işə baxma protokolunda aşağıdakılar göstərilir:
424.2.1. işə baxılmanın tarixi və yeri;
424.2.2. işə baxan kollegial orqanın adı və tərkibi;
424.2.3. baxılan işin qısa məzmunu;
424.2.4. işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumat;
424.2.5. etirazlar, vəsatətlər və onların baxılmasının nəticələri;
424.2.6. işə baxılmasında iştirak edən şəxslərin izahatları, onların vəsatətləri və rəyləri;
424.2.7. işə baxılarkən tədqiq edilən sənədlər.
424.3. Kollegial orqanın iclasının protokolu iclasda sədrlik edən və katib tərəfindən imzalanır.
Maddə 425. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərar (qərardad)
425.1. İnzibati xətalar haqqında işlərə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:
425.1.1. inzibati tənbeh vermə haqqında;
425.1.1-1. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;
425.1.2. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;
425.1.3. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.
425.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:
425.2.1. bu Məcəllənin 367-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;
425.2.2. bu Məcəllənin 15.5-ci maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq dövlət orqanlarına göndərildikdə;
425.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda icraatın xitam edilməsi və iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;
425.2.4. inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.
425.3. İnzibati xətalar haqqında işlərin baxılması nəticəsində aşağıdakı məsələlər barəsində qərardad çıxarılır:
425.3.1. baxılması onun səlahiyyətinə aid olmadıqda inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi;
425.3.2. inzibati xəta haqqında işin başqa inzibati tənbeh növünü tətbiq etmək səlahiyyətli olan hakimə, orqana (vəzifəli şəxsə) verilməsi.
425.4. (çıxarılıb) [914]
Maddə 426. İnzibati xəta haqqında iş üzrə qərar
426.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:
426.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
426.1.2. işin baxılması tarixi və yeri;
426.1.3. işinə baxılan şəxs haqqında məlumat;
426.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;
426.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;[915]
426.1.5-1. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı təqdirdə cərimənin ödənilməməsi barədə qeyd;
426.1.6. iş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;
426.1.7. qərardan şikayət verilməsi müddəti və qaydası.
426.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir.
426.3. İnzibati xəta haqqında iş üzrə qərarda alınmış əşyalar və sənədlər barədə məsələlər həll olunmalıdır. Belə olduqda:
426.3.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;
426.3.2. dövriyyədən çıxarılmış əşyalar müvafiq müəssisələrə və ya idarələrə verilməlidir, yaxud məhv edilməlidir;
426.3.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya maraqlı şəxslərə verilir;
426.3.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.
426.4. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasında sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır.
Maddə 426-1. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi[916]
426-1.1. Eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla, bu Məcəllənin 68-10-cu, 116.0.1-ci, 194-cü, 195-ci, 196.0.4-cü, 196.0.6-cı, 316-cı və 317.2-ci – 320-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. [917]
426-1.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.
426-1.3. Bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.
426-1.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir.
Maddə 427. İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi
427.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.
427.2. Qərarın surəti üç günədək müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. [918]
Maddə 428. İnzibati xəta haqqında iş üzrə qərardad
428.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir:
428.1.1. qərar çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, atasının adı, kollegial orqanın adı və tərkibi;
428.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri;
428.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat;
428.1.4. ərizənin, vəsatətin məzmunu;
428.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar;
428.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi.
428.2. İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasında sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır.
Maddə 429. İnzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təqdimat
429.1. İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat verir.
429.2. təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar.
FƏSİL 32-1
YOL HƏRƏKƏTİ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATI XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXILMASININ XÜSUSİYYƏTLƏRİ[919]
Maddə 429-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmasının ümumi qaydası
Bu Məcəllənin 151-159-cu maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 429-2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqana çağırılmasının yolverilməzliyi
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır.
Maddə 429-3. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası
429-3.1. Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.
429-3.2. İnzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir.
429-3.3. İnzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:
429-3.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);
429-3.3.2. inzibati xəta haqqında elektron protokolla əlaqədar vəsatət verilməsi qaydası;
429-3.3.3. inzibati cərimənin miqdarı və ödənilməsi qaydası.
429-3.4. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 429-3.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur.
429-3.5. Barəsində bu Məcəllənin 429-3.1, 429-5.5 və ya 429-5.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs protokolda qeyd olunan cəriməni ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir.
429-3.6. Barəsində bu Məcəllənin 429-3.1-ci və ya 429-5.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs səlahiyyətli orqana inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olduğu, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxdığı barədə vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 429-6.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.
429-3.7. Barəsində bu Məcəllənin 429-3.1, 429-5.5 və ya 429-5.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 429-6.2.3-cü maddəsində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində bu qərardan bu Məcəllənin 429-7.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.
Maddə 429-4. İnzibati xəta hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydası
429-4.1. Bu Məcəllənin 429-3.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə sorğu göndərilir.
429-4.2. Hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
429-4.3. Bu Məcəllənin 429-4.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs bu Məcəllənin 158-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, habelə fiziki şəxsi törətdiyi əmələ görə məsuliyyətdən azad etmir.
Maddə 429-5. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası
429-5.1. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır.
429-5.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır.
429-5.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.
429-5.4. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir.
429-5.5. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
429-5.6. Bu Məcəllənin 158-1.1-ci və ya 158-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2.1 və 429-6.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 429-6. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma
429-6.1. Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir.
429-6.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır:
429-6.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış “elektron kabinet”ə yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir;
429-6.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi “elektron kabinet”in internet ünvanı və daxil olma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;
429-6.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.
429-6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.
Maddə 429-7. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması qaydası
429-7.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 429-6.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 429-3.5-ci və 429-3.7-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.
429-7.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilir.
429-7.3. Bu Məcəllənin 429-7.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Maddə 429-8. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar xətalar üzrə icraatın aparılması qaydası
Bu Məcəllənin 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün bu Məcəllənin 370-1—370-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırıldıqda və gəlməkdən qəsdən boyun qaçırdıqda, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir.
Otuz üçüncü fəsil
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN YENİDƏN BAXILMASI
Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ
430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
430.2.1. hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə;
430.2.2. kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə;
430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. [920]
Maddə 431. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydası
431.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
431.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə;
431.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət – birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest – səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət – həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) vasitəsilə və ya birbaşa yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə).
431.2. Bu Məcəllənin 431.1.1-ci və 431.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir. [921]
431.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.
431.4. Şikayətin və ya protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.
431.5. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.
Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri
432.1. Qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.[922]
432.2. Bu Məcəllənin 432.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.
432.3. Buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.
Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri
433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır.
433.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin verildiyi gündən üç gün müddətində baxılır.
Maddə 434. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılmağa hazırlanması
434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:
434.0.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;
434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;
434.0.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır;
434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir.
Maddə 435. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması
435.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.
435.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən:
435.2.1. şikayətin və ya protestin kim tərəfindən baxılması, hansı şikayətin və ya protestin baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur;
435.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətin və ya protestin baxılmasında iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlmələri müəyyən edilir;
435.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;
435.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir;
435.2.5. şikayətin və ya protestin baxılmasında iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;
435.2.6. etirazetmə və ya vəsatət haqqında müraciətlər həll edilir;
435.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir;
435.2.8. inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır;
435.2.9. inzibati xəta haqqında iş üzrə icraatda iştirak etdiyi hallarda prokurorun rəyi dinlənilir.
Maddə 436. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması haqqında qərar
436.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir:
436.1.1. qərarın dəyişdirilmədən saxlanılması haqqında;
436.1.2. şikayətin və ya protestin təmin edilməməsi haqqında;
436.1.3. barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında;
436.1.4. bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;
436.1.5. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;
436.1.6. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında.
436.2. Şikayətin və ya protestin baxılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.
Maddə 437. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi
437.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir.
437.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti onun qəbul olunduğu gündən üç gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərərçəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.
437.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.
Maddə 438. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması
İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiәçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada baxılır.[923]
VI BÖLMƏ
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI
Otuz dördüncü fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 439. İnzibati xətalar haqqında işlər üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi
439.0. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir:
439.0.1. əgər bu qərar barədə şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə;
439.0.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə vəzifəli şəxs tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə;
439.0.3. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə vəzifəli şəxsin qəbul etdiyi qərar şikayət və ya protest üzrə hakim tərəfindən yenidən baxıldıqda, hakimin qəbul etdiyi qərardan şikayətin verilməsi müddəti keçdikdə.
Maddə 440. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının məcburiliyi
440.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət və ya yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər tərəfindən məcburidir.
440.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.
Maddə 441. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi
441.1. İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur.
441.2. İnzibati xəta haqqında iş üzrə şikayətə, protestə baxıldıqdan sonra həmin işə dair qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən üç gün müddətinədək onu icraya yönəltmək səlahiyyətinə malik olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
Maddə 442. İnzibati xəta haqqında iş üzrə qərarın icrası
442.1. İnzibati xəta haqqında iş üzrə qərar səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş qaydada icra olunur.
442.1-1. Məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar bu Məcəllənin 443, 444, 445.1, 446, 447.3, 448, 451.1-1, 451.6-1, 451.6-2 və 451.6-3-cü maddələrinin tələbləri nəzərə alınmaqla “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq icra olunur.[924]
442.2. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir.
Maddə 443. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar məsələlərin həll edilməsi
443.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, möhlət verilməsi, dayandırılması və ləğv edilməsi, habelə yetkinlik yaşına çatmayanların üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya onları əvəz edən şəxslərdən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlər qərar çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır.
443.2. Bu Məcəllənin 443.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərin baxılmasının yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərin baxılması üçün maneə yaratmır.
443.3. Qərar icrasının təxirə salınması, dayandırılması, ona möhlət verilməsi məsələləri barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə zərərçəkmiş şəxsin xahişi ilə ona bu barədə müvafiq qeyd aparılmaqla verilir. Göstərilən şəxslər olmadıqda, qərardadın surəti onun qəbul edildiyi gündən üç günədək müddətində bu barədə inzibati xəta haqqında işdə müvafiq qeyd aparılmaqla onlara göndərilir.
Maddə 444. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi
444.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə (inzibati cərimənin yerində icra olunması istisna olmaqla) növlərində inzibati tənbeh tətbiq etmə haqqında qərarların müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə sala bilər.
444.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç ayadək müddətə uzadıla bilər.
Maddə 445. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının dayandırılması
445.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayət və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və zəruri olduqda, qərardad dərhal onu icraya yönəldən orqana (vəzifəli şəxsə) göndərilir.
445.2. İnzibati həbs növündə tənbeh tətbiq etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur. [925]
Maddə 446. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi
446.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir;
446.1.1. inzibati xəta qanunvericiliyinin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə;
446.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə;
446.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 447.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə.
446.1.4. Bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olduqda;[926]
446.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda;
446.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 313-2.1, 313-2.1-1, 313-2.2 və ya 313-2.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə.[927]
446.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir.
Maddə 447. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası müddəti
447.1. Bu Məcəllənin 23.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən etibarən bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir.[928]
447.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 447.1-ci maddəsində müəyyən edilmiş icra müddəti kəsilir. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır.
447.3. Bu Məcəllənin 443-445-ci maddələrinə uyğun olaraq inzibati tənbeh təyin etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda qərarın icrası müddəti onun möhlət verilməsi müddətinədək və ya dayandırılması müddətinədək dayandırılır.
Maddə 448. İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması
448.1. İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.
448.2. İnzibati tənbehin tətbiqi üzrə icraat yerinə yetirilmədikdə və ya tamamilə başa çatmadıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aşağıdakı hallarda qaytarılır:
448.2.1. qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən göstərilən ünvanda (yerdə) inzibati məsuliyyətə cəlb olunan fiziki şəxs işləmədikdə, yaşamadıqda və ya təhsil almadıqda, yaxud inzibati məsuliyyətə cəlb olunan hüquqi şəxs olmadıqda və ya göstərilən şəxslərin həmin yerdə ünvanda (yerdə) inzibati tənbehə yönəldilə bilən əmlakı olmadıqda;
448.2.2. inzibati məsuliyyətə cəlb olunan şəxslərin inzibati tənbehə yönəldilə bilən əmlakı və ya gəlirləri olmadıqda və onun əmlakının axtarılıb tapılması üzrə tədbirlər heç bir nəticə vermədikdə;
448.2.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 447.1-ci maddəsində nəzərdə tutulmuş icrası müddəti keçdikdə.
448.3. Bu Məcəllənin 448.2.1-ci və 448.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda icrasında qərar olan vəzifəli şəxs yuxarı vəzifəli şəxs tərəfindən təsdiq olunmaqla akt tərtib edir.
Maddə 449. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə qərarın icrası
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası qanunvericiliklə müəyyən edilmiş qaydada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
Otuz beşinci fəsil
İNZİBATİ TƏNBEH NÖVLƏRİ HAQQINDA QƏRARLARIN İCRASI QAYDASI
Maddə 450. Xəbərdarlıq haqqında qərarın icrası
Xəbərdarlıq növündə inzibati tənbeh etmə haqqında qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur.
Maddə 451. İnzibati cərimənin edilməsi haqqında qərarın icrası
451.1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir.[929]
451.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən on gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir.[930]
451.2. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynləri və ya onları əvəz edən şəxslərdən tutulur.
451.3. İnzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir və ya köçürülür. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yalnız inzibati xətanı törətmiş şəxsə verilir.[931]
451.4. Bu Məcəllənin 451.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:
451.4.1. fiziki şəxslər barəsində – onun əmək haqqından, stipendiyasından, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əmək haqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; [932]
451.4.2. hüquqi şəxslər barəsində – hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir.
Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. [933]
451.5. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cərimənin onun əmək haqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, işəgötürən üç günədək müddətində inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümükünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşsa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın surətini onu qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır.[934]
451.6. Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə və ya inzibati cərimənin ödənilməsi onun əmək haqqından və ya digər gəlirlərindən mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə, könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar müvafiq qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. [935]
451.6-1. Bu Məcəllənin 451.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir.[936]
451.6-2. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 313-2.1-ci və ya 313-2.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir.
451.6-3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 451.6-2-ci maddəsində göstərilən müddətlərdə aşkar edildikdə bu Məcəllənin 313-2.1-ci və ya 313-2.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir.
451.7. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. [937]
Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.[938]
451.7-1. Hüquqi və ya fiziki şəxs olan işəgötürənin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü inzibati xəta törətdikdən sonra onun işəgötürənlə əmək münasibətlərinə xitam verilmişdirsə və inzibati xətanı törətmiş şəxs 2 ay müddətində inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmədən inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir.[939]
451.8. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.[940]
Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür.
Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.[941]
Maddə 452. İnzibati xətanın törədildiyi yerdə tutulan inzibati cərimə tətbiq etmə haqqında qərarın icrası
452.1. İnzibati xətanın törədildiyi yerdə inzibati cərimə tutulduqda fiziki şəxsə müəyyən edilmiş nümunədə qəbz verilir.
452.2. Qəbzdə aşağıdakılar göstərilir:
452.2.1. verilmə tarixi;
452.2.2. inzibati cərimə tətbiq edən vəzifəli şəxsin soyadı, adı, atasının adı;
452.2.3. inzibati məsuliyyətə cəlb edilən şəxs barədə məlumatlar;
452.2.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
452.2.5. inzibati xətanın törədildiyi yer və vaxt;
452.2.6. inzibati cərimənin miqdarı.
452.3. Qəbz iki nüsxədən ibarət tərtib edilir və o, inzibati cəriməni tətbiq edən vəzifəli şəxs və inzibati məsuliyyətə cəlb edilən şəxs tərəfindən imzalanır.
452.4. İnzibati cərimə inzibati xəta törədilən yerdə ödənilmədiyi halda inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.[942]
Maddə 453. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması haqqında qərarın icrası
453.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması barədə qəbul edilmiş qərarın icrası qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
453.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması barədə qəbul edilmiş qərarın icrası başa çatdıqda bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır.
Maddə 454. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərarın icrası
454.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz məcburi olaraq dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir.
454.2. Predmetin müsadirəsi haqqında qərarların icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
454.3. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır.
Maddə 455. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası
455.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir.
455.2. Nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
455.3. Gəmilərin (kiçik gəmilərin) idarə edilməsi hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası gəmilər (kiçik gəmilər) üzərində dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
455.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası ov etmə qaydaları üzrə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
455.5. Nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun müəyyən müddətə məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırılması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarəetmə hüququ və ya ov hüququ məhdudlaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər.
455.6. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.[943]
Maddə 456. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması müddətlərinin hesablanması
456.1. Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması haqqında səlahiyyətli vəzifəli şəxs tərəfindən qərar qəbul edildiyi gündən həmin şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.
456.1-1. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən üç iş günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi bu Məcəllənin 455.2-455.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 404.2-ci maddəsinə əsasən daha əvvəl götürülməyibsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir.
456.1-2. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayandırılır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. [944]
456.2. Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, yaxud həmin müddət bu Məcəllənin 455.5-ci maddəsinə uyğun olaraq azaldıqda, bu Məcəllənin 455.6-cı maddəsinə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.[945]
456.3. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
456.3.1. nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən cox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
456.3.2. nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. [946]
456.4. Nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 313–2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edildikdə sonuncu qərara əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması müddətinin son günündən etibarən hesablanmağa başlayır.[947]
Maddə 456–1. İctimai işlər haqqında qərarın icrası [948]
456–1.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir.
456–1.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin çəkilməsinə cəlb olunur.
456–1.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır.
456–1.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.
456–1.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə inzibati tənbehin icrasını dayandırmır.
456–1.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28–1.3-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi qərarın icra edilməsinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
456–1.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır.
456–1.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verir.
456–1.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna məlumat verir.
456–1.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir.
456–1.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 313–2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.
Maddə 457. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması haqqında qərarın icrası
457.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər.
457.2. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.
457.2-1. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra olunanadək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qərarın icrasından yayınma ehtimalı olduqda, həmin şəxs məhkəmənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan müəssisəsində müvəqqəti saxlanıla bilər.[949]
457.2-2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra edilir.[950]
457.3. Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür.
457.4. Bu şəxslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya şəxsi işlə bağlı olaraq Azərbaycan Respublikasına gələn əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə əlaqədar isə bu xərclərin ödənilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.
457.5. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra edildikdən sonra çıxartma haqqında bu barədə müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.
457.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma inzibati tənbeh tədbirinin tətbiqindən irəli gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir. [951]
Maddə 458. İnzibati həbs haqqında qərarın icrası
458.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra o, dərhal icra edilir.
458.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir.
458.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
458.4. İnzibati həbs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar üzrə çəkilir.