Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından biri olan pumanın ovlarına “münasibəti” müasir insanın həyatı üçün əsl nümunə təşkil edə bilər. Bu ağıllı canlının “estafet”inə nəzər salarkən ilk baxışdan təəccüblü bir şey görünmür: puma ya qurbanını ələ keçirərək onu parçalayır, ya da ov qaçaraq yırtıcıdan canını qurtarır.
Amma iş burasındadır ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, başqa sözlə onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, puma “estafet”i yarımçıq tərk edir və özünə başqa yerdə qurban axtarmağa başlayır.
Məsələn, o, heç vaxt ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır.
İqtisadi ədəbiyyatlarda istifadə edilən “axmaq puma sindromu” anlayışı da məhz bununla izah olunur. Yəni heç bir məntiqə sığmayan hərəkətlərlə bir dovşanın ardınca illərlə qaçan insanlar bəşəriyyətin “axmaq puma”larıdırlar.