Bir nəfəsə oxunan kitablar deyildiyində adətən qısa olan romanlar ağla gəlsə də bəziləri var ki, qısa olmamasına baxmayaraq əlinizə almağınızla bitirməyiniz bir olur..
Dan Brown RƏQƏMSAL QALA
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir…
Con Steynbek SİÇANLAR VƏ ADAMLAR
Dünya ədəbiyyatının şedevrlərindən biri nəşr olundu.
“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.
Xalid Hüseyni – ÇӘRPӘLӘNG UÇURAN
Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?..
Dan Brown DA VİNÇİ ŞİFRӘSİ
Leonardo da Vinçi işlərində gizli şifrələr var… Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını tapmağa kömək edər… Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə də tapıldı… Müəllif ‘Da vinçi şifrəsi’ romanı üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harrvard Universitetinin professoru Robert Lenqdonun vasitəsilə oxuculara çatdırır…
Aqata Kristi ON ZƏNCİ BALASI
Kiçik bir ada və bir-birini tanımayan on qonaq.. Naməlum ev sahibi.. Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…
Cerom Devid Selincer ÇOVDARLIQDA UÇURUMDAN QORUYAN
“Çovdarlıqda uçurumdan qoruyan” romanı amerikalı yazıçı Cerom Devid Selincer tərəfindən 1951-ci ildə qələmə alınmışdır. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanmış və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində doqquz il işləmişdir.
Jostein Gaarder SOFİNİN DÜNYASI
Norveç yazıçısı Yustin Garderin bütün dünyada məşhur olan bu kitabı əsasən uşaqlara ünvanlansa da, yaşlılar üçün də maraqlı olacağı şübhəsizdir. Kitab fəlsəfə kimi ağır bir mövzudan bəhs elədiyi halda son dərəcə cəlbedicidir. Fəlsəfəylə maraqlanan, ən azı ümumi şəkildə fəlsəfə tarixini öyrənmək istəyənlər üçün bu kitabı qiymətsiz saymaq olar. Əsərin qəhrəmanı olan Sofi 15 yaşlı qız da naməlum və sirli filosofdan məktublar alır. Və bir gün sonunda onlar görüşürlər.
Albert Camus YAD
Kamyu deyincə, ədəbiyyat sahəsində ilk ağlagələn, onun 1942-ci ildə nəşr olunmuş “Yad” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir Ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını belə öyrənə bilmirik (burada Kafkanı xatırlamaq yerinə düşər). Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Kamyu üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır. Buradakı yadlaşma Kamyunun məşhur “absurd” fəlsəfəsindən doğur. Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…) İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.
Corc Oruell HEYVANISTAN
Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903-1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş…