“2016-cı il aprel ayında demək olar ki, hər kəsin müzakirə nöqtəsi, narahatçılığı, qürur yeri, kədəri, sevinci cəbhədəki vəziyyətlə bağlı oldu. Hamının aparıcı mövzusu, müzakirə yeri aprel ayında bir neçə gün ərzində qazanılan qalibiyyət oldu. Bəzilərinə görə, yarımçıq kəsilən münaqişə, bəzilərinə görə isə daha düzgün seçilən bir yol. Fikirlər müxtəlif olduğu kimi, təkliflər və arzular da müxtəlif oldu. Gün keçdikcə bu təkliflər, düşüncələr dəyişir və dəyişəcək. Dəyişməyən yeganə reallıq torpağımız və şəhidlərimizdir. Onlar bizim həm qürur yerimiz, həm kədərimiz, həm tariximiz, həm də qalibiyyətimizdir. “Vətən sağ olsun”, deyib balasını torpağa əmanət edən, övladının tabutu üzərindəki bayrağı qoxlayıb sanki iyini ondan alan analar, atalar, sevgiləri nakam qalıb qəbri üzərinə oxuyacaqmış kimi qoyulan məktublar, ömürlərinin sonuna kimi ondan yadigar qalan övladları ilə təsəlli tapacaq şəhid xanımları… və onların arxasında dayanan “şəhidimiz ölmədi, biz hamımız övladınızıq” – deyən Azərbaycan xalqı…


Bu il yaşanan aprel hadisələri 23 il əvvəli yada saldı. İkinci sinifdə oxuyurdum. Axşam idi. Şam yeməyini təzəcə yemişdik ki, atəş səsləri eşidildi. Hər gün duyduğumuz səslərə artıq alışmışdıq. Amma bu dəfə fərqli idi. Susmayan, fasiləsiz atəş səsləri getdikcə yaxınlaşırdı. Anam qardaşımla məni geyindirib, hələ üç aylıq körpə olan bacımı da yorğanına büküb tez bayıra çıxardı. Evimizdən çıxanda əlimi gəlinciyimə uzadıb götürmək istədim, anam “onsuz da bir azdan qayıdacağıq” deyib tələsməmizi söylədi. Bayıra çıxanda daha dəhşətli mənzərə ilə qarşılaşdım. Hər kəs təlaş içərisində idi. Ən çox qorxan uşaqlar idi…

Gedərkən yenə də oyuncaqlarımı götürmək istədim, ancaq bu dəfə babam icazə vermədi: “Mənim gözəl nəvəm, onsuz da tezliklə qayıdacağıq, gəlib evdə oynayarsan…”

Elə bu sözlər, bu hadisələr Qarabağ haqqında son xatirələrimdir. Bir də o yadımdadır ki, hər gün televizorda cəbhə xəbərlərini ötürmədən izləyən valideynlərim bəzən ümidlə, bəzənsə üzgün təəssüratlarla qayıdacağımız günü gözləyirdilər. Bəlkə də tam mənasını anlamasam da qəlbimdə vətənpərvərlik hissləri o zamandan cücərməyə başlayıb.

Nəinki mənim, o dövrün bütün uşaqlarının, desəm, yanılmaram. Bəli, biz “müharibə uşaqlarıyıq”, vətən həsrəti ilə, lakin inamla yaşayan və inkişaf edən bir nəsilik. Yanılmıramsa, artıq üçüncü nəsil bu münaqişənin şahidinə çevrilib. Ancaq müşahidələrim göstərir ki, nəsillərin artmasının, zamanın irəliləməsinin heç də insanlarda vətənpərvərlik hisslərinin zəifləməsinə, vətən sevgisinə heç bir təsiri olmadı.

Əmin oldum ki, tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də, zaman keçsə də heç kim bizim vətən sevgimizi nə azalda, nə də bundan məhrum edə bilər. Qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub bizim. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi. Mürgüləyərkən oyandıq. Bir olduq. Birliyimizin fərqinə vardıq. Səfərbərliyin elan edilməsini gözləyən gənclərimiz böyük ruh yüksəkliyi ilə hər an önə atılmağa hazır idilər. Bir sözlə inamımızın, ümidimizin, mübarizliyimizin ölmədiyinin şahidi olduq.


Qarabağ indiyə qədər ürəyimizdə yara olaraq qalır. Bu yara illər ötdükcə, uşaqlıq xatirələrimə sarılaraq ürəyimdə sızıldadıqca, beynim o illəri yaddaşımda qoruyaraq unutmağa qoymur. Qarabağ xatirələrimizi nağıl olaraq övladlarımıza danışaraq müsbət sonluqlarla tamamlayırıq. Sonluğun isə reallaşmaması bizi ruhdan salmır, çünki inamımız və imanımız var.

Ülviyyə Mustafa