Hamiləliyin süni şəkildə dayandırılması, yəni “abortun” qadının orqanizminə vurduğu fiziki zərbə haqqında hər kəs xəbərdardır. Tibbi müşahidələr də göstərmişdir ki, bu təhlükəli və xoş olmayan prosesi həyata keçirən qadınlarda gələcəkdə kəskin və xroniki xəstəliklər yaranır, nəsilvermə qabiliyyəti aşağı düşür. Bəzi hallarda isə əməliyyatın qeyri-peşəkar şəkildə keçirilməsi və ya orqanizmin individual göstəriciləri ciddi tramvalara, hətta ölümə səbəb ola bilər.
“Abortun” orqanizmə mənfi təsiri haqqında məlumatları tibbi məqalələrdə geniş şəkildə ala bilərsiniz. Bizim məqsədimiz isə “abortun” mənəviyyata vurduğu zərbəni təqdim etmək, qadınların bu addımı atmağa vadar edən səbəbləri aşkar etməkdir.
İlk öncə qeyd edək ki, sağlam qadının bu qərarına heç bir haqq qazandırmırıq. Hamiləliyin süni şəkildə dayandırılması səbəblərinin dünya statistikasına nəzər yetirək:
- Uşağın dünyaya gəlməsi kəskin şəkildə həyatımı dəyişdirəcək;
- Uşaq böyütmək üçün maddi resurslarım çatışmır;
- Atasız uşaq böyütmək qorxusu;
- Körpənin dünyaya gəlməsi mənim təhsilimə/karyerama mane olacaq;
- Həyat yoldaşım/partnyorum abort etməyi tələb edir.
Azərbaycanda isə hamiləliyin süni şəkildə dayandırılmasının ən geniş yayılmış iki səbəbi var:
- Maddi vəziyyət buna imkan vermir;
- Gələcək körpənin cinsinin planlaşdırılması (qız uşaqlarının məhv edilməsi).
Yuxarıda sadalanan səbəblər arasında ən məkirlisi – cinsi seçimə əsaslanan abortlardır, çünki bu zaman körpənin dünyaya gəlməsi arzuolunandır və ailə özünü buna həm mənəvi, həm də maddi cəhətdən hazır hiss edir. Lakin, “sağlam” olmayan səbəblər üzündən ailəsində, nəslində qadın cinsinin artmasını istəmir. Əksər hallarda bu seçimin təşəbbüskarı ailə başçısı və qaynana olur. Qadın təzyiq və hədələrə tab gətirməyərək xəstəxanaya üz tutur, körpəsini öldürür, özünü mənəvi məhvə sürükləyir (söhbət sağlam düşüncəyə malik qadınlardan gedir. O qadınlardan ki, hansı ki dünyaya “həyat” gətirməyin mahiyyətini anlayır və məsuliyyətini çəkir). Məsələnin ən dəhşətli tərəfi isə ondan ibarətdir ki, körpənin cinsin dəqiqliklə yalnız hamiləliyin 15-ci həftəsindən sonra demək olur. Bu vaxta kimi isə körpənin bütün orqanları inkişaf edir və o “insan görkəmində” olur. Bu zaman hamiləliyin cərrahi yolla dayandırılmasından istifadə olunur. Yəni, əksər hallarda, körpəni ana bətnində doğrayıb çıxardırlar. Məhz, buna görə abortu “leqallaşmış cinayət “ adlandırırlar.