Amsterdam sizin beyninizdə nə ilə asosiasiya olunur? Bəli, azadlıq. Azadlıqdan əlavə Amsterdamda kəşf etməli olduğunuz çox şey var. Bildircihin.az 7 misal çəkəcək, siz isə siyahını uzadın:

Pendirləri dadmaq

Təyyarədən enər enməz, yolunuzu pendir dükanından salın. Holland, fransız və hətta Norveç pendirlərinin dadına baxın. Yeri gəlmişkən, pendirlə birlikdə sizə balqabaq və ya günəbaxan tumlu çörək də verəcəklər.

Muzeyləri ziyarət etmək

İncəsənət həvəskarları üçün Amsterdam əsl cənnətdir. Belə ki, bu şəhərdə 40-dan çox muzey var! Madame Tussauds mum heykəlləri muzeyi, Anna Frank muzeyi, həşiş muzeyi, elmi NEMO muzeyi, Rembrandt, Rijksmuseum və xüsusilə Van Gogh muzeyini ziyarət etmədən, bu şəhəri tərk etmək günah sayılır!

Kanallarda qayıq ilə üzmək

Amsterdama səyahət edib, kanallardan yan keçmək? Əsla! Saysız hesabsız kanallardan ən gözəlləri Singel və Grachtengordel kannaları sayılır. Bu kanalları görənlər özlərini nağıl aləminə düşmüş kimi hiss edir: rəngarəng qədimi binalar, holland Venesiyası, körpülər… Bu zövqü özünüzə yaşadın! Həm də ödənişsiz!

Python körpüsündə foto çəkdirmək

Sporenburq yarımadasını və Borneo adasını birləşdirən bu körpü axşam fonarların işığı altında bir başqadır! Xatirə fotosu çəkdirmək üçün mükəmməl mənzərədir.

Keukenhof parkında gəzintiyə çıxmaq

Kanallarından və pendirlərindən əlavə Amsterdam həm də tülpan gülləri ilə məşhurdur. Rəngarəng tülpanları görmək üçün getməli olduğunuz məkan isə Kekenxof parkıdır. Burada 10-dən çox növ 4,5 milyon ədəd müxtəlif rənglərdə və çalarlarda tülpan gülü sizi gözləyir.

Zaanse-Schans şəhərinin dəyirmanlarını görmək

Zaanse-Sxans açıq havada muzeydir desək, yanılmarıq. Amsterdamın simvollarından olan dəyirmanların bütün növləri işləmə mexanizmi ilə tanış olmaq istəyirsinizsə, hara getməli olduğunuzu artıq bilirsiniz!

Velosiped sürmək

Amsterdamda piyada hərəkət etməkmi? Velosipedistlər hər hansı reklamdan daha effektiv təsir bağışlayaraq sizi velosipeddən istifadə etməyə ilhamlandıracaq. Özünüzü bir anlıq Amsterdan sakini kimi hiss edin, imkan verin, azad külək saçlarınızı sığallasın! Arzu etdiyiniz təqdirdə veloekskursiyaya belə çıxa bilərsiniz.