Mündəricat
Giriş
1. Makroiqtisadi şəraitin ümumi icmalı
1.1. Makroiqtisadi durum
1.2. Monetar siyasət
1.3. Tədiyə balansı
1.4. Xarici dövlət borcu
1.5. Xarici ticarət
2. Real sektorda durum
2.1. Neft-qaz sektorunda əsas meyllər
2.2. Qeyri-neft sektorunun əsas trendləri
2.2.1. Qeyri-neft sənayesi
2.2.2. Kənd təsərrüfatı
2.2.3. Tikinti
2.2.4. Turizm
2.2.5. Əhaliyə göstərilən ödənişli xidmətlər
2.2.6. Reklam fəaliyyəti
3. Dövlət maliyyəsi sektorunun əsas trendləri
3.1. Dövlət büdcəsi
3.2. Dövlət Neft Fondu
4. Bank-maliyyə bazarlarının inkişaf meylləri
4.1. Bank sektoru
4.2. Sığorta bazarı
4.3. Qiymətli kağızlar bazarı
5. Biznes mühiti və institusional islahatlar
Giriş
Azərbaycan iqtisadiyyatının resurs (neft və təbii qaz) gəlirlərindən asılılığın yüksək səviyyədə olması onu dünya bazarlarının konyunkturundan asılı edir və inkişaf üçün ciddi problemlər yaradır. 2014-cü ilin ortasından başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatında ciddi böhrana gətirib çıxardı. 2015-ci ilin ortalarından başlayaraq Azərbaycan hökuməti iqtisadi sahədə dəyişikliklər və islahatlar istiqamətində bir sıra addımlar atmağa başladı. 2016-cı ilin dekabrında tarixli “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və 10 istiqamət üzrə yol xəritələri təsdiq edildi. 2017-ci ildə isə dünya bazarlarında neftin qiymətinin yüksəlməsi baş verdi və bu, ölkəyə daxil olan neft gəlirlərinin artmasını təmin etməklə həm də iqtisadi gərginliyin azalmasına imkan verdi. Buna görə də 2017-ci ildə bütövlükdə ölkə iqtisadiyyatında və onun ayrı-ayrı sahələrində, xüsusilə qeyri-neft sektorunda baş verən verən mühüm proseslərin araşdırılması və əvvəlki illərlə müqayisə əsasında başlıca inkişaf meyllərinin ortaya çıxarılması böyük maraq doğurur. Məhz belə bir maraqdan çıxış edərək Bakı Araşdımalar İnstitutunun ekspert qrupu bu bülleteni hazırlayıb.
Bülletenin əsas məqsədi 2017-ci ildə bütövlükdə Azərbaycan iqtisadiyyatında və onun ayrı-ayrı sahələrində baş verən iqtisadi proseslərin müşahidəsi və əvvəlki illərlə müqayisəsi əsasında əsas inkişaf trendlərini aşkara çıxarmaqdır.
Bülletenin hazırlanması prosesində hökumətin və başqa rəsmi dövlət qurumlarının hesabat və statistik məlumatlarından istifadə olunub, statistik qruplaşdırmalar və müqayisələr əsasında müşahidə olunan meyllər aşkara çıxarılıb.
Bülleten makroiqtisadi şəraitin ümumi icmalı ilə başlayır. Burada 2017-ci il üzrə makroiqtisadi göstəricilər və əvvəlki illə müqayisədə həmin göstəricilərdə baş verən dəyişikliklər təqdim olunub, ölkənin tədiyə balansının və xarici ticarətinin durumu araşdırılıb.
Bülletenin ikinci bölməsi ölkə iqtisadiyyatının real sektorunda baş verən prosesləri əks etdirir. Burada iqtisadiyyatının neft-qaz və qeyri-neft sektorlarında müşahidə olunan başlıca trendlər aşkara çıxarılıb.
Bülletenin üçüncü bölməsində iqtisadiyyatın maliyyə-bank sektorunda baş verən iqtisadi proseslər öyrənilib və əsas inkişaf trendləri araşdırılıb. Burada dövlət büdcəsi və ARDNF-in gəlir və xərc siyasəti araşdırılıb, hökumətin büdcə-vergi siyasətindəki dəyişikliklər aşkara çıxarılıb. Ölkənin bank sektorunun durumu və bu sektorun böhrandan çıxarılması istiqamətində atılan addımlar xüsusilə maraq doğura bilər. Daha sonra sığorta bazarlarının və qiymətli kağızlar bazarının inkişafı sahəsində irəliləyişlər təqdim edilib.
Nəhayət, bülleten biznes mühitinin təkmilləşdirilməsi və institusional islahatlar sahəsində 2017-ci ildə atılan addımların təqdim edildiyi dördüncü bölmə ilə yekunlaşır.
- Makroiqtisadi şəraitin ümumi icmalı
1.1. Makroiqtisadi göstəricilər
Son 10 illdə müşahidə olunan yüksək iqtisadi artımın ardınca 2016-cı ildə Ümumi Daxil Məhsul (ÜDM) istehsalı 4%-ə yaxın azalsa da, ötən il iqtisadi enişi dayandırmaq mümkün oldu. Belə ki, əvvəlki illə müqayisədə 2017-ci ildə iqtisadi artım 0.1%, o cümlədən qeyri-neft ÜDM üzrə artım 2.7% təşkil edib. Halbuki 2016-cı ildə qeyri-neft ÜDM-i 5.4% azalmışdı.
Milli valyutanın 2 dəfəyədək dəyər itirdiyi son 3 ildə ölkədə ən yüksək inflyasiya səviyyəsi 2017-ci ildə qeydə alınıb və inflyasiya göstəricisi 12.9% təşkil edib. Yüksək inflyasiya bir tərəfdən sərt pul-kredit siyasətindən imtina etməyə imkan vermir ki, bunun da nəticəsində iqtisadi fəallığın, o cümlədən invesitisiya aktivliyinin bərpası ləngiyir. Digər tərəfdən isə yüksək inflyasiya milli valyutaya inamın bərpasına mane olur. Bunun nəticəsi isə istər ev təsərrüfatlarının, istərsə də biznesin yığımlarında xarici valyutada vəsaitlərin üstünlük təşkil etməsində özünü göstərir. Doğrudur, əvvəlki ilə nisbətən 2017-ci ildə bank sektoru üzrə məcmu depozitlərdə xarici valyuta ilə depozitlərin xüsusi çəkisi 3%-dək azalıb. Lakin bu göstərici hələ də çox yüksəkdir və ötən il xarici valyutada depozitlərin ümumi depozit portfelində payı 72.3% təşkil edib.
Eyni zamanda, yüksək inflyasiyanın baş verməsi onu göstərir ki, Mərkəzi Bankın iqtisadiyyatda likvidliyi azaltmaq və bu yolla inflyasiyanı cilovlamaq üçün 2015-ci ildən başlanan səyləri və ötən il də nəticəsiz qalıb. Belə ki, 2014-2017-ci illərdə ÜDM-nin nominal həcminin 11.1 mlrd. manat artaraq 59 mlrd. manatdan 70.1 mlrd. manata çatmasına baxmayaraq pul bazasının həcmi 2 mlrd. manta yaxın azalaraq 11.5 mlrd. manatdan 9.5 mlrd. manata enmişdir. Pul bazasının nominal ÜDM-də payının 19.5%-dən 13.5%-ə düşməsinə paralel olaraq Mərkəzi Bank likvidliyin məhdudlaşdırılması əməliyyatları (depozit hərracları və notların buraxılışı) vasitəsilə bank sektorunun nağd vəsait imkanlarının da maksimum daraldığı şəraitdə də yüksək iqtisadiyyatda inflasiya baş verirsə, bu ilk növbədə real sektorun potensialının həddən artıq məhdud olduğunu göstərir. Real sektor maliyyə sektorundakı likvidliyi absorbsiya edən əsas kanal olmadıqca, biznesin və ev təsərrüfatlarının inflyasiya gözləntilərini aradan qaldırmaq, iqtisadiyyatda qiymət sabitliyinə nail olmaq xeyli çətin baş verir. İqtisadiyyatın deflyasiya deyil, inflyasiya potensialının yüksək olmasının ən mənfi tərəfi odur ki, pul siyasəti vasitəsilə stimullaşdırma investisiyaların artımına təkan vermir, bu şəraitdə biznes uzunmüddətli pullardan daha ehtiyatla istifadə etməyə üstünlük verir. Çünki biznesin yanaşması budur ki, yüksək inflyasiya riskinin qalması mərkəzi bankları daima bahalı pul siyasəti yürütməyə vadar edir ki, sərt pul-kredit siyasəti şəraitində iqtisadi fəallığın artması, tələbin genişlənməsi hesabına biznesin qazanclarının genişlənməsi real görünmür.
Makroiqtisadi baxımdan diqqətçəkən məqamlardan biri budur ki, 2017-ci il üçün iqtisadi artımın sabitləşməsində qeyri-ticari sektorların töhfəsi ticari sahələrə nisbətən daha həlledici olub. Belə ki, 2016-cı ilə nisbətən həm mədənçıxarma, həm də emal sənayesində real iqtisadi azalma tempi daha da sürətlənmiş, müvafiq olaraq iqtisadi azalma tempi mədənçıxarma sənayesində 4.6% (halbuki 2016-cı ildə 0.7% artım qeydə alınmışdı), emal sənayesində 1.8% (2016-cı ildə azalma 1.4% olmuşdu) təşkil etmişdi. Ticari sektordan yalnız kənd təsərrüfatında 4.2%-lik artım baş vermişdi (2016-cı ildə 2.6%).
Qeyri-ticari sektorlardan turizm və ictimai-iaşədə 5.9% (2016-cı ildə 0.1%), ticarətdə 2.5% (2016-cı ildə 1.5%), nəqliyyat sektorunda 8.5% (2016-cı ildə 0.5% azalma), informasiya və rabitə sektorunda 6.6% (2016-cı ildə 4.5%) artım baş vermişdir. Qeyri-ticari sektordan yalnız tikintidə 1.5% azalma qeydə alınıb. Lakin 2016-cı ildə bu sektorda 27%-ə yaxın azalmanın baş verdiyi nəzərə alınsa, sektorda geriləmənin əsasən dayandığını qeyd etmək mümkündür.
Əsas kapitala investisiyalar real ifadədə 2.6%-dək azalıb. Əvvəlki ildə bu azalmanın 22%-ə yaxın olduğu nəzərə alınsa, deməli 2017-ci ildə iqtisadiyyata sərmayə qoyuluşlarının real həcminin dinamikasında kəskin azalma əhəmiyyətli dərəcədə səngiyib.
2017-ci ildə əsas kapitala sərmayə qoyuluşlarının 54.3%-i və ya 8.45 mlrd. manatı neft sektorunun, 45.7%-i yaxud 7.1 mlrd. manatı isə qeyri-neft sektorunun hesabına təmin edilmişdir. Nominal ifadədə 2016-cı ilə nisbətən neft sektoruna investisiyalar 150 mln. manat (1.7%) azalmış, qeyri-neft sahələrinə isə 800 mln. manata yaxın (12.6%) artmışdır.
Bundan əlavə, əsas kapitala investisiyaların təxminən 6.9 mlrd. manatı (44.6%) daxili, 8.6 mlrd. manatı (55.4%) xarici mənbələr hesabına təmin edilmişdir. Nominal ifadədə 2016-cı ilə nisbətən daxili investisiyalar 900 mln. manata yaxın artmış, xarici sərmayələr isə 250 mln. manata yaxın azalmışdır.
İnvestisiya qoyuluşlarında sabitləşmə əsasən dövlət sektorunun, ev təsərrüfatlarının və bank sektorunun hesabına baş verib. Belə ki, dövlət əsas kapitala qoyuluşları büdcəsi hesabına 7.9%. büdcədəkənar fondlar sayəsində 30.8%, bank kreditləri hesabına 13.7%, ev təsərrüfatları hesabına 16.7% artmışdır. Lakin müəssisə və təşkilatların sərmayə qoyuluşları 12.2% azaldığı üçün əsas kapitala investisiyalarda artımı bərpa etmək mümkün olmayıb. Nəzərə alaq ki, bu qoyuluşlarda müəssisə və təşkilatlar üstün çəkiyə malik olduğundan, onların sərmayələrinin dinamikası da iqtisadiyyatda investisiyaların həcminə təsir edən həlledici faktor kimi çıxış edir. Belə ki, 2017-ci ildə əsas kapitala investisiyaların 63.4%-i məhz müəssisə və təşkilatların payına düşüb. İnvestisiyaların 54%-i mədən sənayesinin (2016-cı ildə 57%), 10%-i yerdə qalan sənaye sahələrinin (2016-cı ildə 7%), 11.2%-i nəqliyyat sektorunun (2016-cı ildə 9.2%), 5.7%-i yaşayış evlərinin tikintisinin (2016-cı ildə 4.6%), 2%-i kənd təsərrüfatının (2016-cı ildə 1.7%), 0.2%-i turizm və ictimai-iaşə sektorunun (2016-cı ildə 0.1%) payına düşüb.
Bundan əlavə, əvvəlki ilə nisbətən əsaslı kapitala investisiyalar mədən sənayesində 9.2% azalmış, kommunal sektora (elektrik enerjisi və qaz təchizatı ilə bağlı) 64.7%, turizm və ictimai-iaşə sektoruna 46.1%, emal sənayesində 40.5%, mənzil tikintisinə 21.7%, kənd təsərrüfatına 17.6%, nəqliyyat sektoruna 9.2% artmışdır.
Daxili və xarici faktorlar nöqteyi-nəzərdən analiz edilsə, iqtisadi geriləmənin qarşısının alınmasında əsas rol xarici faktora məxusus olub.
ÜDM-nin istifadəsinə görə strukturunun təhlili iqtisadi artımda (yaxud iqtisadi geriləmədə) daxli və xarici faktorların rolunu qiymətləndirmək baxımından ən yaxşı mənbə hesab edilə bilər. İstifadə baxımından ÜDM ev təsərrüfatlarının istehlakından, dövlət idarələrinin istehlakından, ümumi yığımdan və xalis ixracatdan formalaşır.
Ev təsərrüfatlarının istehlakına əhalinin il ərzində qida məhsulları, qeyri-ərzaq malları və xidmətlərlə bağlı xərclərini əhatə edir. Rəsmi statistikanın məlumatına görə, ötən il ev təsərrüfatlarının istehlakı nominal ifadədə 4.9 mlrd. manat və ya 13.9% artıb. İstehlak qiymətləri indeksinin səviyyəsi (12.9%) nəzərə alınsa, ev təsərrüfatlarının istehlakının real artımı 1% ətrafında olub.
Əhali istehlakının ÜDM-ə artırıcı təsir göstərə bilməməsinin əsas səbəbi ev təsərrüfatlarının real gəlirlərinin azalması olub. Belə ki, 2017-ci ildə əhalinin nominal gəlirlərinin artım tempinin (8.3%) inflyasiya səviyyəsindən (12.9%) geri qalması nəticəsində ev təsərürfatlarının real gəlirləri 4%-dək azalmışdır.
Eyni zamanda, dövlət idarələrinin istehlakı nominal olaraq 332 mln.manat (4.3%), ümumi yığım isə 1.4 mlrd. manat (9.1%) artsa da, iqtisadiyyat üzrə həm istehlak, həm də istehsalla bağlı qiymət indekslərinin daha yüksək artım tempi hər 2 element üzrə real azalmanı şərtləndirmişdir. Nəticə etibarı ilə daxili tələbi formalaşdıran 3 element üzrə real azalma iqtisadi artımın təmin edilməsinə töhfə verə bilməyib. Məlumat üçün qeyd etməyə dəyər ki, ümumi yığımın 98%-i əsas fondların (bina, qurğu və avadanlıqların) yığımı ilə bağlıdır (əsas dövriyyə vəsaitlərinin dəyişməsi çıxılmaqla). Dövlət idarələrinin istehlakı isə fərdi və kollektiv istehlak olmaqla büdcə xərclərinin iqtisadi təsnifatı baxımından əmək haqqıya, mal və xidmətlərin alınmasına xərclərin və sair xərclərin cəmindən (dövlət xidmətlərindən əldə olunan gəlirlər çıxılmaqla) ibarətdir.
Xarici tələb – xalis ixracat isə 3 dəfəyə yaxın və ya 3.1 mırd. manat artmaqla 4.7 mlrd. manata çatıb.
1.2. Monetar siyasət.
Mərkəzi Bank 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında Bəyanatında ölkənin makroiqtisadi sabitliyin təmin edilməsi əsas vəzifə kimi qeyd edilib. Bu vəzifənin icrası inflyasiya risklərinə çevik reaksiyanə, pul təklifinin tənzimləməsini, sərt pul siyasətinin həyat keçirilməsini, milli valyutanın məzənnəsinin sabitliyinin təmin edilməsini nəzərdə tutur.
Dünya bazarlarında neftin bahalaşmaqda davam etməsi 2017-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyini yaxşılaşdırıb. Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ildə 1,97 mlrd. ABŞ dolları həcmində profisitlə əvəzlənib. Cari hesablar balansında 2016-cı ildə qeydə alınan 539,2 milyon dollarlıq kəsir 2017-ci ildə 1,7 milyard dollarlıq müsbət saldoya çevrilib.
2015-ci il fevralın 21-i tarixindən başlayan manatın rəsmi məzənnəsinin ucuzlaşması tendensiyası 2017-ci ilin əvvəlinə kimi davam edib və rəsmi məzənnəsi həmin ilin fevral ayının 2-də 1 dollar üçün 1,92 manat olmaqla rekord səviyyəyə çatıb. Sonrakı dövrlərdə neft gəlirlərinin artması fonunda tədiyyə balansınının vəziyyətinin yaxşılaşması və Mərkəzi Bankın administrativ tədbirləri nəticəsində milli valyutanın məzənnəsində sabitlik yaranıb. Mərkəzi Bank 2015-ci ilin dekabr ayının 21-dən üzənnə məzənnə rejiminə keçdiyini elan etsə də manatın məzənnəsinin inzibati üsulla tənzimləməkdə davam edib. Bunun üçün bir tərəfdən pul kütləsinin sıxılması, digər tərəfdən bazar alətləri vasitəsilə bankların əlindəki sərbəst pul kütləsini özünə cəlb edərək onların valyuta bazarında yönəldilməsinin məhdudlaşdırıb. Mərkəzi Bank 12 yanvar 2017-ci il tarixində xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limiti (+4%) aradan götürüb. Beləliklə də manatın məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənərək inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.
2017-ci il ərzində Dövlət Neft Fondunun valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 99 valyuta hərracı keçirilib. İl ərzində Fondun xarici valyuta satışları 3597.8 mln. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 26.3% azdır.
2017-ci il ərzində valyuta bazarının ümumi həcmi ötən illə müqayisədə azalıb. Belə ki, 2016-cı illə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 5.8% azalaraq 15,72 milyard dollar, avro ilə əməliyyatların həcmi isə 5.4% azalaraq 2,45 milyard avro təşkil edib. Dövr ərzində valyuta bazarında əməliyyatların 83%-i ABŞ dollarında, 17%-i digər valyutalarda aparılıb.
Devalvasiya ili olan 2015-ci ildə iki dəfəyədək azaldılan pul kütləsi növbəti illərdə yenidən artırılıb və proses 2017-ci ildə də davam edib. 2016-cı illə müqayisədə pul kütləsi ötən il 8% artaraq 12,5 milyard manata çatıb. Bununla da pul kütləsinin həcmi 2012-ci il səviyyəsinə çatıb (diaqram 1.2).
Pul kütləsinin artması iqtisadiyyatı pulla təminatı problemini həll edə bilməyib. 2016-cı ildə monetizasiya səviyyəsi (M2 pul aqreqatının ÜDM-ə nisbəti) 19,3% olduğu halda 2017-ci ildə bir qədər azalaraq 17,8%-ə düşüb. Halbuki devalvasiyadan əvvəlki dövrdə 29% civarında olub. 2015-ci ildə isə hətta 16%-ə qədər azalıb (diaqram 1.3).
Ümumiyyətlə götürdükdə Azərbaycanda hətta yüksək neft gəlirləri olan dövrdə monetizasiya səviyyəsi 30%-dən çox olmayıb. Müqayisə üçün bildirək ki, dünyada inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın monetezasiya səviyyəsi 45-50%-dən az deyil, bir sıra inkiaf etmiş ölkələrdə isə hətta 100%-lik həddi keçir. Pul multiplikatoru isə aşağı olmaqla yanaşı ötən il il ciddi dəyişikliyə uğramayıb və 2016-cı il səviyyəsində qalıb. Bu da pul kütləsinin iqisadyyatda pul yaratma imkanlarının məhdudluğunu göstərir.
Diaqram 1.3. İqtisadiyyatın pulla təminatı səviyyəsi (Mənbə: Mərkəzi Bank)
Statistik rəqəmlər göstərir ki, banklar hazırda iqtisadiyyatı pulla təmin etməkdən çox passiv qazanc əldə etmək siyasəti yürüdür.Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məlumatlarına görə, banklar sərəncamlarındakı pulların bir hissəsini alternativ olaraq qiymətli kağızlara və Mərkəzi Bankın tənzimləyici bazar alətlərinə yatırır. 2016-cı ildə banklar aktivlərinin 1,3%-ni qiymətli kağızlara yönəldirdisə, 2017-ci ilin sonuna 9%-ə yüksəlib. Burda söhbət əsasən Mərkəzi Bankın qısamüddətli notlarına yatırımdan gedir. Məsələn, 2017-ci ildə Mərkəzi Bank Bakı Fond Birjasında 49 dəfə 28 günlük (bəzi hallarda 27 və ya 29 günlük) qısamüddətli not yerləşdirib. Notların illik faiz dərəcəsi ilin əvvəlində 14,9%-ə qədər yüksəlsə də, ilin sonuna doğru aşağı azalaraq 10,01% həddində sabitləşib. İlin ilk 4 ayında tələb təklifi qarşılamayıb, ancaq may ayından başlayaraq bankların tələbi təklifi 4-5 dəfə üstələyib. Notlar vasitəsilə banklar 2017-ci ildə 45 milyon manatadək gəlir əldə ediblər. Bu, bankların passiv qazanc götürmə üsullarından biridir.
Digər üsul Mərkəzi Bankın hər həftə təşkil etdiyi deposit hərraclarıdır. 2017-ci ildə ümumilikdə 61 depozit hərracı keçirilib və hərrac vasitəsilə bank sektoru təxminən 48,5 milyon manat məbləğində faiz gəliri əldə edib. Hərracda depozitin cəlb edilmə faizi ilin əvvəlində 15%-ə yaxın olsa da ili sonuna doğru bu hədd 10,01%-ə qədər azalıb. Bəzi hərraclar nəzərə alınmasa ilboyu tələb təklifi dəfələrlə üstələyib.
Ümumilikdə 2017-ci ildə banklar aktivlərinin təxminən ¼-ni depozit şəklində digər maliyyə institutlarına, o cümlədən banklara yerləşdiriblər. Halbuki 2016-cı ildə bu göstərici 24,3%, devalvasiyaya qədər isə 4% ətrafında olub. Bütün bunlar real sektorda riskin yüksək olması, problemli kreditlərin artması, etibarlı müştərilərin qıtlığı bankları maliyyəni buna daha çox ehtiyac duyan real sektora yox, Mərkəzi Bankın pul kütləsini tənzimləmək üçün təşkil etdiyi açıq bazar və depozit əməliyyatlarına və digər banklara depozit şəkildə yönəltməyə vadar edir.
2017-ci ildə Mərkəzi Bank milli valyutanın məzənnəsinin sabitliyinə nail olsa da inflyasiya təzyiqinin yüksək olması səbəbindən pul-kredit siyasətini yumşaltmağa tələsməyib. Məcburi ehtiyat normaları Mərkəzi Bankın istifadə etdiyi pul siyasəti alətlərindən biri olsa da 2017-ci ildə bu sahədə hansısa yumşalma həyata keçirilməyib. Eyni zamanda 2016-cı ildə 2008-ci ildən sonra uçot dərəcəsini ən yüksək həddə – 15%-ə qaldıran Mərkəzi Bank bu həddi 2017-ci ildə də dəyişməz saxlayıb.
Ümumiyyətlə, vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edib və Mərkəzi Bank tərəfindən müəyyən olunmuş faiz dərəcələri ilə həyata keçirilib. Vəsaitlərin cəlb olunması məqsədilə çərçivə əməliyyatlarının (1-7 günlük REPO) faiz dəhlizinin aşağı, vəsaitlərin yerləşdirilməsi məqsədilə əməliyyatlar isə (1-7 günlük əks-REPO) faiz dəhlizinin yuxarı həddi ilə aparılıb. Depozit hərraclarında və qiymətli kağızlar bazarında notlara tələbatın yüksək olması səbəbindən faiz dəhlizinin aşağı həddi dəyişməli olub. İyun ayının 22-də faiz dəhlizinin aşaı həddini 12%-dən 10%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi də (18%) sabit saxlanılıb.
1.3. Tədiyə balansı
Makroiqtisadi şəraitə təsir göstərən xarici amillərin müfəssəl təsirini tədiyyə balansının detallı təhlili ilə daha aydın göstərir.
2017-ci ildə tədiyə balansının cari hissəsində 1.685 mlrd. manat porfisit yaranıb, halbuki əvvəlki ildə 1.363 mlrd. manatlıq defisit qeydə alınmışdı. Cari hesablar çərçivəsində ölkəyə daxilolmalar 3.118 mlrd. manat (16.3%) artmışdır. Bu artımın 1.8 mlrd. manatı neft-qaz sektorunun, 1.3 mlrd. manatı isə qeyri-neft sektorunun hesabına təmin edilmişdir. Neft-qaz sektorunda artım dünya bazarında xam neftin orta qiymətinin əvvəlki ilə nisbətən təxminən 30% yüksəlməsi ilə bağlı olmuşdur. Qeyri-neft sektorunda artımda isə təxminən 300 mln. dollarlıq hissə əmtəə ixracı hesabına formalaşmışdır. Xidmət ixracından gəlirlər 300 mln. dollar, təkrar gəlirlər (əsasən xaricdən göndərilən remitanslar) 500 mln. dollar genişlənmişdir.
Maliyyə hesabı çərçivəsində ölkənin xarici aktivləri 5.419 mlrd. dollar, xarici öhdəliklər isə 5.218 mlrd. dollar artmış və nəticədə maliyyə hesabı üzrə 200 mln. dollara yaxın profisit yaranmışdır. Ümumilikdə isə balanslaşdırıcı maddə çərçivəsində ölkəyə 387.8 mln. dollar məbləğində valyuta daxilolmaları da nəzəra alındıqda, carii balans və maliyyə hesabının yekunu kimi tədiyə balalansında ümumilkdə 1.971 mlrd. dollar müsbət saldo qeydə alınmışdı. Halbuki 2016-cı ildə tədiyə balansının kəsiri 539 mln. dollar, 2015-ci ildə isə 11 mlrd. dollardan çox olmuşdur. Tədiyə balansının əlverişli göstəricilərinin formalaşdığı şəraitdə il ərzində milli valyutanın məzənnəsinin sabitliyini qorumaq Mərkəzi Bank üçün problem olmayıb, əksinə 2017-ci ilin əvvəlinə nisbətən sonlarında manatın ABŞ dolları qarşısında məzənnəsi 4% bahalanmışdı.
Xüsusi vurğulamağa ehtiyac var ki, tədiyə balansının göstəriciıərinin yaxşılaşmasında hökumətin kapital axınlarına nəzarəti sərtləşdirməsi də mühüm rol oynadı. Məsələn, ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə idxal-ixrac qaydalarına dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən, konsiqnasiya (ixracının dəyərinin müqavilədə əks olunan hissəsinin məhsulların (iş və xidmətlərin) ixrac edildiyi coğrafiyada satışından (başa çatdırılmasından) sonra ödənilməsi) yolu ilə ixracın dəyəri 180 gün ərzində ödənməlidir. Əvvəlki dövrdə bu sahədə nəzarətsiz hökm sürdüyü üçün ixracatçı şirkətlər müxtəlif səbəblərdən (məsələn, vergidən yayınma) ixrac gəlirlərinin müəyyən hissəsini xaricdə saxlamasına dair şübhələr var və hökumətin məlum qərarı həmin səbəbdən verdiyi şübhə doğurmur. Konsiqnasiya yolu ilə ixrac tədiyə balansınında maliyə hesabının xalis aktivlər hissəsində “ticarət kreditləri” maddəsi altında əks etdirilir. 2016-cı ildə “ticarət kreditləri” üzrə xalis aktivlər 4.7 mlrd. dollar artığı halda, 2017-ci ildə həmin göstərici 2 dəfədən çox azalaraq 2.171 mlrd. dollara qədər azalıb. Deməli, 180 günlük məhdudiyyətin tətbiqi ixracatçı şirkətləri ixracdan əldə olunmuş vəsaiti ölkəyə qaytarmağa vadar edib və konsiqnasiya ilə ticarət hesabına il ərzində xaricdə toplanan rezidentlərə məxsus aktivlərin mümkün qədər daha çox hissəsi ölkəyə qaytarılıb.
2017-ci il üzrə tədiyyə balansında diqqəti cəlb edən daha 2 məqam var:
1) Birbaşa investisiya formasında ölkəyə daxil olan vəsaitlərin (xarici öhdəliklərin) saldosu 50%-dən çox (1.7 mlrd. dollara yaxın) azalaraq 2.866 mlrd. dollar təşkil edib;
2) Bunun əvəzində portfel investisiya formasında ölkəyə daxil olan vəsaitlərin (xarici öhdəliklərin) saldosu 6 dəfəyə yaxın artaraq 2.588 mlrd. dollara çatıb. Bu artımın əsas səbəbi Azərbaycanın neft-qaz layihələri (əsasən Cənub Dəhlizi qaz kəməri) ilə bağlı həyata keçirdiyi layihələrə qiymətli kağızların buraxılışı vasitəsilə cəlb etdiyi borclar daxildir.
1.4. Xarici dövlət borcu
2017-ci il ərzində xarici dövlət borcunda ciddi artım baş verib. Belə ki, Maliyyə Nazirliyinin məlumatına görə, illin əvvəlinə xarici borc 6.913 mlrd. dollar olduğu halda, il əzrində 36% və ya 2.485 mlrd. dollar artaraq 9.398 mlrd. dollara çatıb. Öz növbəsində, xarici borcun ÜDM-ə nisbəti 20.4%-dən 22.8%-ə yüksəlmişdi. Şübhəsiz ki, bu hədd Beynəlxalq Valyuta Fondunun inkişaf etməkdə olan ölkələr üçün riskli saydığı həddən (40%) hələləlik xeyli aşağı olsa da, 2 amil xarici borcla bağlı narahatlığı artırır:
- borcun artım tempi həddən artıq yüksəkdir və il ərzində xarici borcun birdən-birə üçdə bir həcmdə artması bunun təsdiqidir;
- Azərbaycan xarici faktorlardan yüksək asılılığı olan ölkədir, valyuta gəlirlərinin 95%-ə qədəri təbii resurs gəlirlərinə bağlıdır. Dünyada təbii resurslara bağlı əmtəə bazarlarının yüksək volatilliyi xarici borcun hətta indiki səviyyəsində hökumət üçün daimi narahatlıq mənbəyidir.
Diqqətçəkən nüanslardan biri də budur ki, son illərdə Azərbaycan hökuməti heç zaman dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş xarici borcun yuxarı limiti səviyyəsində borc sazişləri imzalamamışdır. Məsələn, 2016-cı ildə nəzərdə tutulan maksimum borc limitinin cəmi 25%-i səviyyəsində borc sazişləri bağlandığı halda, 2017-ci ildə həmin göstərici 100% təşkil edib (öz nəvbəsində, 2015-ci ildə 50%, 2014-cü ildə 87.3%, 2013-cü ildə 49.3%).
Təqdim edilən rəsmi statistikaya görə, faktiki istifadə edilmiş xarici dövlət borcunun 50%-dən bir qədər az hissəsi (4.2 mlrd. dollar) yaxın 10 ildə (2027-ci ilədək) qaytarlımalıdır.
1.5. Xarici ticarət
Dünya əmtəə bazarlarında neftin qiymətinin bahalaşması və bu tendensiyanın 2017-ci ildə də davam etməsi neftdən asılı olan Azərbaycanın həmin dövrə xarici ticarətinin vəziyyətinin yaxşılaşmasına dəstək verib. Mərkəzi Bankın məlumatına görə, ötən il ərzində Brent markalı neftin qiymətinin artımı 21% təşkil edib. Bu mddətdə təbii qazın orta qiyməti 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 20.5% çox olub.[i] Ümumən götürdükdə həm ixracda, həm də idxalda artım olub və ixracın artım tempinin idxalın artım tempini üstələməsi xarici ticarətdə müsbət saldonu əhəmiyyətli dərəcədə artırıb. Qeyri neft sektorunun ixracında artım müşahidə edilməsinə rəğmən neft sektorunun ixracının dəyər ifadəsində kəskin artması qeyri-neftin ümumi ticarətdə payının azalması ilə nəticələnib.
2016-cı illə müqayisədə 2017-ci ildə xarici ticarət dövriyyəsi 27,8% artaraq $17,676 milyarddan $22,594 milyarda yüksəlib. Bu, son 3 ilin ən yüksək həddidir. 2014-cü ilin ikinci yarısından başlayaraq dünya əmtəə bazarlarında neftin qiymətinin ucuzlaşmağa başlaması bu xammalın üstünlük təşkil etdiyi xarici ticarət dövriyyəsinin həcminə də mənfi təsir göstərib və 2014-2016-cı illərdə azalma tendensiyası nümayiş etdirib. 2013-cü ildə xarici ticarət dövriyyəsi $34,688 milyard olduğu halda, 2014-cü ildə $31,016 milyarda, 2015-ci ildə isə $20,646 milyarda qədər azalıb (diaqram 1.6).
2017-ci ildə xarici ticarət dövriyyəsinin artmasına səbəb ixracın əhəmiyyətli dərəcədə artması olub. İxracın təxminən 90-95%-ni təkil edən neft və neft məhsullarının belə artımı ixracın dəyər ifadəsində artımını şərtləndirib. 2017-ci ildə ixrac dövriyyə sinin həcmi 2016-cı illə müqayisədə 51,1% artaraq $9,143 milyarddan $13,812 milyarda çatıb. İxrac dövriyyəsində 2014-2016-cı illərdə müşahidə edilən azalma tendensiyası nəticəsində ixrac 2 dəfədən çox azalsa da, 2017-ci ildə artımla əvəz olunub.
İxracda ticarət əməliyyatlarının əsas iştirakçıları dövlət, idxalda isə özəl sektor olub. İxracda dövlət sektorunu payı 2016-cı ildə $7,2 milyard olduğu 2017-ci ildə $8,8 milyarda yüksəlib. Dövlət sektoru ilə ixracın dəyər ifadədə artımına rəğmən payı 79%-dən 64%-ə düşüb. Dövlət sektorunun payının yüksək olmasına səbəb ixracın əsasını təşkil edən neft və neft məhsularının xarici ölkələrə satışının bu sektorla həyaa keçirilməsidir. Özəl sektorunun həm həcmi, həm də payı artıb. Özəl sektorla ixracın həcmi 3 dəfəyədək artaraq $1,7 milyarddan $4,8 milyarda çatıb. Belə ciddi artıma səbəb neft məhsullarının bir hissəsinin ixracının özəl sektorun adına rəsmləşdirilməsidir. Fiziki şəxslərin ixracdakı həcmi və payında azalma baş verib (diaqram 1.7).
2017-ci ildə idxalda artım cüzi olub. Ötən il idxal əvvəlki illə müqayisədə 2,9% artaraq 8,533 milyarddan 8,782 milyarda yüksəlib.
İdxalda üstünlük təşkil edən özəl sektorun həcmi 2016-2017-ci illərdə 6,8 milyardda 7,1 milyarda, payı isə 79,8%-dən 80,9%-ə yüksəlib. Bu müddətdə dövlət sektorunun həcmi 1,23 milyarddan 1,19 milyarda, payı isə 14,4%-dən 13,6%-ə düşüb. Dövlət sektorunun payının azalmasıma səbəb ölkə prezidentinin 2016-cı ildə imzaladığı və icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasıdayandırılmasını nəzərdə tutan fərmanın qüvvəyə minməsi ilə bağlıdır. Fiziki şəxslərin ölkəmizə gətirdikləri malların həcmində və payında ciddi dəyişiklik baş verməyib (diaqram 1.5).
Hökumətin qeyri-neft sektorunu dəstəkləyən addımlarına rəğmən ümumi ixracda neft sektorunun azalmasına nəinki mümkün olmayıb hətta onun artımı baş verib. Neft sektorunun payı 2016-cı ildəki 86,24%-dən 2017-ci ildəki 88,62%-ə yüksəlib. Artıma səbəb neft məhsullarının ixrac həcminin və qiymətinin artmasıdır. Belə ki, ötən il əvvəlki illə müqayisədə xam neftin fiziki həcminin ixracı 20,9 milyon tondan 27,2 milyon tona (artım 30%) artıb. Xam neftin dəyəri $6,5 milyarddan $10,7 milyarda (artım 64,6%) yüksəlib. Bu baxımdan xam neftin payı 71,4%-dən 77,52%-ə qalxıb. Təbii qazın payı 10,62%-dən 8,64%-ə, neft məhsullarının payı 4,48%-dən 2,46%-ə düşüb. Ancaq təbii qazın statistik dəyəri $970,6 milyondan $1,2 milyarda yüksəlib. Neft məhsullarının statistik dəyəri isə $409,7 milyondan $339,2 milyona düşüb (diaqram 1.6)
2017-ci ildə qeyri-neft sektorunun statistik dəyəri əvvəlki illə müqayisədə $1,26 milyardan $1,57 milyarda yüksəlsə də ümumi ixracda payı 13,76%-dən 11,38%-ə düşüb. Qeyri-neft sektorunun payının azalmasına səbəb neft sektorunun artım tempinin (55,2%) qeyri-neftin artım tempini (24,6%) üstələməsidir. Qeyri-neft sektoru ixracının əsasını meyvə-tərəvəz məhsulları təşkil edib, onun ümumi ixracda payı ötən il 4,08%-dən 3,64%-ə düşüb. Bundan başqa alüminium və ondan hazırlanan məmulatlar (payı 0,85%), plastmassa və onlardan hazırlanan məmulatlar (payı 0,73%), qara metallar və onlardan hazırlanan məmulatlar (0,60%), kimya sənayesi məhsulları (payı 0,58%) paylarına ilk beşliyə daxildirlər. 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə elektrik enerjisinin, meyvə-tərəvəz məhsullarının, çayın, spirtli və spirtsiz içkilərin, kimya sənayesi məhsullarının ixracı artıb. Şəkər, pambıq ipliyi, qara metallar və onlardan hazırlanan məmulatların ixracında isə azalma qeydə alınıb (diaqram 1.8).
İdxalda əsas üstünlüyü yeyinti məhsulları, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri, qara metallar və onlardan hazırlanan məmulatlar təşkil edib. İdxalda ən böyük xüsusi çəkiyə malik maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri adlı mal qrupuna daxil olan malların idxalda payı 2016-2017-ci illərdə 23,60%-dən 21,26 %-ə düşüb.
İdxalda ikinci böyük çəkiyə malik olan yeyinti məhsullarının dəyəri 2016-cı ildə $1,3 milyard olduğu halda 2017-ci ildə $1,4 milyarda yüksəlib. Ölkəyə gətirilən yeyinti məhsullarının payı da uyğun olaraq 15,49%-dən 15,99%-ə artmaqla son illərin ən yüksək həddinə çatıb. Yeyinti məhsulları daxilində ət, süd, kərə yağı və süddən hazırlanmış digər yağlar, çay məhsullarının idxalında artım, meyvə-tərəvəz, buğda, şəkər idxalında isə azalma qeydə alınıb. Müvafiq olaraq ət məhsullarının ümumi idxalda payı 0,45%-dən 0,72%-ə, süd 0,09%-dən 0,16%-ə, kərə yağı 0,57%-dən 0,76%-ə, çay 0,52%-dən 0,61%-ə, şəkər 1,79%-dən 1,93%-ə çatıb, meyvə-tərəvəzin payı 1,58%-dən 1,51%-ə, buğdanın payı 3,46%-dən 2,56%-ə düşüb (diaqram. 1.9).
Tütün və tütün məmulatlarının payı 1,79%-dən 1,90%-ə, əczaçılıq məhsullarının payı 2,30%-dən 2,84%-ə, nəqliyyat vasitələri və onların hissələrinin payı 9,54%-dən 12,28%-ə, plastmassa və onlardan hazırlanan məmulatların payı 3,30%-dən 3,62%-ə yüksəlib. Ancaq bir sıra məhsulların, o cümlədən mebel və onun hissələrinin, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin, sementin payında azalma qeydə alınıb.
Azərbaycanın xarici ticarət dövriyyəsi olan ölkələin sayı 2017-ci ildə 187 (2016-cı ildə 186) olub. 2016-2017-ci illərdə Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşı Türkiyə, Rusiya, İtaliya, Almaniya və Çin Respublikası olub. Azərbaycanın xarici ticarət tərəfdaşları üzrə təmərküzləşmə səviyyəsi artıb. 2016-cı ildə ümumi ticarət dövriyyəsinin 46,6%-i ilk beşliyin payına düşürdüsə, 2017-ci ildə onların payı 51,8%-ə yüksəlib. Xarici ticarət dövriyyəsinin 82%-dən çoxu xarici ticarət tərəfdaşlarının 10%-nin payına düşüb.
2017-ci ildə İtaliyanın xarici ticarətdə payı 2 dəfə artaraq 10,70%-dən 20,90%-ə yüksəlib və Azərbaycanın ən böyük ticarət tərəfdaşı statusunu qazanıb. İtalyanın payının bu səviyyədə artımı dünya bazarlarında xam neftin qiymətinin bahalaşması ilə bağlıdır. İtaliya ilə xarici ticarətdə müsbət saldo təxminən 3,5 dəfə artaraq $1,2 milyarddan $4,1 milyarda yüksəlib. Müsbət saldonun artımına həmçinin İtaliyadan idxalın azalması da təsir edir. 2017-ci ildə İtaliyanın ixracda payı 20,91%, idxalda isə 3,63% olub.
Mövqeyini İtaliyaya verən digər əsas xarici ticarət tərəfdaşı – Türkiyə ilə ölkəmizin ticarətində $48,8 milyonluq mənfi saldo 2017-ci ildə $926,3 milyonluq müsbət saldoya çevrilib. Ötən il ölkənin ikinci ən böyük ixracatçı və idxalatçı ölkəsi olan Türkiyənin ixracda payı 9,89%, idxalda isə 14,50% olub. Azərbaycanın üçüncü əsas ticarət tərəfdaşı və ən böyük idxalatçı ölkəsi olan Rusiya ilə mövcud olan $1,2 milyardlıq mənfi saldo azalaraq $967,2 milyona düşüb. Rusiyanın ixracda payı 4,25%, idxalda isə 17,70% olub. Çin ilə mənfi saldo $432,4 milyondan $410,7 milyona qədər azaldığı halda, Almaniya ilə mənfi saldo $211,6 milyondan $6,8 milyonluq müsbət saldoya seçvrilib (diaqram 1.10).
Xarici ticarət dövriyyəsinin yarıdan çoxu (53,4%%) stasionar nəqletmə vasitələri, yəni boru kəmərləri vasitəsilə ilə daşınıb. İkinci böyük daşınma yükü avtomobil nəqliyyatının payına (25,3%) düşüb. Daşınmaların 11,4%-i dəmiryolu, 4,9%-i hava, 2,5%-i isə dəniznəqliyyatı vasitəsilə həyata keçirilib. 2016-cı illə müqaysədə stasionar nəqletmə, avtomobil və hava nəqliyyatı ilə daşınmalar atsa da, dəniz və dəmiryolu nəqliyyatı ilə daşınmaların dəyəri azalıb.
- Real sektorda durum
2017-ci ildə ölkənin 70135.1 milyon manatlıq ÜDM-nin 26073,2 mln. manatı yaxud 37.2%-i neft sektorunda, 44061.9 milyon manatı yaxud 62.8%-i isə qeyri-neft sektorunda yaradılıb. 2016-cı illə müqayisdə 2017-ci ildə ÜDM istehsalı neft sektorunda 5.0% azalmış, qeyri-neft sektorunda isə 2.7% artmışdır.
2.1. Neft-qaz sektorunda əsas meyllər
2017-ci ildə Azərbaycanda 38688.9 min ton neft hasil olunub ki, bu da 2016-cı ildə olduğundan 2345.6 min ton azdır (cədvəl 3.1).
Cədvəl 2.1
2016-2017-ci iliərdə Azərbaycanda neft hasilatı göstəriciləri (min ton)
| 2017-ci il | 2016-cı il | 2016-cı illə müqayisədə 2017-ci ildə artım (+)/azalma (-) | |
| Neft hasilatı, cəmi | 38688.9 | 41034.5 | -2345.6 |
| O cümlədən: | |||
| SOCAR | 7427.1 | 7522.4 | -95.3 |
| AÇG sazişi üzrə | 28906.4 | 31020.3 | -2113.9 |
| Şahdəniz sazişi üzrə neft kondensatı | 2355.4 | 2491.8 | -136.4 |
(Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyi)
2.1-ci cədvəl məlumatlarından göründüyü kimi, 2017-ci ildə Həm milli neft şirkəti olan SOCAR, həm də Hasilatın Pay Bölgüsü sazişləri (HPBS) çərçivəsində hasil edilən neftin həcmi azalıb. AÇG sazişi üzrə neft hasilatı həcmində əhəmiyyətli (7 faizədək) azalma baş verib. Ümumiyyətlə son illər Azəbaycanda neft hasilatının həcmi ildən-ilə azalmaqda davam edir. Ölkədə illik neft hasilatının ən yüksək səviyyəsi 50.8 mln. tonla 2010-cu ildə qeydə alınıb. Sonrakı illərdə neft hasilatı həcmləri tədricən azalmaqda davam edir (diaqram 2.1).
Diaqram 2.2-dən göründüyü kimi son 7 ildə neft hasilatı 12.0 mln. ton yaxud 23.6% azalıb. Azalmanın əksər hissəsi HPBS-lər çərçivəsində hasilatın hesabınadır: HPBS üzrə cəmi hasilatın həcmi 2010-cu ildəki 42.3 mln. tondan 2017-ci ildə 31.3 mln. tona düşüb.
Energetika nazirliyinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycan 32.9 mln. ton neft ixrac edib ki, bunun da 31.3 mln. tonu AÇG Konsorsiumunun, 1.6 mln. tonu isə SOCAR-ın payına düşür. SOCAR-ın hasil etdiyi neftin 5.8 mln. tonu ölkə daxilində emal edilib.
2017-ci ildə ölkədə 28.6 mlrd. m3 təbii qaz (səmt qazı ilə birlikdə) hasil edilib. Hasil olunan təbii qazın 6,1 mlrd. m3-i SOCAR-ın, 12.3 mlrd. m3-i AÇG sazişinin, 10.2 mlrd. m3-i isə “Şahdəniz”in payına düşür. Təbii qaz hasilatının həcmi 2016-cı illə müqayisədə 769.4 mln. m3 (yaxud 2.6%) azalıb.
Cədvəl 2.2
2016-2017-ci iliərdə Azərbaycanda təbii qaz hasilatı göstəriciləri (mln. kub metr)
| 2017-ci il | 2016-cı il | 2016-cı illə müqayisədə 2017-ci ildə artım ya da azalma (-) | |
| Təbii qaz hasilatı, cəmi | 28597.9 | 29367.3 | -769.4 |
| O cümlədən: | |||
| SOCAR | 6089.1 | 6266.7 | -176.0 |
| AÇG sazişi üzrə (səmt qazı) | 12340.7 | 12425.7 | -85.0 |
| Şahdəniz sazişi üzrə | 10168.1 | 10674.8 | -506.7 |
(Mənbə: Azərbaycan Respublikasının Energetika Nazirliyi)
2017-ci ildə hasil edilən təbii qazın 8.5 mlrd. m3-i ixrac edilib (bunu 6.3 mlrd. m3-i Türkiyəyə, 2.2 mlrd. m3-i isə Gürcüstana verilib). 2017-ci ildə Azərbaycan Rusiyadan 349.3 mln. m3, İrandan isə 1760.6 mln. m3 təbii qaz idxal edib.
2017-ci ildə öldə daxilində yerli istehlakçılara 12168.6 mln. m3 təbii qaz verilib ki, bu da 2016-cı illə müqayisədə 380.1 mln. m3çoxdur. İl ərzində 1.9 mlrd. m3 təbii qaz ehtiyat kimi yeraltı qaz anbarlarına vurulub. Təqribən 8.0 mlrd. m3 səmt qazı isə neft hasilatında quyulara vurulması məqsədi üçün istifadə olunub.
2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri arasında “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanmışdır. Qeyd etmək lzaımdır ki, AÇG üzrə əvvəlki saziş 20 sentyabr 1994-cü il tarixində imzalanmışdı və “Əsrin müqaviləsi” kimi tanınmışdı. Həmin saziş 2024-cü ilədək olan müddəti əhatə etməsinə rəğmən Azərbaycan hökuməti və şirkətlər arasında gedən danışıqlara əsasən sazişin vaxtından əvvəl yenilənməsi ilə bağlı qərar verilmişdi.
İmzalanmış yeni sazişə əsasən AÇG-də tərəfdaşların yeni iştirak payları belədir:
- BP – 30,37%;
- AzACG (SOCAR) – 25,00%;
- Chevron – 9,57%;
- INPEX – 9,31%;
- Statoil – 7,27%;
- ExxonMobil – 6,79%;
- TP – 5,73%;
- ITOCHU – 3,65%;
- ONGC Videsh Limited (OVL) – 2,31%.
Yenilənmiş sazişdə SOCAR-ın iştirak payı 11.65%-dən 25.0%-ə qaldırılması ilə yanaşı, əldə ediləcək mənfəət neftinin 75%-i Azərbaycan hökumətinə çatacaq. Razılaşmaya əsasən sazişin tərəfdaşlatrı olan beynəlxalq şirkətlər Azərbaycan hökumətinə 3.6 milyard ABŞ dolları məbləğində bonus ödəməlidirlər. Habelə növbəti 32 il müddətində saziş üzrə 40 mlrd. ABŞ dolları miqdarında sərmayənin qoyulması gözlənilir[ii] (yeni saziş 2049-cu ilin sonunadək olan müddət üçün nəzərdə tutulub.).
2.2. Qeyri-neft sektorunun əsas trendləri
Arıq qeyd olunduğu kimi, 2017-ci ildə ölkənin qeyri-neft sektorunda 44061.9 mln. manatlıq əlavə dəyər yaradılıb. Burada əvvəlki illə müqayisədə 2.7%-lik real artım qeydə alınıb.
Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin 7.0%-i qeyri-neft sənayesinin, 9.0%-i kənd təsərrüfatı, müşə təsərrüfatı və balıqçılığın, 15.2%-i tikintinin, 16.6%-i ticarət və nəqliyyat vasitələrinin təmirinin, 10.7%-i nəqliyyat və anbar təsərrüfatının, 3.7%-i turistlərin yerləşdirilmə-si və ictimai iaşənin, 2.6%-i informasiya və rabitənin, 9.2%-i qeyri-neft sektorunda məhsula və idxala xalis vergilərin, qalan 26.0%-i isə qeyri-neft sektorunun digər sahələrinin payına düşüb (diaqram 2.2).
DSK-nın məlumatına əsasən 2016-cı illə müqayisədə 2017-ci ildə kənd, meşə və balıqçılıq təsərrüfatları sahəsində 4.2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 2.5%, nəqliyyat və anbar təsərrüfatı sahəsində 8.5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 5.9%, informasiya və rabitə sahəsində 6.6% artım, qeyri-neft sənayesində 1.8%, tikinti sahəsində 1.5% azalma baş verib.
2.2.1. Qeyri-neft sənayesi. 2017-ci ildə ölkədə istehsal edilmiş ümumi sənaye məhsulunun nominal həcmi 39562.8 mln. manat dəyərində olub (2016-cı ildə 32300.2 mln. manat). DSK-nın məlumatına əsasən 2016-cı illə müqayisədə 2017-ci ildə sənaye istehsalının real həcmi 4.2% azalıb. 2017-ci ildə istehsal edilmiş sənaye məhsulunun 27662,6 mln. manatı (69.9%-i) mədənçıxarma sənayesinin, 9771.9 mln. manatı (24.7%-i) emal sənayesinin, 1833.2 mln. manatı (4.6%-i) elekrtrik enerjisi, qaz və buxar istehsalı və təchizatının, qalan 295.1 mln. manatı (0.8%-i) isə su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşür (diaqram 2.3).
DSK-nın məlumatına əsasən 2017-ci ildə ölkənin ümumi ÜDM-nin 6.7%-i qeyri-neft sənayesində, o cümlədən 2.0%-i qeyri-neft mədənçıxarma sənayesində, 4.7%-i isə emal sənayesi sahələrində yaradılıb.
Qeyri-neft mədənçıxarma sənayesində ən əhəmiyyətli artım qızıl hasilatında qeydə alınıb: 2017-ci ildə 6390.8 kq qızıl hasil edilib ki, bu da 2016-cı ildə (1895.0 kq) olduğundan 3.4 dəfə çoxdur.
Son illər ilk dəfə olaraq ölkənin emal sənayesində məhsul istehsalının azalması baş verib: 2017-ci ildə emal sənayesində 9.77 mlrd. manatlıq məhsul istehsal edilib ki, bu da 2016-cı ildəki istehsalın 98.0%-i qədər deməkdir. Qeyd edək ki, əvvəlki illə müqayisədə emal sənayesində istehsalın həcmi 2013-cü ildə 5.8%, 2014-cü ildə 2.2%, 2015-ci ildə 7.0%, 2016-cı ildə isə 1.0% artmışdı (diaqram 2.4).
Emal sənayesində istehsal edilən məhsulun 60 faizindən çoxu 2 sahənin payına düşür: istehsalın 3293.1 mln. manatı yaxud 33.7%-i qida sənayesində, 2727.3 mln. manatı yaxud 27.9%-i isə neft emalı sənayesində yaradılıb.
Neft emalı sənayesində yaradılmış məhsulu çıxdıqda, 2017-ci ildə ölkənin qeyri-neft emal sənayesində 7044.6 mln. manatlıq məhsul istehsal edildiyini görürük. Beləliklə, 2017-ci ildə ölkənin ümumi sənaye istehsalında qeyri-neft emal sənayesinin payı cəmi 17.8% olmuşdur.
Qeyri-neft emal sənayesi istehsalının strukturu aşağıdakı kimi olub: qida sənayesi – 3293.1 mln. manat (46.7%); tikinti materiallaır istehsalı – 567.9 mln. manat (8.1%); kimya sənayesi – 504.5 mln. manat (7.2%); maşın və avadanlıqların quraşdırılması və təmiri – 438.2 mln. manat (6.2%); metallurgiya sənayesi – 434.3 mln. manat (6.2%); hazır metal məmulatlaır istehsalı – 275.3 mln. manat (3.9%); içki istehsalı – 241.0 mln. manat (3.4%); rezin və plastik kütlə məmulatları istehsalı – 231.7 mln. manat (3.3%); maşın və avadanlıqlar istehsalı – 192.5 mln. manat (2.7%); elektrik avadanlıqları istehsalı – 172.0 mln. manat (2.4%); toxuculuq sənayesi – 171.8 mln. manat (2.4%); geyim istehsalı – 71.1 mln. manat (1.0%); digərləri – 451.2 mln. manat (6.5%) (diaqram 2.5).
2016-cı ilə nisbətən istehsalın həcmi əczaçılıq məhsulları istehsalında 2.5 dəfə, rezin və plastik kütlə məmulatları istehsalında 71.7%, tikinti materialları istehsalında 46.6%, toxuculuq sənayesində 44.7%, maşın və avadanlıqlar istehsalında 42.9%, ağac emalında 34,7%, elektrik avadanlıqları istehsalında 34.6%, musiqi alətləri, idman malları və tibb avadanlıqları istehsalında 32.0%, elektron və optik məhsulların istehsalında 25.5%, içki istehsalında 17.2%, mebel istehsalında 16.2%, geyim istehsalında 15.5%, qida məhsulları istehsalında isə cəmi 1.0% artım baş verib. Əvvəlki ilə nisbətən avtomobil və qoşqu istehsalı 98.8%, maşın və avadanlıqların quraşdırılması və təmiri 44.4%, hazır metal məmulatları istehsalı 12.0%, metallurgiya sənayesi 8.7%, dəri və ayaqqabı istehsalı 4.7%, poliqrafiya məhsulları istehsalı 2.4%azalıb.
Natural ifadədə məhsul istehsalı baxımından 2017-ci ildə ən əəhmiyyətli artım hazır pambıq parçalar istehsalında qeydə alınıb: istehsal 2016-cı ildəki 1.7 mln. m2-dən 2017-ci ildə 16.6 mln. m2-ə yüksəlib, yəni 9.8 dəfə artıb.
2017-ci ildə qeyri-neft sənayesinin inkişafına yönəlik fəaliyyət kimi Sumqayıt Kimya Sənaye Parkının, Pirallahı Sənaye Parkının, Mingəçevir Sənaye Parkının, Neftçalada, Sabirabadda, Hacıqabulda və Masallıda sənaye məhəllələrinin yaradılması işləri davam etdirilib.
2016-cı ilə nisbətən 2017-ci ildə emal sənayesində məhsul istehsalçılarının qiymət indeksi 130.3% təşkil edib. Bu göstərici qida sənayesində 116.1%, tikinti məmulatları istehsalında 143.9%, toxuculuq sənayesində 139.0%, tütün məmulatları