Çox səbəbi vardır…

Dağlara dırmaşmağı çox sevirəm. Yüksəkliklərə çıxdıqca qaya, qar və buz ilə qarşılaşırsınız. Hərəsinin də öz əyrilik bucağı olur. Bəzən qarşına qayadan divar çıxır, bəzən isə buzdan 30 dərəcəlik bir yoxuş. Bəzən isə….cığır.

Bax, mən, o cığırlarda gəzən dağ turistiyəm, tam mənası ilə alpinist deyil.

Azərbaycan dağlarının əksəriyyətində zirvəyə gedən cığır vardır. Bir tək Gənclik zirvəsində kiçik bir texniki hissə var imiş – iplə dırmaşmaq olarmış.

Azərbaycan dağlarının hamısına dırmaşmaq olmaz. Murov dağının zirvəsinə nə qədər baxsam da, dırmaşa bilmirəm – cəbhə bölgəsidir, amma atam və əmim Murova çıxıblar. Sadə ayaqqabı ilə. Sülh vaxtı.

Tufan dağ bir az texniki dağdır. Əksər yerini iplə getmək lazımdır, amma bizimkilər keçi kimi tullanaraq keçirlər. Ağıllı hərəkət deyil.


Yenə də alpinistləri öldürən başqa şeydir: yüksəklik!

Burada, dəniz səviyyəsində atmosfer təzyiqi çox vaxt 760 mm civə sütunudur və havada 21% oksigen vardır. Yüksəkliyə çıxdıqca atmosfer təzyiqi düşür və oksigen nisbəti də azalır.

Nəticədə iki ən böyük təhlükə alpinisti gözləyir: pis hava şəraiti və …..havasızlıq.

“Qudurublar” sözünü yəqin eşitmisiniz. Biri yüksək mövqeyə çatır, o birisi varlanır – bir qismində isə xarakter dəyişikliyi başlayır, qudurur.

Alpinistlər də elədirlər. Dəniz səviyyəsindən 3 000 metr yüksəkliyə qalxdıqdan sonra tamaşa başlayır. Buludlara yuxarıdan baxırsan, aşağıda gəzişən insanlar, daha doğru ifadə ilə insancıqlar artıq gözünə belə dəymir, amma bu yüksək mövqedə bir şey səni yaman narahat edir: baş ağrısı.


Dayanılmaz baş ağrısı.

Hərdən başını qayaya çırpıb dağıtmaq istəyirsən, amma bu ağrı tez düzəlir. Məsələn, 2 günə.

İştah və yuxu da pozulur, amma 3 000 metrdə bunlar da zamanla düzəlir.

Daha da yüksəklərə qalxanda başqa maraqlı dəyişikliklər baş verir. İnsanın xarakteri dəyişir. Sanki əyninə böyük palto geyinmiş və indi onu çıxarınca paltonun altında düzgün görünən bədənindən çirkin göbək, budlarından isə loppa-loppa yağ sallanır.

Yüksəklik insanın xarakterini, özünü meydana çıxarır, maskaları cırır.

Məhz bu maska cırılmasını görmək üçün yüksəkliyə çıxmağa dəyər.

Savalanın zirvəsində, o möhtəşəm dağın təpəsində vulkanik gölün sahilində yorğundum və sevdiklərimi düşünürdüm. Çıxmaq çətin idi, qayalar sərt, traverslər sürüşkən idi, amma gözəldi.

Elbrusun zirvəsində ağlayırdım. Soyuqdur və gəldiyimiz buzdan qayanı təkrar enəcəyimizi düşünəndə ancaq qəhər məni boğurdu. Əziz dostum İsrafil Aşurlu məni ipə bağladı və 70 dərəcəlik buzdan qayanı endirərək elə hey “bacararsan” deyə təkrarlayırdı.

Bacardım, şükür.

O zirvədə insan ağlını itirir, kiçik şeyləri gözündə böyüdürsən, böyük şeyləri isə, əksinə, kiçik görürsən.

Reallıqla əlaqən zəifləyir.

Özünü toplaya bilməsən isə ölürsən.

Ağıllı alpinist aşağı enməyi bacaran alpinistdir.

Tutduğu yüksək mövqe ilə bacarmayan alpinist isə…..ölüdür.

Bəzi zirvələrə fürsət düşəndə getmək olmaz. Qayıtmağı bacarmalısan. Mən, Dəmavənddən və Tufandan dönmüşəm.

Müqayisə edilməz, amma Everestdə hər 10 alpinistdən biri, K2 dağında hər 4 adamdan biri, dünyanın 10-cu yüksək zirvəsi Annapurnada isə hər 3 dağçıdan biri ölür.

Həyat da dağlar kimidir. Dəniz səviyyəsində oksigen boldur, atmosfer təzyiqi də yüksək. Yaxşı nəfəs alırsan, hava şəraiti də nisbətən stabildir.

Yüksəklikdə həm boğulursan, həm də sərt küləklər, ayaz səni kəsir.

Yuxarıdakılara həsədlə baxmayın – bəziləri ölürlər.

Müəllif: Vasif İsmayıl