Qiyamət günündə Allahın qəzəbinə səbəb olacaq günahlar və bunları edənlərin aqibəti haqqında hədislər çoxdur. Aşağıda bu hədislərdən birini ixtisarla diqqətinizə təqdim edirik.
Qeyd edək ki, hədisdəki bəzi cəzaların təsviri məcazi (alleqorik) xarakter daşıyır. Peyğəmbər bu üsulla həmin günahların nə qədər dəhşətli olduğunu göstərmək və müsəlmanları bunlardan uzaq tutmaq istəyirdi.
Abdullah ibn Abbas rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:
“…Hər kim qonşusunun bir qarış torpağına xəyanət etsə, Allah həmin torpağı yerin yeddinci qatına kimi dərinlikdə alovlu zəncirə çevirib onun boğazına dolayar və onu cəhənnəmə salar.
Hər kim qadınla şəriətə uyğun olmayan tərzdə haram əlaqədə olsa və ya öz həmcinsi ilə əxlaqsızlıq etsə, Allah onu leş iyindən də pis bir qoxu ilə məhşərə gətirər və qiyamət əhli bu iydən narahat olarlar. Allah onu cəhənnəmə salar, heç bir əməlini qəbul etməz və bütün savabını puç edər…
Hər kim öz həyat yoldaşının mehriyyəsini verməməklə ona zülm etsə, Allahın yanında zinakar kimi sayılar. Izzət və cəlal sahibi olan Allah qiyamət günündə buyurar: “Bəndəm başqa bir bəndəmlə mənim əhdimə əsasən (yəni kəbinlə) evləndi, amma bu əhdi qorumadı” (yəni qadının mehriyyəsini vermədi). Allah qadının haqqını ondan savab şəklində alar (yəni kişinin savabını qadına bağışlayar). Sonra kişini cəhənnəmə salmaq əmrini verər…
Hər kəsin iki arvadı olsa, amma öz bədəni və malı ilə (qəsdən) onların arasında ədalətə riayət etməsə, qiyamət günündə zəncirlənmiş halda qiyamətə gətirilər və cəhənnəmə atılması əmr olunar…
Kim müsəlmanın üzünə sillə vursa, qiyamət günündə Allah onun sümüklərini qırar, onu alova təslim edər…
Hər kim iki nəfərin arasında xəbərçilik etsə, Allah onun qəbrini alova qərq edər və o, qiyamətə kimi qəbrdə yanar. Məhşər günü dirilib qəbrdən qalxandan sonra (zəhərli dilinin əvəzində) Allah onun ətini zəhərli əfi ilanlara yedizdirər.
Hər kim kasıba zülm etsə, onu aşağılasa, qiyamət günündə Allah onu bədən üzərindəki qarışqa kimi xar və zəlil halda məhşərə gətirər, sonra cəhənnəmə salar.
Hər kim iffətli kişilərə və qadınlara əxlaqsızlıq iftirası atsa, Allah onun bütün əməllərini zay edər və qiyamətdə yetmiş min mələk öndən və arxadan onu şallaqlayar, axırda o adamın da cəhənnəmə getməsinə hökm verilər.
Hər kim bu dünyada şərab içsə, Allah ona ilan və əqrəblərin zəhərini içizdirər. Bu elə dəhşətli zəhərdir ki, hətta onu içməzdən əvvəl sifətinin əti bir an içində tökülər, içəndən sonra isə bədəninin əti və dərisi leşə dönər, camaat bu iydən əziyyət çəkər və axırda həmin adamı cəhənnəmə atarlar. Şərabı içən, üzümün şirəsini sıxan və sıxdıran, şərabı satan və alan, daşıyan və daşıtdıran, onun pulundan istifadə edən adam da günah cəhətdən bərabərdirlər.
Hər kim bir müsəlmanın və ya zimminin (yəni əhli-kitabın) əleyhinə yalandan şahidlik etsə, qiyamət günündə dilindən asılar və münafiqlərlə birlikdə cəhənnəmin ən alt qatında yer tutar.
Hər kəs naməhrəm qadına baxmaqla gözünü doyuzdursa, Allah-təala qiyamət günündə insanların hesabını apararkən, həmin adamı odlu mismarlarla dəlinmiş halda məhşərə gətirər, sonra onun cəhənnəmə salınmasına əmr verilər.
Hər kim riyakarlıq üzündən başqasına yemək versə, Allah onu cəhənnəm üfunəti ilə yedizdirər və bu üfunət onun qarnında alova dönər…
Hər kim Quranı oxuyub əməl etməsə, qiyamət günündə Allah onu kor halda dirildib məhşərə gətirər. O deyər: “Ya Rəbb, niyə məni kor halda məhşərə gətirdin? Axı mən dünya həyatında görürdüm!”. Allah buyurar: “Ayətlərimiz sənə öyrədildiyi zaman sən onları unutdun. Mən də beləcə bu gün səni unutdum (mərhəmətimdən uzaq saldım)”. Sonra o, cəhənnəmə aparılar.
Hər kim Quranı riya məqsədilə, səfehləri aldatmaq, alimlərin yanında öyünmək və ya dünyada üstünlük qazanmaq üçün öyrənsə, Allah qiyamət günündə onun sümüklərini bəndlərindən ayırar, cəhənnəmdə onun qədər əzab çəkən olmaz. Allahın ona qarşı qəzəbi elə şiddətli olar ki, cəhənnəmdə ona verilməmiş bir əzab növü qalmaz…
Hər kim öz din qardaşının eybini açıb desə, gizli sirrlərini ifşa etsə, cəhənnəmə ilk qədəm basan o olar, Allah onun eyiblərini camaatın gözü qarşısında açıb göstərər…” (Biharül-ənvar, VII, 213-216, hədis 116).