2009-cu il aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasının (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 2-ci tədris binasında terror aktı baş verdi.

Həmin gün universitetdə normal günlərdən biri idi. O zamana qədər ki, gürcüstan vətəndaşı olan 1980 təvəllüdlü Fərda Qədirov universitet ərazisinə daxil oldu. Terrorçu birinci mərtəbədən yuxarı mərtəbəyə qalxaraq qarşısına çıxan insanları bir-bir güllələməyə başlayır. Adi ağartı məhsulları satan qadından tutmuş, professorlara qədər.

Terrorçunun atdığı güllələr əsasən insanların baş və boyun nahiyəsinə tuş gəlir. Həmin gün terrorçunun gülləsinə 25 nəfər tuş gəlir onlardan 13 nəfərin həyatını xilas etmək mümkün olsa da, 12-si dünyasını dəyişir.

Fərda Qədirov isə sonda özünü universitetin  6-cı mərtəbəsində gicgah nahiyəsindən vuraraq intahar edir.


ADNA terrorunun qurbanları:

1987-ci il təvəllüdlü Savalan Cabbarov Allahverdi oğlu – Bacısını qorumaq üçün dəhlizə çıxan, qatillə əlbəyaxan çıxır və 7 güllə ilə öldürülür. Son nəfəsini isə öz qrup yoldaşlarının qollarında verir.

1988-ci il təvəllüdlü Ayaz Bağırov Cavanşir oğlu – Pianoda gözəl ifa etməyi bacarır, 2 əcnəbi dil bilirdi. Hadisə günü Ayaz səhər yatıb qalmışdı, amma imtahanı olduğuna görə anası onu oyadır və universitetə göndərir. Alnından güllələnən Ayaz hadisədən bir gün əvvəl dostuna belə bir mesaj yazmışdı: “Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssüm saxlamaq çox dəhşətlidir.

1988-ci il təvəllüdlü Məmmədov Taleh Tariyel oğlu – Güllə onun boğazından girib kürəyindən çıxaraq şah damarını zədələdiyindən qanaxmanın qarşısını almaq mümkün olmamış və o hadisə yerindəcə dünyasını dəyişmişdi. Talehin həmin gün kreditə aldığı notebooku müəmmalı şəkildə oğurlanmışdı.

1989-cu il təvəllüdlü Abdullayev Emin İmaməli oğlu – Ailəsi Gəncədə yaşayırdı və mart ayında ailəsi ona Gəncədən bayram payı göndərmişdi. Ailəsi öz övladlarının yolunu gözləsələr də, övladları yox onun nəşi gəldi.

1989-cu il təvəllüdlü Bəndəliyev Yusif Telman oğlu – Həftədə cəmi 1-cə dəfə həmin korpusda dərsi olurdu, hadisə günü də elə həmin dərs gününə təsadüf etdi. Tələbələr güllə səsindən tez auditoriyanı tərk ediblər. Yusifin birdən yadına düşüb ki, mobil telefonu sinifdə qalıb. O uşaqlardan ayrılıb ki, gedib telefonunu götürüb qayıtsın. Sinifdən çıxanda qatillə üz-üzə gələn Yusif onunla əlbəyaxa olub. Yumruğunu sıxıb onu vurmaq istəsə də, aldığı güllələrdən yerindəcə keçinib. Deyilənə görə ölümündən sonra da onun barmaqlarını açmaq mümkün olmayıb və o, elə əlləri yumulmuş formada da dəfn olunub.

1990-cı il təvəllüdlü Babaşov Ruslan Cəfər oğlu – Gözü zəif olduğu üçün hadisədən bir gün əvvəl atası ona eynək alıb. Həmin gün ilk dəfə dərsə eynəkdə gələn Ruslan elə yaddaşlarda da o cür qaldı: eynəyi gözündən düşmüş və dostlarının qollarında can verərkən.

1988-ci il təvəllüdlü Aslanov Ceyhun Sakit oğlu – Öz xərclərini ödəmək üçün ofisiant kimi işləyirdi və buna görə də 1 həftə dərsə gedə bilməmişdir. Həmin gün isə o, hər kəsdən öncə dərsə getmişdir. Ölüm isə onu universitetinin pilləkənləri arasında yaxalayır.

1957-ci il təvəllüdlü Qurbanova Ayna Abbasqulu qızı – Salyandan universitetin yeməkxanası üçün süd məhsulları gətirirdi və ölümdə onu burda yaxalayır.

1951-ci il təvəllüdlü Əzizova Tamilla Zülfüqar qızı – Universitetin Nəzəri Mexanika fakultəsinin laboratoriya müdiri idi. Güllə onun sağ kürəyindən dəyib sol tərəfindən çıxaraq aorta damarını kəsib və o kəskin qanitirmədən elə yerindəcə dünyasını dəyişib.

1940-cı il təvəllüdlü Abdullayev Ramiz Xəlil oğlu -Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri və eləcə də, professor idi. Dişi ağrıdığına görə dekanlıqdan icazə alıb getmək istəyirmiş. Bu məqsədlə dəhlizə çıxıb. Sonra geri sinfə qayıdanda qatillə üz-üzə gəlib və başından aldığı bir güllə ilə vəfat edib.

1946-cı il təvəllüdlü  Vahidov Məcnun Abdulvahid oğlu – Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi idi. O liftdən çıxıb iş otağına gedərkən güllələnib.

1978-ci il təvəllüdlü Məmmədova Şəfa Afət qızı – Yenicə toyu olmuş universitetin Biotexniki və texniki cihazlar kafedrasının laborantı. İş otağından dəhlizə çıxan Şəfa elə burda gözündən aldığı güllə yarasından elə yerindəcə keçinib.

Uzun illərdən sonra ilk dəfə bu il universitetin yeni rektoru Mustafa Babanlı bu mövzuya lazımi diqqət ayırmış və terror aktının baş verdiyi ərazidə 18 fevral tarixində bu hadisənin qurbanlarının şərəfinə barelyef açılmışdır. Eləcə də, bu gün həmin barelyefin qarşısında 8 ildə ilk dəfə olaraq rəsmi şəkildə hadisədə həlak olan insanları anma mərasimi keçirilmişdir


Nurlan Quliyev