ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ – 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır.
1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-da heç kimdə yox idi.
Kitabxananın fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir. Ümumi kitab fondu 150 milyondan çoxdur. Əlavə olaraq 32 milyondan çox digər çap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.
Bundan əlavə Konqres Kitabxanasının imzaladığı müqaviləyə əsasən, 2006-cı ildən yaradılmış Twitter-in hər tweet edilmiş mesajı kitabxananın arxivində saxlanılır. Nəticədə, 2013-cü ilə kimi kitabxana hər gün yarım milyard tweet mesajlarını arxivləşdirib. Bu gün Konqres Kitabxanası dünyanın ən böyük kitabxanası sayılır.