Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qora suyu.
Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narın gözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.
Susuzluğun qarşısını almaqla yanaşı, qan azlığından zərər çəkən xəstənin sağalmasına müsbət təsir edir. Ağır, yağlı və ət xörəklərin üstündən biraz abqora içmək məsləhət görülür.