Hal-hazırda dünyada mövcud olan ebola virusu, Suriyadakı vətəndaş müharibəsi, İŞİD (ISIL) in qarşıdurması, Misirdə Sisinin hakimiyyəti qanunsuz ələ keçirməsi, ABŞ-ın Orta Şərq oyunu, İsrailin Fələstindəki zülmü, Türkiyənin daxili qarışıqlığı, dünyada əsas qida maddələrinin qıtlığı, ac və işsiz insanların sayının gedərək artması, su və meşə ehtiyatlarının azalması, qlobal istiləşmə, insan hüquqlarının günü-gündən dəyərsizləşməsi, dünyanın get-gedə xaotik bir hal alması, diktator rejimlərin artması kimi məsələlər dövlətlər, yerli və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları, vətəndaş hərəkatları, ictimai cəmiyyətlər, siravi insanlar tərəfindən şişirdilərək bizə ciddi problem kimi göstərilməyə çalışılır. Fəqət, mən sizə dünya liderlərinin ictimaiyyətdən gizlətdiyi və dərhal həll olunması vacib olan 5 əsas problemi yazacam.

1.   İnternetin birdən-birə kəsilməsi

Məncə bu problem 1-ci yerə layiqdir, çünki 21-ci əsr İKT əsri, bir mənada İnternet əsri hesab edilir və demək olar ki, əksəriyyətimiz bütün işlərimizi internet vasitəsilə görürük. Sanki həyatımız internetin çəngəlinə (tokuna) bağlıdır, onu çıxardan kimi həyatımızdaki bütün rənglər gedir və sıxıntıdan nə edəcəyimizi bilmirik.

2.   Getdiyimiz məkanlarda “WI-FI” – ın olmaması

Necə yəni! Mən söhbət etmək üçün dostlarımla hərhansı bir kafeyə gedirəm və ordan internetə (yəni facebooka) girə bilmirəm. Kafenin keyfiyyətsizliyini göstərir və qəbuledilməzdir. Hətta iş o yerə dərəcəyə çatıbki, restorana gedərkən oranın menyusu ilə yox, “WI-FI”-ın olub-olmaması ilə maraqlanırıq. Məncə dərhal bu problem aradan qaldırılmalı, müqəssirlər cəzalandırılmalıdır!

3.   Telefonun batareyasının qurtarması

Mobil telefona 1000 manata qədər (hətta 2000) pul veririk, adını ‘ağılllı’ telefon qoyuruq, düyməcik yerinə barmağımızı ‘sürüşdürərək’ istifadə edirik, buna baxmayaraq batareya 1 gün belə dayana bilmir. Dünya birliyi bu ədalətsizliyə hələ də dözür!

4.   Facebooka qoyduğumuz şəklin, yazdığımız statusun bizi xoş edəcək qədər ‘bəyən’ ilməməsi

Biz saatlarımızı, günlərimizi hətta gecələrimizi sərf edərək it, pişik, kərtənkələ (hətta qoyun), uşaq, mənzərə, hadisə, kiminsə meyiti, məzəli heyvan şəkilləri tapıb yerləşdiririk, əziyyət çəkib bulvarda, Nizamidə (torqovi), yemək yediyimiz, su içdiyimiz, yatdığımız durduğumuz yerdə, tullananda, ağlayanda, güləndə orda, burda və hər yerdə selfie çəkirik, bir də baxırsan ki 2 nəfər bəyənib, onun da biri yanında oturan qardaşın ya bacındır! Xahiş edirəm əməyə hörmət edək.

5.   Yas mərasimlərindəki israfcıllıq*

Şərhsiz!

 

Heç kəsin bu problemlərdən əziyyət çəkməməsi ümidi ilə…!