Əslində insan olaraq biz, əşyaya asılı olaraq yaşamağa çox meylliyik. Alver etmək, nəsə almaq, sahib olmaq, toplamaq və yığmaq bizim üçün çox asan bir şəkildə ehtirasa çevrilə bilir. Biz, bunun fərqinə varmasaq da.
Çoxumuz üçün, əşya ilə əlaqəmiz o qədər sağlam olmayan ölçülərə çatmışdır ki, həyatımızda ən kiçik bir problem yaşasaq, nəsə almağı düşünürük. Depressiyaya düşsək, nəsə alırıq. Başqalarına, onları nə qədər sevdiyimizi göstərmək üçün nəsə alırıq və aldığımız hər şey, bir əvvəlkinə görə daha bahalı, daha böyük, daha parlaq və daha lazımsız olur.
Çox vaxt özümüzü alış-veriş edərkən itirərik. Ev üçün, özüm üçün, həyat yoldaşım, uşağım, dostlarım üçün nəsə almaq müəyyən bir müddət sonra bizə həzz verən bir hobbiyə çevrilir. Bəli, nəsə almaq bizim hobbimizə çevrilir. Bu mövzu əslində bizim yaşam dəyərlərimizə, həyat öncəliklərimizə ciddi şəkildə təsir edir. Bu məsələ cəmiyyətimizdə və dünyada problem olaraq yer alır və insanlar bunun fərqində deyil, bu da istehsalçı şirkətlər üçün arzu edilən haldır. Çünki, nə qədər gərəksiz yerə istehlak etdiyimizi fərq etdiyimiz zaman alış-veriş müəyyən qədər- yəni ehtiyacımız olduğu qədərki həddinə- düşəcəkdir və bu da istehsalın düşməsi, istehsalçının az qazanması deməkdir. Əksinə biz bugünki şəkildə davam etdikcə, içində olduğumuz sonsuz dövrdən xilas olmağımız qeyri-mümkündür. Lazımsız yerə aldığımız hər bir şeydən sonra, həyatımız daha da çətinləşir və özümüzü təmin etmə həddimiz də o qədər çox yüksəlir.
Bu vərdiş, həyatımıza lazımsız yerə daha çox əşya salır. Və təəssüf ki, bu əşyalar həyatımıza bir məna da qatmır. Əksinə daha da mənasızlaşdırır həyatımızı. Daha çox əşyalarımız olanda, daha böyük evlərə və saxlama sahələrinə ehtiyac duyuruq və bu da bizi böyük borcların altına girməyə məcbur edir. Və nəticədə, biz bu borcları ödəmək üçün daha çox pul qazanmalıyıq və bu da bizi daha stressli, gərgin və xoşxasiyyət olmayan fərdlər edir.
Bəs əşyaları əldə edərkən nələrdən imtina edirik?
İlk növbədə bunu qəbul etmək lazımdır ki, daha çox əşya alabilmək üçün daha çox pul qazanmalıyıq və pul qazana bilmək üçün isə vaxtımızın əksər hissəsini işə xərcləməliyik. Belə bir hesablama aparsaq günümüzün 8 saatı yatmağa, 8 saat məcburi iş saatı, 2 saat yolda keçir, 1 saat yemək üçün, 3 saat televizor və internet, 2 saatı isə valideyn, sevgili, dostlarla görüşə sərf edirik. İndi biz əgər maşın, ev, bahalı marka əşyalara- bir sözlə daha çox əşyaya sahib olmaq üçün gərək biz yuxarıda sadalanan saat sərfinin bəzilərindən imtina edək və iş saatının üstünə gələk. İndi sual belədi bəs hansından imtina edəcəyik? Təcrübə göstərir ki, belə bir seçim qarşısında qalan insanlar daha çox ailələrinə, dostlarına, sevdiyi insanlara – əsas olan özlərinə ayırdığı vaxtdan imtina edirlər. Sizcə valideyni hansı maşınla, sevgilinizi hansı evlə, övladınızı hansı marka əşya ilə əvəz edə bilərik?! Bu nə qədər məntiqli, nə qədər insanidir?! Siz hansı əşya ilə dərtləşə, hansı maşın, hansı paltar ilə söhbət edə, hansı ev ilə gəzib əylənə bilərsiniz?!
Bəzi insanların isə belə bir fikri var: “10-15 il yaxşı işləyim çoxlu pul qazanım sonra ailəmə, dostlarıma, sevdiyim insanlara və özümə vaxt ayıraram və onları bahalı yerə apararam, bahalı qonaqlıqlar verərəm və s.” Hər şeyi anlayıram, fəqət bu insanların 10-15 il yaşayacağına, çoxlu pul qazanacağına kim və ya hansı qurum zəmanət verir bilmirəm. İnsanlar arasındaki münasibətlər xüsusilə də sevdiyimiz insanlarla münasibətimiz bir-birimizə vaxt ayırmaqla,tanımaqla, söhbət etməklə və anı paylaşmaqla möhkəmlənir və inkişaf edir. Çünki, həyatı, vaxtı, anı, acını, sevinci, süfrəni, yolu paylaşmadığımız insanlara biz dost, sevgili, yoldaş deyə bilmərik, deməməliyik! Çünki, bu məfhumların haqqı var və bizim bunların içini boşaltmağa mənasızlaşdırmağa heç bir haqqımız yoxdu! 10-15 il sonra görüşən insanlar hansı duyğuları, hansı anları bölüşə bilərlər!? Çünki keçən 15 ilin heç bir anında paylaşma, həyata yoldaşlıq olmayıb. Sizdən yaşlı olan insanlardan soruşun, onların xatirələrində sevincli anlar pul ilə yoxsa duyğularla bağlıdır. Mən əminəm ki, insanların xatirində qalan dostla, sevgili ilə, valideyn ilə, sevdiyimiz insanlarla bağlı olan məqamlar onlar üçün daha önəmli və daha yaddaqalandır. Düşünün, uşaqlıqda kiçik nüanslara sevinən, əylənən insanlar yetkin yaşa çatanda hər şeyə sahib olmağa, heç nədən həzz almamağa, sevinməyi, əylənməyi əşyalarda görən insanlara çevrilir. Amma buludlar, yağış, quşlar yenə var. Demək ki yenə qaçıb-əylənə, buludlara baxıb, yağışın altında durub və göyqurşağını görüb sevinə bilərik. Özümüzü o qədər də ciddi aparmağa ehtiyac yoxdu.
O baxımdan evimizi, ətrafımızı, qəlbimizi və həyatımızı əşyalarla doldurmaq bizi gələcəkdə yalnız olmağa, yalnız qalmağa sövq edə bilər.
Həm də bu bizim şəxs olaraq həyatı, insanı, münasibətləri, vəzifələrimizi və s. dəyərləndirmə ölçülərimizə də mənfi təsir göstərir. Belə yaşam tərzində insani dəyərləri heçə sayırıq, dünyanın və təbiətin fərqinə varmırıq, insanları sahib olduqları əşyalara görə dəyərləndirməyə başlayırıq və bu da həyatımızın ümumiyyətlə al-verə dönməsinə gətirib çıxarır.
Məncə sadə və xoşbəxt bir həyatın içində acgözlük ola bilməz. Ona görə bu vərdişi, gəlin dəyişdirməyə çalışaq. Onun yerinə bizə həqiqətən həzz verəcək, bizi qane edəcək və həqiqi olan məşğuliyyətlər taparaq həyatımıza həqiqətən məna qataq.
Vaxt dəyərli məfhumdur, onu dəyərli insanlara, həqiqi məsələlərə ayırın. Amma xəyal etməyi unutmayın!