Çox keçmiş bir tarixə dayanmayan bir dostluqları var idi. Nə zamandan dost olduqlarını özləri də bilmirdi. Nənələrimizin nağıllarında olar deyə bildiyimiz bir dostluq idi bunlarınkı. Bir uşaq və bir itin dostluğu. Varlı idi uşaq, keçmişin saraylısı idi. Küçədə tapmışdı iti. Soyuq və şaxtalı bir qış günündə ölməkdən qurtarmışdı dostu onu. Həyatını qurtarmışdı. İt balaca uşaqla can dostu olmuşdu. Axı onun canını qurtarmışdı ölməkdən. Malikanəsinə qayıtdığında ailəsini çox güclə razı salmışdı. Axı necə asan icazə verə bilərdilər? O dövürdə bir insanla bir heyvan bir damın altında qala bilməzdi.  Həm də uşağın ailəsi varlı idi, mehriban bir ailəsi var idi və ailənin tək uşaği idi. Gözdən qoymurdular, həyətə çıxmağa belə icazə vermirdilər ki, amandır küçədə başına bir hadisə gələr. Mələklərə barmaq dişlədəcək bir ailə səadəti var idi. Bütün bunlar əslində ailəsinin anlamayacağı nəticələrə səbəb olmuşdu. Uşaq hər istədiyini əldə edirdi ama bir şeydən başqa – azadlıq. Rahat hərəkət etmək küçədə diyər uşaqlar kimi qovala-qaç oynamaq, daşlarla ev düzəltmək, uşaqlarla güləşmək istəyirdi. Ən sadə istəyi onun üçün əlçatmaz bir xəyala çevrilmişdi. Atası tərəfindən tutulan baxıcılar anasının tənbehi üzərinə balacanı bezdirəcək dərəcədə çox nəzarətdə saxlayırdılar.  Elə bu çətinlik səbəbindən olsa ki, uşaq da itlə gündən-günə dostlaşırdı.

    Digər tərəfdən isə, it küçədə istədiyini edirdi. Azad idi. Ətrafında özü tipdə dostları var idi. Dostlarına sadiq idi. Sevirdi onları. İnciyə bilmirdi, inciməyə şansı da yox idi, çünki dostları da getsə ətrafında heç kimsəsi və heç nəyi qalmayacaqdı, çünki yetim idi. Doğulandan qısa bir müddət sonra itin anası ölmüşdü. Məhlədə bir ailə xaricində hər kəs kasıb olduğundan özlərinə belə yemək tapa bilmədikləri üçün məhlədəki heyvanlara da yemək üçün heç nə verə bilmirdilər, amma o varlı ailə çox simic və vecsiz idi çevrədəkilərə qarşı, ancaq ailə daxilində çox mehriban və xoşbəxt idilər..
 
    Uşaq ağlı qəribə olar deyərlər. Həqiqətən də bizimkinin qəribə istəkləri var idi. İtlə evdə oynadığı bir gün yenə baxıcıları gəlib iti uşağın əlindən alıb, ağlamağına baxmayaraq həyətdəki  ağacın altına atdılar. Dostunun üşüyəcəyini düşünən uşaq gecə hər kəs yatdıqdan sonra əynini qalın geyinib istifadəsiz paltarlarından ən qalınını gotürüb itin yanına getdi. Gecəni orda dostu ilə keçirəcəkdi, axı dostu onu başa düşən tək canlı idi. O an nənəsinin dediyi bir şeyi düşünməyə başladı. Bir dua idi bu. Tam xatırlaya bilmirdi duanı, amma xatırladı ki, nənəsi ona Allah körpələrin duasını tez qəbul edər demişdi, çünki uşaqlar günahsız olar və mələklər də onların duasına qoşular. Hətta o dərəcədə qoşular ki günahsız körpələrin duası qəbul olsun və geri çevrilməsin deyə onlarla birlikdə ağlayaraq Allaha dua edərlər. Başqa bir şeyi də xatırladı uşaq. Nənəsinin ona dediyinə görə gizlicə edilən duaları Allah geri çevirməz. Bunları dostuna danışdı və qərar aldılar ki,  Allaha onların yerlərini dəyişsin deyə dua etsinlər, hazır qaranlıqda heç kəs də görmürkən. Axı onda xoşbəxt olacaqdılar, axı onda bir imkansız xəyala çevrilən istəkləri gerçək olacaqdı. Sabaha qədər dua etdilər can dostları. Dua amma nə dua. Sanki dodaqları ilə deyil ruhları ilə qatılırdılar duaya. Bir tərəfdən də fikirləşirdilər ki, istəklərini dəyişməyəcəklər. Hətta bir-birlərinə söz belə verdilər ki, can dostları sonsuza qədər sözlərindən dönməyəcəklər.

    Düşünün ki hər bir şeyiniz olduğu halda bu qədər bezə bilərsinizmi həyatdan? Sonra nə oldu deyə düşünürsünüz? 

    Sabah açılanda bir yandan güclü fırtına əsir, bir yandan da şiddətli yağış yağırdı. Balaca uşaq yenə də rahat hərəkət edə bilmirdi. Küçədə digər uşaqlar kimi qovala-qaç oynaya bilmirdi, uşaqlarla güləşmək bir yana daşlarla ev belə düzəldə bilmirdi. Yox bu yağış deyildi, mələklərin göz yaşları idi, çünki mələklər belə, əməllərinə peşman olmuşdu və axirətə qədər də yağış yağacaq, çünki o uşaq heç vaxt böyüməyəcək.