Versal-Vaşinqton sisteminin yaradılması
Birinci dünya müharibəsinin ən önəmli nəticələrindən biri də Versal-Vaşinqton sisteminin yaradılması idi. Almaniya və digər məğlub ölkələrlə sülh müqavilələri hazırlamaq məqsədi ilə 1919-cu il yanvarın 18-də Paris konfransı açıldı. Konfrans 1919-cu il iyunun 28-nə kimi davam etdi. Konfransda 27 dövlətin nümayəndələri iştirak edirdi. Məğlub ölkələr və Rusiya konfransa dəvət edilməmişdilər. 1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. O, tarixə Versal sülhü kimi daxil olmuşdur. Versal sülhünün ana xəttini ABŞ prezidenti V.Vilsonun “14 maddəsi” təşkil edirdi. Onun başlıca məzmununu gizli diplomatiyadan əl çəkilməsi, azad ticarətin olması, silahlanmanın azalması, bütün müstəmləkə məsələlərinin qərəzsiz həll edilməsi və s. məsələlər təşkil edirdi. Versal-Vaşinqton sisteminin əsasını Versal (iyun 1919), Sen-Jermen (sentyabr 1919), Neyi (noyabr 1919), Trianon (noyabr 1919), Sevr (avqust 1920) sülh müqavilələri və Vaşinqton (noyabr 1921-fevral 1922) konfransının qərarları təşkil edirdi.Həmin sənədlərdə müharibədən sonra dünya dövlətləri, xüsusən qalib və məğlub dövlətlər arasında beynəlxalq münasibətlər müəyyən edilirdi. Avropada sərhədlərə və müstəmləkə məsələlərinə yenidən baxılırdı.
1919-cu il iyunun 28-də Böyük Versal sarayında imzalanan sülhlə birinci dünya müharibəsinin səbəbkarı olan Almaniyanın imkanları məhdudlaşdırıldı; Elzas və Lotaringiya Fransaya qaytarıldı; Saar kömür hövzəsi Fransanın mülkiyyətinə verildi; Almaniya Polşanın müstəqilliyini tanıdı və Poznan, Pomeryenin bir hissəsi, Qərbi Prussiya və Yuxarı Sileziya kimi əzəli Polşa torpaqları özünə qaytarıldı; Almaniya Afrikadakı, Sakit Okeandakı və Çindəki (Şandun) müstəmləkə torpaqlarından məhrum edildi; Onun hərbi potensialı məhdudlaşdırıldı. Belə ki, Versal sülhünə görə Almaniya 100 mindən artıq hərbi qüvvə saxlaya bilməzdi.
Dünyanın siyasi mənzərəsində yeni dəyişikliklər
Birinci dünya müharibəsindən sonra fəhlə, demokratik və milli-azadlıq hərəkatları da gücləndi.Oktyabr çevrilişinin təsiri ilə müharibədən sonra Avropanın bir sıra ölkə və vilayətlərində Rusiyadakı kimi sovet modelli hakimiyyət qurumları meydana gəldi. 1919-cu ilin martında dinc yolla Macarıstanda Sovet respublikası quruldu. O, hətta bir sıra sosialist tədbirləri də həyata keçirməyə nail oldu. Bu respublika cəmi 133 gün yaşadı. 1919-cu ilin aprelində Bavariyada sovet hakimiyyəti quruldu. O, təqribən 22 gün fəaliyyət göstərdi. 1919-cu ilin iyununda Sloveniyada da sovet respublikası yaradıldı. Onun da ömrü çox az oldu. 1920-ci ilin əvvəllərində İtaliyanın Turina şəhərində sovetlər meydana çıxdı. Həmin sovetlər bir aydan çox yaşadı. Lakin Avropa şəraitində yaradılmış rus modelli sovet hökumətlərinin hamısı tezliklə süqut etdilər. Onlar, hələ o zaman yaşamağa qadir olmadıqlarını göstərdilər.
Demokratik və milli-azadlıq hərəkatlarının yeni vüsət alması da Cahan müharibəsinin mühüm ictimai-siyasi nəticələrindən idi.
Oktyabr çevrilişindən və dünya müharibəsindən sonra İranda, Türkiyədə, Əfqanıstanda, Çində, Hindistanda, Misirdə, Latın Amerikasının bəzi ölkələrində, habelə Rusiyanın milli əyalətlərində, o cümlədən Cənub Qafqazda milli-azadlıq və demokratik hərəkatlar gücləndi. 1918-ci ildə Mərkəzi Asiyada Türküstan respublikası, Cənub Qafqazda müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yaradıldı. 1919-cu ildə Çində müstəmləkəçiliyə qarşı “4” may hərəkatı başladı. Hindistanda M.Qandinin başçılığı ilə milli-azadlıq hərəkatı genişləndi. Əfqanıstanda müstəqillik uğrunda mübarizə yüksəldi. 1918-ci ilin payızında Misirdə milli burjuaziyanın başçılıq etdiyi Vafdistlər (xüsusi nümayəndəlik) hərəkatı başladı. Afrikanın Şimalında – Əlcəzairdə, Tunisdə, Mərakeşdə azadlıq hərəkatı yüksəldi. 1919-cu ilin əvvəllərində Argentinada ingilis müstəmləkəçilərinə qarşı güclü fəhlə çıxışları baş verdi.
Beynəlxalq sosialist hərəkatında, bolşevizmin meydana gəlməsi ilə əsası qoyulan parçalanmanın müharibədən sonra tamamilə başa çatmasını Birinci dünya müharibəsinin sosial-siyasi nəticəsi hesab etmək olar. Rusiyada Oktyabr çevrilişi parçalanmam sürətləndirdi. Dünyanın bir sıra ölkələrində sosial-demokratiya partiyalarının sol qanadları zəminində kommunist partiyaları və təşkilatları yaradıldı. Nəhayət, 1919-cu il martın əvvəllərində yeni, III Kommunist İnternasionalı təşkil edildi.
1919 – 1920-ci illərdə Bern (1919-cu il), Lyusern (1919-cu il) və Cenevrə (1920-ci il) konfranslarında Birinci dünya müharibəsi illərində parçalanmış II İnternasional yenidən bərpa edildi. 1921-ci ilin fevralında isə Vyanada sosialist hərəkatının mərkəz istiqamətini təmsil edən II Internasional təsis edildi (O, 1923-cü ilə kimi fəaliyyət göstərmişdi).
Birinci dünya müharibəsinin ictimai-siyasi nəticələrindən biri də dünyada sülhü qorumaq məqsədi güdən Millətlər Cəmiyyətinin yaradılması idi. Bu beynəlxalq təşkilata 43 dövlət daxil idi. Keçmiş SSRİ Millətlər Cəmiyyətinə 1934-cü ilin sentyabrında qəbul edilmişdi.
Beləliklə, beynəlxalq sosialist hərəkatında XX əsrin əvvəllərində bolşevizmin meydana gəlməsindən etibarən başlamış ideya qarşıdurması dərinləşərək təşkilat qarşıdurması ilə tamamlandı. Bu, sözsüz ki, beynəlxalq sosialist hərəkatı üçün, dünya sivilizasiyası və dünya birliyi üçün çox ciddi zərbə olmuş, sonrakı kəskin qarşıdurmalara zəmin vermişdi. Oktyabr çevrilişindən SSRİ-nin süqutuna kimi keçən dövr ərzində dünyada, sosialist və fəhlə hərəkatında cərəyan edən ab-hava buna inkaredilməz sübutdur.
Birinci dünya müharibəsinin ictimai-siyasi nəticələrindən biri də sosial-liberalizmə Liberal-demokratizmə totalitar-avtoritar alternativ kapitalizmə alternativ totalitar-avtoritar sistemlərin yaradılması idi. Bunlar XX əsrin əvvəllərində kapitalizmin ziddiyyətlərinin kəskinləşməsinə cavab olaraq formalaşmış təlim və cərəyanlar – bolşevizm və faşizm zəminində meydana çıxmışdılar. Bolşevizmin proletariat diktaturası və faşizmin güclü dövlət ideyaları sosial-liberalizmə totalitar-avtoritar alternativin nəzəri əsasını təşkil edirdi.
Bolşevizm sinfi mübarizə və sinfilik konsepsiyasını rəhbər tutmağı, istehsal vasitələrini ictimailəşdirməyi, planlı dövlət iqtisadiyyatı yaratmağı, tək ideologiyalılığı və tək partiyalılığı bərqərar etməyi, sosializm və kommunizm cəmiyyəti qurmaqla sosial bərabərlik prinsiplərini həyata keçirməyi elan edən ictimai-siyasi hərəkat idi. Onun yaradıcısı və ideya rəhbəri V. İ. Lenin olmuşdur.
Birinci dünya müharibəsi bolşevizmin real gerçəkliyə çevrilməsində mühüm mərhələ olmuşdur. 1917-ci ilin oktyabrın 25-də silahlı üsyan nəticəsində o, Rusiyada hakimiyyətə gəlmişdi. Beləliklə, hələ vaxtı ilə K. Marks və F. Engels tərəfindən irəli sürülmüş proletariat diktaturası, sosializm və kommunizm ideyaları Rusiyada reallaşmağa başlanmışdı. Bu hadisədən sonra dünya kommunist inqilabı xülyası ilə yaşayan və mübarizə aparan kommunist hərəkatı inkişaf etmişdi. XIX əsrin ortalarında cəmi 200 nəfər üzvü olan kommunist hərəkatı XX əsrdə ümumdünya hərəkatına çevrilmişdi. XX əsrin 80-ci illərin sonu üçün onun sıralarında 80 milyona qədər adam birləşmişdi.
Birinci dünya müharibəsindən sonra formalaşan ictimai-siyasi hərəkatlardan biri də faşizm idi. 1919-cu ilin yanvarında Almaniyada nasist, həmin ilin martında isə İtaliyada faşist təşkilatları yaranmışdı. Onlar ictimai-siyasi hərəkat kimi faşizm adlanmışdılar. Faşizm sinfi mübarizə prinsipini rədd edən, milli birlik naminə sinifləri və sosial təbəqələri əməkdaşlığa çağıran, vətəndaş həmrəyliyini, millətçiliyi, irqçiliyi təbliğ edən, liberal demokratizmin alternativi olaraq “siniflər fövqündə” duran güclü totalitar-avtoritar dövlət yaratmaq istəyən, marksizmin, kommunizmin, sovetizmin, sionizmin və passifızmin qatı düşməni olan ictimai-siyasi hərəkat idi. Onun ideologiyasının hazırlanmasında A. Hitlerin, A. Rozenberqin, D. Centilin, B. Mussolininin, O. Moslinin əsər və deyimlərinin mühüm rolu olmuşdu.
1922-ci ildə İtaliyada faşistlər və 1933-cü ildə isə Almaniyada nasistlər hakimiyyətə gələrək güclü diktatura yaratmışdılar.
Artıq XX əsrin 30-cu illərinin ortaları üçün Avropada və Rusiyada liberal-demokratizmə alternativ faşist və sovet modelli totalitar-avtoritar rejimlər bərqərar olmuşdu.
İtaliyada faşist, Almaniyada nasist, Portuqaliyada, Ispaniyada və b. Avropa ölkələrində yaranmış, bu növ hibrid rejimləri totalitar-avtoritar rejim adlanırdılar. Habelə, XX əsrin 20ci illərindən 50-ci illərin birinci yarısına (İ.Stalinin ölümünə qədər) kimi SSRİ-də mövcud olmuş bolşevik və ikinci dünya müharibəsindən sonra Şərqi Avropa, Çin, Vyetnam, Şimali Koreya və Kubada yaradılmış xalq demokratiyası adlandırılan rejimlər kapitalizmə alternativ totalitar-avtoritar rejimlər idilər.
Faşistləri və bolşevikləri ənənəvi mühafizəkarlıqdan və liberallardan fərqləndirən cəhət istənilən problemlərin həllində zor yolunu götürmələridir, Onlar zor yolu ilə dünyanı yenidən qurmaq niyyətində idilər. Onların hər ikisi kapitalizmə qarşı çıxırdılar. Onlara görə kapitalizmə xas olan azad rəqabət millətin, xalqın birliyini parçalayır. Faşistlər kommunistlərin sinfi mübarizə təlimini də bu mövqedən izah edirdilər.
Bununla yanaşı faşistlər sosialistlərdən bəzi ideyaları əxz etdiklərindən özlərini sosialist adlandırırdılar. İdeya-siyasi cəhətdən faşistlər sağlar, sosialistlər isə sollar hesab olunurdular.
XX əsrin 20 – 30-cu illərində bir çox müəlliflər faşizmi sosializmlə, bolşevizmlə eyniləşdirir, bir ideyadan – sosializmdən bəhrələndiklərini göstərirdilər. Hətta onlar alman nasizminin bir çox əlamətlərinin, xüsusən bütün sahələrin dövlətin əlində cəmləşməsini, vahid partiyalı totalitar cəmiyyət və avtoritar dövlətin qurulmasını, bolşevizmin strukturuna uyğun siyasi təşkilat yaradılmasını bolşeviklərdən əxz etdiklərini bildirirdilər. Onlar hesab edirdilər ki, siyasi mübarizə, hakimiyyəti ələ almaq və idarə etmək metodlarında faşistlərlə bolşeviklər arasında müəyyən oxşarlıq var idi.
Qeyd etmək lazımdır ki, faşizm və bolşevizmin müəyyən oxşar cəhətləri olduğu kimi, əsaslı fərqli cəhətləri də var idi. Belə ki, bolşevizm siniflərə, sinfi mübarizə nəzəriyyəsinə üstünlük verirdisə, faşizm millət və irqçilik konsepsiyasını əsas götürürdü. Faşistlər və nasional sosialistlər siyasətin və ideologiyanın həlledici roluna üstünlük versələr də, dövlətin möhkəm nəzarəti altında istehsal vasitələri üzərində xüsusi mülkiyyəti və bazar iqtisadiyyatını saxlayırdılar. Bolşeviklər isə nəzəriyyədə bazisə və ya iqtisadiyyata həlledici yer verməklə istehsal vasitələrini ictimailəşdirmək yolu ilə gedirdilər.
Əgər nasional-sosializm demokratiya və liberalizm ideyasını qəbul etmirdisə, sovet rejimi partiya rəqabətini aradan qaldırmaqla “həqiqi demokratik” prinsipləri həyata keçirmək niyyətində olduğunu elan edirdi.
Bolşevizm tarixdə ən ədalətli və xoşbəxt cəmiyyət- kommunizm cəmiyyəti qurmaq nəzəriyyəsini rəhbər tuturdu. Faşizm isə siniflər fövqündə duran milli ruhun təcəssümü olan güclü dövlət yaratmaq niyyətində idi.
Faşizmlə bolşevizmin oxşar cəhətlərinə gəldikdə, onlar hər ikisi iki əsrin qovşağında, xüsusən XX əsrin ikinci onilliyində mövcud həyat tərzinə alternativ kimi meydana çıxmışdılar. Onların hər ikisi XX əsrin ikinci və üçüncü onilliklərində mühüm faktora çevrilmişdilər.
Faşizm və bolşevizm bir-birinə yaxın və ya ümumi cəhətlərə də malik idilər. Hər sahəni əhatə edən vahid məqsəd (mahiyyətcə onlar bir-birindən fərqlənsə də); vahid bir partiyanın hökmranlığı; hamı üçün məcburi olan vahid ideologiyanın olması; məqsədə çatmaq məsələlərinin və metodlarının oxşarlığı; partiya, dövlət və cəmiyyətin bir tam halında qovuşması; həyatın bütün sahələrinin siyasiləşməsi; fiziki və mənəvi terror bu qəbildəndirlər.
Faşizm özünü qeyri-marksist sosializmin millətçiliklə birləşdirilməsi, liberalizmə, demokratiyaya və marksizmə əks olan bir hərakat kimi göstərmişdi. O, dövlətə xidmət üçün iqtisadi planlaşdırılmanın və dövlət iqtisadiyyatının, habelə xüsusi mülkiyyətin səfərbər edilməsinin tamamilə yeni imkanlarını aşkar etmişdi.
İctimai-siyasi hərəkat kimi faşizm müxtəlif ölkələrdə müxtəlif adlarda təzahür etmişdi, lakin ideyaca demək olar ki, eyni mahiyyət daşımışdılar. Onlar faşizm adı ilə tanınsalar da, aralarında müəyyən fərqlər də olmuşdur. Məsələn, beynəlxalq faşizmin klassik forması olan nasistlər ifrat millətçiliyin irqçilik ideyasını əsas götürmüşdülər. Onlara görə dünyada yaşamağa və ağalıq etməyə yalnız “ari” irqlər qadirdirlər. Nasistlərdən fərqli olaraq İtaliyan faşistləri bioloji antisemitizmin və sosial darvinizmin qatı tərəfdarı olmamış, korporativ cəmiyyət qurmağı üstün tutmuşdular. Qeyd edək ki, erməni daşnakları da irqçilikdə nasistlərdən geri qalmırlar.
Kapitalizmə totalitar alternativ təzahürü olan faşizm və sosializm XX əsrdə müəyyən zaman kəsiyi ərzində özlərinə məxsus istiqamət və meylləri gerçəkləşdirmişdilər. Onlar liberal demokratizmə alternativ olan Ümumavropa, ümumdünya fenomeni kimi çıxış etmişdilər, lakin faşizm ikinci dünya müharibəsində, bolşevizm isə XX əsrin 90-cı illərində iflasa uğramışdı.
Beləliklə, ciddi ictimai-siyasi nəticələrə gətirib çıxarmış Birinci dünya müharibəsi dövrü dünyanın siyasi tarixində mühüm mərhələ təşkil etmişdi. O, XX əsrin sonrakı dövrlərində çətin, ziddiyyətli və rəngarəng sosial-siyasi inkişaf üçün maddi-mənəvi zəmin vermişdi.