Modernizm (modernisme, moderne — yeni, müasir)— Ədəbiyyatda və incəsənətdə cərəyan. Modernizmin nəzəriyyəçisi ispan filosofu Orteqa-i Qasetin fikrincə modernizm köhnə ədəbiyyatın və incəsənətin bütünlükdə inkarından ibarətdir. Bu cərəyanın başlanğıcının fransız dekadentliyi dövrünə, yaxud kubizm dövrünə aid edilməsi məsələsi indiyədək mübahisəlidir. Araşdırmalara görə modernizm Birinci dünya müharibəsi ərəfəsində meydana gəlmiş və sonralar sosial fəallığını daha da artımışdır. Müxtəlif tarixi mərhələlərdə ekspressionizm, kubizm, futurizm, abstraksionizm, atonal musiqi və s. realizmə zidd cərəyanlara ayrılmışdır.
Modernizm P.Elüar, B.Brext, P.Neruda, N.Hikmət, E.Hemenquey, U.Folkner və Q.Qrinin yaradıcılığına ciddi təsir göstərmişdir. Onların əsərləri forma və mündəricə etibarilə modernist cərəyanın tələblərinə uyğun gəlir. Hazırda Qərb ədəbiyyatşünasları C.Coys, M.Prust və F.Kafkanın (yaradıcılıqlarındakı kəskin ziddiyətlərə baxmayaraq) da yaradıcılığına əsasən modernizm haqqındakı təsəvvürlərə yenidən baxır və onları dəqiqləşdirmək üçün tədqiqat aparırlar.