Biz niyə və nə üçün əsnəyirik? Çoxları bu sualı özünə verir. Əsnəmə – nəfəs hərəkətidir, adətən qeyri-iradi olub dərindən nəfəsalma və enerjili nəfəsvermədən ibarətdir. Əsnəmə təkcə insana xas deyil. Deyirlər ki, hətta qurbağalar belə əsnəyir. Əsnəmə – bütün heyvanlarda mövcud olan qədim instinktin təzahürüdür. İnsanların çoxu əsnəyən digər adama baxrakən özləri də əsnəyirlər. Əsnəmə – çox keçici vərdişdir. 42-50% hallarda insanlar kollektiv şəkildə əsnəyirlər, amma 4 yaşından kiçik uşaqlar bu hərəkəti təkrar etmirlər. Şimpanzelər də insanlar kimi kollektiv şəkildə əsnəyə bilirlər.
Bəs insanın əsnəmək nəyinə lazımdır?
1.Bu reflektor aktın köməyi ilə orqanizmdə oksigen və karbonun miqdarı tarazlaşır, yəni, əgər insan uzun müddət oksigen çatışmayan boğanaq bir yerdə qalıbsa, o, tez-tez əsnəyəcək. Orqanizm bununla balansı bərpa etməyə çalışır.
2.Əsnəmə orqanizmin bütün reaksiyalarını fəaliyyətə gətirir. Məhz bu səbəbdən insan günün yorgunluğunu hiss edərək səhərdən əsnəyir. Oksigen axını qan dövranını yaxşılaşdırır, diqqəti gücləndirir, gümrahlıq bərpa edilir. Gün ərzində təkrarlanan daimi əsnəmə orqanizmin həddən artıq yorğun olduğundan xəbər verir.
3.Əsnəmə beynin qidalanmasını təmin edir. Uzun müddət fiziki və ya əqli fəaliyyətsizlikdən sonra nəfəs, əsəb hüceyrələrinin fəaliyyəti yavaşlayır, orqanizmdə, xüsusən də beyində oksigen çatışmazlığı başlayır, ona görə də əsnəmə baş verir. Beləliklə, oksigen çatışmazlığı aradan qalxdı, baş beyindəki damarlarda qan dövranı normaya düşdü.
Həmçinin, yaddan çıxarmayaq ki, əsnəmə prosesində üz və boyun əzələləri gərilir, bu da baş beynin fəaliyyətinə müsbət təsir edir. Bu, özünəməxsus gimnastikadır. Ona görə də tez-tez baş verən əsnəmə halları uzun müddət davam edən fəaliyyətsizlikdən xəbər verir.
4.Əsnəmə “beyni sərinləşdirməyə” kömək edir. Bəzən insan ona çox isti olduqda əsnəməyə başlayır. Bu zaman orqanizmə sərin hava “gəlir”.
5.Əsnəmənin köməyi ilə orta qulaqda təzyiq tənzim olunur. Əsnəmə prosesində yevstaxiya borularına aparan kanal-girişlər açılıb-qapanır. Bu da qulaqların tutulmasının qarşısını alır.
Həmçinin, sakitləşmək, yuxudan əvvəl rahatlaşmaq və ya gümrahlaşmaq üçün, psixoloji gərginliyi aradan qaldırmaq üçün də əsnəyirlər. Əsnəmə bizim orqanizmimizə bir çox narahatlıqlardan qurtulmağa kömək edir. Ona görə də əsnəmənin qarşısını almağa çalışmaq lazım deyil.