İglo və ya iglu (İnuitcə: İglu), Eskimoslar və Aleut xalqı kimi etnosların yaşadığı ev.
İqlolar daimi yaşamaq üçün nəzərdə tutulmamışdır. Eskimosların və ya digər xalqların, əsasən ov zamanı və ya bir neçə günlük gəzinti zamanı, gecələmək üçün nəzərdə tutduqları iqlolar, qardan və ya taxtadan hazırlanır. Əsasən qardan hazırlanan iqlolar daha məşhurdur. İqlonun tam hazırlanması üçün bir neçə saat lazımdır. Təcrübə olmadan iqlo hazırlanması mümkün deyildir.
İqlo tikmək eskimoslar üçün çox asandır.Peşəkar bir ovçu qar bıçağının köməyi ilə bir saata iqlo inşa edə bilər. Lakin çox zaman iqlo tikilməsində iki nəfər iştirak edir. İqlonun genişliyi, orada qalacaq adamların sayına görə müəyyən olunur. Kiçik iqlonu isitmək daha rahatdır və ən əsası belə iqlolarda isti hava daha çox qalır. İqlonun hazırlanması üçün sərt qar lazımdır, iqlonun inşa ediləcəyi yer düzgün təyin olunmalıdır. Əks təqdirdə iqlonun uçma təhlükəsi yarana bilər. Daha sonra 20 ədəd qardan kubik formasında daşlar hazırlanmalıdır. Hər daşın 40 sm eni və 20 sm hündürlüyü olmalıdır.Daşlar dairəvi formada sıra ilə düzülür.Birinci sıra kubikləri düzüldükdən sonra, daşlar maili istiqamətdə kəsilir. Beləcə, kubiklər üst-üstə düzüldükcə, divarlara qübbə formasını vermək asanlaşır. Eskimoslar iqlonun içərisində nəfəs almağı rahatlaşdırmaq üçün iqlonun üst hissəsində 2 dəlik açırlar. İqlonun daxilində olan istilik +4 dərəcə olur. Ancaq iqloda olan adamların bədən temperaturu sayəsində, istilik 16-17 dərəcəyə kimi yüksələ bilir. Bütün bu prosedurlardan sonra eskimoslar lampa ilə iqloya daxil olur və lampanı iqlonun divarına tuturlar. Bununla iqlonun divarında olan buz parçaları əriməyə başlayır. Bir müddət sonra buz parçaları donur və iqlonun divarları həm daxildən, həm də xaricdən daha güclü olur. Bundan sonra iqlo üçün tunel qazıntısına başlanılır. İqlo üçün düzgün tunel qazmaq çox önəmlidir. Düzgün tunel qazılmadıqda isti hava bayıra çıxa bilər və ya hər hansısa vəhşi heyvan asanlıqla tunelə daxil ola bilər. Tunel qazmaqdan ötrü, iqlonun girişi bir az dərin formada olmalıdır. Ən önəmli məsələlərdən biri İqloda yaşayacaq insanların tuneldən rahat şəkildə keçmələridir. Bəzən eskimoslar və ya digər xalqlar, bir ərazidə bir neçə iqlo inşa edirlər. Həmin iqlolar tikilməzdən əvvəl ümumi bir tunel qazılır və beləliklə bayıra çıxmadan biri öz iqlosundan digər iqloya keçə bilir.
İqlo bir aydan sonra daha da möhkəm olur. Belə ki, yağan qar iqlonun xarici divarını möhkəmləndirir. Təxminən 20-25 gündən sonra eskimoslar tərəfinən inşa olunan iqlolar ən sərt fırtınalara və ya ayının hücümlarına dözə bilir. İqloların icərisi əsasən iki hissədən ibarət olur. Bunlar yatmaq və yemək hazırlamaq üçündür. İqlonun icində yatmazdan əvvəl müxtəlif heyvanların ayının və ya tülkünün dərisindən istifadə edilir. Qədim zamanlarda eskimosların xalq əfsanələrinə görə iqlo xeyir və bərəkət rəmzi hesab olunurdu. Eskimoslar arasında, gənc oğlanların baçarıqları arasında tələb olunan xüsusiyyətlərdən biri ov etməkdirsə, digəri isə iqlo inşa etməkdir. Eskimoslar iqlolarda bütün ili qalmırlar, bir neçə aydan sonra ov mövsümü bitir və eskimoslar geriyə qayıdırar. Bununla da iqlolar yavaş-yavaş əriyir və tamam yox olurlar.