Azərbaycanın bəzi bölgələrində toy mərasimlərində “şax qaldırılır”. Burada əsas fikir bəzədilmiş şaxı (budağı) götürmək, həm də təntənəli surətdə dəbdəbə ilə getmək, yəni sadəcə, götürmək deyil, onu bir məşəl, bayraq kimi qaldırmaq nəzərdə tutulur.
Bir qayda olaraq, şaxı həm oğlanın, həm də qızın yaxın dostu, rəfiqəsi bəzəyərdi. Bunlar da toyda sağdış olardılar. Qızın rəfiqəsi tərəfindən qaldırılan şax, onun toyu günü, yaxud da toyunun axşamı olardı. Şaxda iştirak edən adamlar toya qarışar, şənlikdə əsas iştirakçı olardılar (bir qayda olaraq, Azərbaycan toylarında qız oğlan evinə gəlməmişdən qabaq onun özünün toyu olar, sonra isə əsas toya-oğlan evində olan toya gətirilərdi). Oğlanın sağdışı tərəfindən “şax” qaldırılıb, böyük izdihamla təzə bəyin evinə gəldikdən sonra gəlini gətirməyə gedərdilər. Şax qaldırma izdihamı Azərbaycan toylarının ən maraqlı səhnələrindən biridir. Əvvələn bu izdihama on günlərlə hazırlıq işləri aparılardı. Şax adlandırdıqları bəzədilmiş ağacın üstündə ən nadir şirniyyat, bəzək şeyləri, əl işləri nümunələri olardı. Azərbaycan qadınlarının sənətkarlıq qabiliyyətini nümayiş etdirən tikmələr, əl dəsmalları, naxışlı corablar və sairələrdən “Şaxın” bəzədilməsində istifadə olunardı. Daha sonra “Şaxın” hər tərəfinə səliqə ilə düzülmüş şamlar onun gözəlliyini daha da zinətləndirərdi. Şaxı “şax qaldıran” oğlanın və ya qızın yaxın dostu götürər və onunla yanaşı gedərdi. Dəstənin başında isə uzun bir ağacın başında lopa alovlanardı. Lopanın məşəl kimi yanan hissəsindən bir qədər aşağı kənara uzadılmış budaqdan sapa keçirilmiş fındıq, iydə sallanardı. Lopa tutan şəxsin əlində isə bir neçə nəmər (hədiyyə) olardı. Elin yaxşı tüfəng atan adamları müəyyən olunmuş yerdə, lopa işığında, həmin fındıq və iydəyə güllə atardı. Kim birincilik qazansa, sağdış tərəfindən hazırlanmış nəməri (hədiyyəni) alardı. Bəzədilmiş şax izdihamla oğlan evinə daxil olardı. Bundan sonra onlar ömürlərinin sonuna kimi “şax qardaşlıq” adlanardılar. Həmin toyda bəylə gəlindən sonra ən hörmətli şəxs şax qaldıran oğlan və qız olardı.