Dəm qazından zəhərlənmə halları ən geniş yayılmış bədbəxt hadisələrdən biridir desək, yəqin ki, yanılmarıq. Öldürücü təsirə malik olan dəm qazının yüksək səviyyəsi 3 dəqiqə içində insanı komaya salar, 10 dəqiqə içində isə insanın həyatını əlindən ala bilər. Zəhərlənmə zamanı ürək bulanma, baş gicəllənmə, baş ağrısı, quru öskürək, alın və gicgah nahiyəsində güclü ağrı, qulaqlarda küy müşahidə olunur. Zəhərlənən şəxsi təcili olaraq açıq havaya çıxarmaq ilkin şərtdir. Bundan əlavə əynindəki paltarın yaxasını, kəmərini açmaq, xəstəni yarıoturaq vəziyyətdə saxlamaq lazımdır. İlkin tibii yardıma həmçinin “Ürəyin xarici masaj”ı və “Süni tənəffüs” də daxildir. Bununla yanaşı sadaladığımız şərtlərdən əlavə ilkin olaraq şirin çaya limon qatılıb verilə də bilər. Lakin təcili tibbi yardıma xəbər etməyi də unutmaq olmaz.