Azərbaycanımızın qüruru olan görkəmli alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə vətənində — Azərbaycanda L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir.
Təsadüfi deyil ki, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 90 illik yubileyi ilə əlaqədar yüksək səviyyədə bir sıra tədbirlər keçirilib.
Bundan əlavə, Lütfi Zadə haqqında «Müasir elmin korifeyi» (müəlliflər — Fərhad Tağıyev, Şamxəlil Məmmədov), «Dünya dahilərsiz yaşaya bilmir» (müəllif — Möhbəddin Səməd) adlı kitablar yazılıb, «Uzaq və yaxın Lütfi Zadə» (quruluşçu rejissoru — Oqtay Babazadə, ssenari müəllifi — Möhbəddin Səməd) sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
L.Zadə də öz növbəsində Vətənini, xalqını çox sevir. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.
Həyat və karyera yolu
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi dünyada məşhur olan Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il, fevral ayının 4-də Bakıda anadan olub.
Atası əslən Ərdəbildən olan cənubi azərbaycanlı Rəhim Ələskərzadə ixtisasca jurnalist, Rusiyadan olan yəhudi əsilli anası Fanya Koriman pediatr olub. Bakıda 16 saylı orta məktəbdə ibtidai təhsil alıb. Anası Lütfi ilə bağlı müsahibələrinin birində deyib: “Lütfinin 5 yaşı tamam olan gün qohum-əqrəbamız gələrək onu təbrik etmək istəyirdi. Lakin o, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi”.
1932-ci ildə Sovet İttifaqı İran vətəndaşı olan azərbaycanlılarla bağlı qərar qəbul edir. Qərara əsasən, onlar Sovet İttifaqı vətəndaşlığını qəbul etməli, əks təqdirdə ölkəni tərk etməli idilər. Rəhim Ələskərzadə bu səbəbdən 1932-ci ildə ailəsi ilə birlikdə İrana köçür.
Lütfi Zadə Tehranda amerikalıların təhsil müəssisəsi olan “Alborz” kollecində orta təhsilini davam etdirib. O, müsahibələrində həmin dövrü xatırlayaraq qeyd edir: “Alborz”da oxuyarkən Sovet və Amerika məktəbləri arasında çox böyük fərq gördüm.
Bu məktəbdə ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə etdim. Orada elmin inkişafı üçün yaradılmış şərait məni hələ məktəb illərindən Amerikaya çəkirdi”. Orta təhsilini müvəffəqiyyətlə başa vuran Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olurə
L.Zadə universiteti bitirdikdən sonra bir müddət İranda yerləşdirilən Amerika qoşunları üçün tikinti materiallarının təchizatçısı kimi çalışan atası ilə birlikdə işləyib.
1944-cü ilin iyulunda uşaqlıq arzusunu gerçəkləşdirərək Birləşmiş Ştatlara köçür və sentyabrda Massaçusets Texniki İnstitutuna daxil olur. 1946-cı ildə bu ali təhsil müəssisəsini bitirərək magist dərəcəsi alır.
Məlumat üçün qeyd edək ki, amerikalılar üçün onun ad və soyadını tələffüz etmək çətin olurdu. Buna görə də Lotfi.A.Zadeh kimi çağırırdılar. O, öz elmi əsər və məqalələlərini bu ad altında yazıb, buna görə də dünyada Lütfi Zadə kimi tanınır.
Sonra o, Kolumbiya Universitetinin aspiranturasına daxil olub və 1949-cu ildə dissertasiyanın müdafiəsindən sonra mühəndislik bölməsində assistent olaraq çalışmağa başlayıb. Bu ali təhsil ocağında fəlsəfə elmləri üzrə doktor elmi dərəcəsini alıb.
1952-ci ildə Ç.Raqassini ilə birlikdə Vinerin ekstrapolyasiya nəzəriyyəsinin maraqlı ümumiləşməsini təklif edib. Elə həmin il də diskret sistemlər üçün Z-çevirmə metodunu (Zadə sözünün baş hərfi) işləyir.
Bu diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan bir metoddur. Artıq 1957-ci ildə o, elektrik mühəndisliyi sahəsində Kolumbiya Universitetinin professoru olur və məşhur alim Norbert Vinerin tövsiyəsilə Kaliforniyaya köçür.
1959-cu ildən Berkli Universitetində professor olaraq çalışmağa başlayıb, 1963-cü ildən isə «Elektrik mühəndisliyi və kompyuter elmləri» kafedrasına rəhbərlik edib. Hal-hazırda L.Zadə həmin universitetdə ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərir.
Bununla paralel, öz adına olan “İnstitute Zadeh — ZİFT” informasiya texnologiyaları institutuna direktorluq edir. Onu da qeyd etmək lazımdır ki, professor Lütfi Zadə ünlü alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz var.
O, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısıdır
1965-ci ildə Kaliforniya Universitetinin elektrotexnika kafedrasının müdiri vəzifəsində çalışan 44 yaşlı L.Zadə “İnformation and Control” jurnalında qeyri-səlis çoxluqlara aid «Fuzzy Sets» məqaləsini çap etdirir. Böyük tarixi əhəmiyyətə malik bu iş bütün dünyada rezonansa sabəb olur, elmdə yeni bir istiqamətə təkan verir.
Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir? Bu suala professor Lütfi Zadənin cavabı birmənalıdır: “…Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyəti odur ki, mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir”. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir.
Zadə məntiqində real həyatı daha dürüst əks etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən, Zadə məntiqinə görə isə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.).
O, alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Tətbiqinə gəldikdə isə, qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir.
Digər nəzəriyyələri haqda
Lütfi Zadə dünya elminə ona şöhrət qazandırmış qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, 5 fundamental nəzəriyyə bəxş edib.
“Təəssüratlar nəzəriyyəsi”, “Fəza vəziyyətləri nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Soft Computing nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflər dünya elminin inkişafında böyük rol oynayıb. Eyni zamanda bu gün bu nəzəriyyələr həyatımızın bir çox sahələrində çox geniş tətbiq olunur.
Sözlə işləyən kompyuterlər nəzəriyyəsi əsasında işləyən kompyuterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələrdən istifadə olunur. Bu tip kompyuterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir.
Təəssürat nəzəriyyəsi isə dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir.
1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif edir və Çarlz Dezoirlə birlikdə “Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirir.
Fəza vəziyyətləri nəzəriyyəsi dinamik sistemlərin idarə olunması və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
“Soft Computing” nəzəriyyəsi isə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarmaq paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirən yeni texnologiyaların əsasını təşkil edir.
L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimi “Optimal süzgəclər nəzəriyyəsi” də müasir riyaziyyatda və kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də əməli nəticələri ilə qiymətlidir.
Xatırladaq ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.
Ən məşhur şirkətlər L.Zadənin elmi ideyalarından bəhrələnir
Dünyanın ən məşhur aparıcı şirkət və firmaları Lütfi Zadə nəzəriyyələrinə, Lütfi Zadə elmi ideyalarına əsaslanırlar. Hamımızın yaxşı tanıdığı Yaponiyanın “Hitachi”, “Matsusita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Toshiba”, “Omron”, “Sanyo”, “Sany-Trintron”, “Daewoo”, “Goldstar” (LC), “Samsung”, “Honda”, eləcə də Amerikanın “General Motors”, “Motorola”, “DuPant”, “Kodak” və yüzlərlə ölkənin minlərlə tanınmış sənaye şirkətləri bu dahi alimin elmi nəzəriyyələrindən bəhrələnərək sıçrayışla inkişaf edir və böyük iqtisadi səmərəyə nail olurlar.
Bir çox mükafatların sahibi və akademiyaların üzvüdür
Dahi L.Zadə bir çox mükafatlara layiq görülüb. O cümlədən, ayrı-ayrı vaxtlarda Yaponiyanın elmə ayırdığı ən nüfuzlu “Honda” və “Okava” mükafatlarını alıb.
Bir vaxtlar idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və nüfuzlu beynəlxalq qurumların fəxri qızıl medallarına layiq görülmüş dörd nəfərin (Harri Nuquist, Riçard Belman, Rudolf Kalman və Karl Astrom) sırasına daxil edilib.
O, həm də bir sıra beynəlxalq elmi təşkilatların, elmi qurumların üzvü, fəxri üzvüdür. Bununla yanaşı, o, “Qriqor Moisil”, “Rudolf Oldenburqer”, “Riçard B.Hamminq”, “Kempe de Feriye” və onlarca başqa qızıl medal və platin fəxri nişanlara layiq görülüb.
Bununla yanaşı, ona qeyri-səlis məntiqin atası adı verilmiş, ABŞ Milli Mühəndislik Akademiyasına üzv, Azərbaycan Milli Elmlər Akademiyasına fəxri akademik seçilmişdir.
43 il fasilədən sonra bir daha Bakıda…
O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlib. Telekanalların birində səfərlə bağlı təəssüratlarını belə ifadə edib: “Bakıdan gedəndə mənim on yaşım var idi. Axırıncı dəfə uzun illər bundan əvvəl — 1965-ci ildə Bakıda olmuşam.
İndi mənə öz hisslərimi ifadə etmək çox çətindir. Yaxın dostlarım arasında olmaqdan, bu səmimi münasibətdən çox məmnun oldum. Azərbaycanda indi baş verənlər məndə müsbət təəssüratlar oyadır.
Elmə və mədəniyyətə böyük diqqət yetirilir. Azərbaycan irəliyə gedir və onun parlaq gələcəyi olacaqdır. Mən bu uğurlara görə dostlarıma, Azərbaycan xalqına, dövlət başçısına minnətdarlığımı bildirirəm, buna görə onları təbrik edirəm. Əminliklə bildirmək istəyirəm ki, bizi irəlidə parlaq gələcək gözləyir”.
Həyat yoldaşı Lütfi Zadə haqda kitab yazıb
O, yəhudi əsilli Fey xanımla ailə qurub. Fey xanım Lütfi Zadə ilə həyatlarının müxtəlif dönəmlərinə dair maraqlı xatirələrdən bəhs edən -«Qeyri-səlis məntiqin atası ilə mənim həyatım və səyahətlər» (My Life and Travels with the Father of Fuzzy Logic) kitabını yazıb və 1998-ci ildə çap etdirib.
Lütfi Zadənin iki övladı olub. Qızı Stella vəfat edib. Oğlu Norman riyaziyyatçıdır. Poker oyununu dərindən bilən Norman “Winning Poker Systems” (Uduşlu Poker Sistemləri) kitabının müəllifidir.
Fotoşəkil çəkməyi çox xoşlayır
O, müsahibələrinin birində fotoşəkil çəkməyə olan marağından danışaraq qeyd edir: “Mən fotoşəkil çəkməklə maraqlanırdım. Lakin yalnız fotoportretlər üzrə ixtisaslaşmışam və paparatsilər kimi, icazəsiz bir çox məşhur insanları çəkmişəm.
Onların arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen də olub. Ümumilikdə isə, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxsin şəklini çəkmək mənə nəsib olub”.