Dünyanın ən böyük on-line dükanı olan “Amazon” malların müştərilərə pilotsuz uçan aparatla çatdırılmasını sınaqdan keçirir.
Bu barədə şirkətin icraçı direktoru Jeff Bezos məlumat verib.
Kitabdan tutmuş kosmetika, məişət texnikasına qədər ən müxtəlif mallar satan “Amazon” uçan aparatın necə işlədiyini əks elətdirən videonu da saytına yerləşdirib
Xidmətin adı “Prime air”dir, aparatın adı isə “Octocopter”. Çəkisi 2,3 kiloqrama qədər olan mallar müştərilərə 30 dəqiqəyə çatdırılacaq.
Amma Amerikanın Federal Aviasiya Qurumunun pilotsuz uçan aparatların mülki məqsədlər üçün istifadəsinə icazə verməsi 5 ilə qədər çəkə bilər.
“Mən bilirəm ki, müştəriyə bu cür xidmət elmi fantastika təsiri bağışlayır, amma bu belə deyil” – deyə cənab Bezos CBS televiziyasının “60 dəqiqə” proqramına bildirib:
“Biz bunu yarım saata edə bilərik.. Satdığımız mallarınsa 86 faizinin çəkisi elə 2,3 kiloqrama qədərdir”.
Amerikada yerləşən bu nəhəng şirkət il ərzində İnternet üzərindən milyonlarla mal satır. Bu mallar müştərilərə poçt, təyyarə, gəmi, yük maşınları ilə çatdırılır. Şirkət yeni texnologiya ilə malın müştərilərə çatdırılmasının səmərəsini artırmaq istəyir.
Amma bu texnologiya təhlükəsizlik baxımından suallar doğurur, çünki pilotsuz uçan obyektlər əhalisi sıx olan böyük şəhərlərin üzərindən keçəcək və onların insanlarla toqquşması kimi problem yarana bilər. Bundan başqa malı müştərinin qapısında qoyub gedəndən sonra kimsə həmin malı oğurlaya bilər…