Amerikanın “Apple” korporasiyası öz mövcudluğu ərzində xeyli sayda ən müxtəlif təyinatlı qurğu yaradıb. Bununla belə, heç də onların hamısı kommersiya nöqteyi-nəzərindən müvəffəqiyyət qazanmayıb, lakin elektronikanın inkişaf tarixində öz izini qoyub. Bu məqalədə “alma” şirkətinin ən uğurlu cihazları nəzərdən keçiriləcək.
1976-cı il: “Apple 1” kompüteri
“Apple-1” kompüteri Cobsun dostu Stiv Voznyak tərəfindən yığılıb və onun qiyməti 666,66 dollar təşkil edib. Satış üçün cəmisi 200 ədəd bu cür qurğu yığılmışdı. Müasir günümüzə həmin kompüterlərin təxminən 50-si gəlib çatıb. Hazırda dünyada işlək vəziyyətdə 6 belə kompüter mövcuddur.
Məlumat üçün bildirim ki, “Apple-1” kompüterlərinin üzərində monitor, korpus verilmirdi, o, yalnız sistem lövhəsindən ibarət idi.
1977-ci il: Amerika şirkətinin ilk kütləvi məhsulu
“Apple II” – “alma” şirkətinin kütləvi kimi qəbul edilmiş ilk kompüteridir. Onun istehsalı 1993-cü ildə dayandırılıb və o vaxtadək sözügedən kompüterin bir neçə milyon nüsxəsi satılıb. Əsası 1977-ci ildə qoyulmuş “Apple” şirkəti məhz bu model sayəsində mövcudluğunun ilk on ilində inkişaf etməyə müvəffəq olub. “Apple II” kompüterini rəqiblərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri rəngli qrafikanı dəstəkləməsi idi. İnformasiyanın saxlanılması üçün maqnit kasetlərindən istifadə olunurdu, onlar tezliklə 5 düymlük disketlərlə əvəz edilmişdi.
1984-cü il: ilk “Macintosh”
“Macintosh 128K” kompüterinin təqdimatı. Ridli Skott tərəfindən çəkilmiş 1.5 milyon dollar dəyərində reklam çarxı “Superboul”un yayımı zamanı göstərilmişdi. İlk dörd ay ərzində hər biri 2495 dollardan 70 min kompüter satılmışdı. Daha sonra “128K” kompüterinin satış həcmi azaldı, lakin o, tarixə “maus”, klaviatura və qrafik interfeysə malik kompüter kimi düşür.
1989-cu il: ilk yığcam kompüter
“Apple”-ın ilk yığcam kompüter hazırlamaq cəhdi tənqidçilər tərəfindən bəyənilir, lakin “Macintosh portable” kompüterinin satışları gözlənilən uğuru qazanmır. Kompüterin çəkisi 7 kiloqramdan bir qədər çox idi və qiyməti 6500 dollar idi. Sözügedən kompüter batareya ilə işləyirdi və “LCD” ekranla təchiz edilmişdi. Ekran “Macintosh portable” kompüterinin ən bahalı detalı idi.
1993-cü il: ilk PDA, “fərdi rəqəmli köməkçi”
“Newton messagepad” – “Apple” şirkəti tərəfindən yaradılmış ilk cib fərdi kompüteridir (PDA). Qeyd edim ki, “PDA” (Personal Digital Assistant) abreviaturasını şirkətin baş direktoru Con Skalli düşünüb. “Newton” adlı cib fərdi kompüteri “Newton OS” əməliyyat sistemi ilə işləyirdi və əllə yazılmış mətni tanıya bilirdi.
1998-ci il: “USB” portla təchiz edilmiş ilk monoblok
“iMac G3” – “iMac” seriyasından (monitor və sistem blok birləşdirilib) ilk kompüter, 3 düymlük disk daxiledicisiz ilk kompüter və daxili “USB” portla təchiz edilmiş ilk kompüterdir. Sözügedən monoblok üçün xokkey şaybasını xatırladan “Apple”-ın ilk “maus” və klaviaturası hazırlanmışdı.
2001-ci il: ilk “iPod”
Amerika şirkətinin fikrincə, mövcud mp3 pleyerlər heç də yaxşı deyildi və şirkət öz pleyerini buraxmağa qərar verir. İlk “iPod” pleyerində mexaniki coystik var idi və 5 Qb yaddaşa malik idi, yəni bu, cibinizdə 1000 mahnı var demək idi. Daha sonra coystik sensorla əvəz edilib, yeni modellər (“Shuffle”, “Nano” və nəhayət, “Touch”) yaradılıb və Stiv Cobs studiyalarla razılığa gələrək “iTunes Store” xidməti vasitəsilə musiqini satmağa başlayıb.
2006-cı il: “MacBook” – “alma” şirkətinin tarixinə ən çox satılan kompüter kimi düşüb
“PowerBook” noutbuklarını əvəzləmiş “MacBook” “alma” şirkətinin tarixinə ən çox satılan kompüter kimi düşüb. Zamanla əsas xətdən alüminium korpusla təchiz edilmiş “MacBook Pro” və “MacBook Air” kimi noutbuklar şaxələnib və “Apple” şirkəti çoxillik fasilədən sonra yenidən ən böyük fərdi kompüter istehsalçılarından biri olub.
2007-ci il: “iPhone”
“iPhone” smartfonunun satışa çıxarılması böyük ajiotajla müşayiət olunurdu: Stiv Cobsun pərəstişkarları “alma” şirkətinin yeni cihazına sahiblənmək üçün növbəyə dayanmışdılar. Sözügedən həllə 150 milyon dollar xərclənmişdi. Smartfonun satışlarından əldə olunan xalis mənfəət 30 milyon milyard dollarla hesablanır. Hazırda “Apple” dünyanın ikinci smartfon istehsalçısıdır.