Uşaq üçün tövsiyə olunan adlar içində ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə “əbd” kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir, Əbdüləzim və s). Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Övladlarınıza peyğəmbərlərin adını qoyun. Adların ən yaxşısı isə Abdullah və Əbdürrəhmandır”.

İslam ənənəsində əsmaül-hüsnanın “əbd” kəlməsi olmadan da insana qoyulması halları çox olub. Bu, günah deyil, amma “əbd” kəlməsi artırılaraq qoyulsa daha yaxşıdır. Allaha məxsus olan adlardan ikisini isə “əbd” kəlməsi olmadan insana qoymaq günahdır. Bunlar Allah və Rəhman adlarıdır. 

Allah adı ilə bağlı izah verməyi artıq bilirik. “Rəhman” adı Quranda birbaşa Allah-təalaya aid edilib və yalnız Ona məxsus sayılıb: “De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur” (İsra, 110).