Bütün dünyada, eləcə də, Azərbaycanda hər ilin fevral ayının 14-cü günü Sevgililər günü kimi qeyd olunur, lakin Koreyada cütlüklər üçün nəzərdə tutulmuş xüsusi gün fərqli tarixə təsadüf edir. Həmin gün Pepero günü adlanır.
Pepero günü hər ilin 11 noyabrında qeyd olunur. Günün belə adlanmasının səbəbi cütlüklərin bir-birilərinə Pepero adlı populyar şokolada batırılmış çubuq şirniyyatlarını hədiyyə vermələridir. Günün 11 noyabrda keçirilməsi də təsadüf deyil. Belə ki, 11 noyabr təqvimdə 11/11 kimi görünür və bu Pepero şokolad çubuqlarına bir bənzətmədir.
Pepero gününün nə vaxt ortaya çıxdığı dəqiq məlum deyil. Adətən bu tarix kimi 1983-cü il götürülür. Hekayəyə görə C.Koreyanın Yonnam regionunda orta məktəbdə oxuyan iki qız şagird ucaboy və arıq olmağı arzulamaq üçün bir-birilərinə şokoladlı çubuqlar hədiyyə veriblər. Lakin hekayənin doğruluğu şübhəlidir.
Koreyadakı şəhər əfsanəsinə görə hündürboyluluğu və arıqlığın maksimum effektivliyini qazanmaq üçün 11 noyabr saat 11-in 11-ci dəqiqəsinin 11-ci saniyəsində 11 Pepero paketi yemək lazımdır. Lotte şirkəti bu hekayə vasitəsilə Pepero çubuqlarını ölkədə reklam etməyə başlamışdır. Bundan ilhamlanan bəzi şirkətlər də Pepero çubuqlarına bənzər şirniyyatlar hazırlamağa başladılar. 2012-ci ildəki statistikaya görə Lotte şirkəti Pepero günü üçün istehsal olunan çubuqların 50%-ni istehsal edir. Koreyada E-Mart və Homeplus kimi dükkanlar sırf bu gün üçün xüsusi olaraq peperolar satır.
Bənzər gün Yaponiyada da var və 11 noyabr Pocky və Pretz günü adlanır. Çində isə 11 noyabr Tənhalar günü kimi qeyd olunur.