XX əsrin ən görkəmli simalarından biri, yazıçı dramaturq Frans Teodor Çokor 1959-cu ildə qələmə aldığı bu pyesi avstriyalı rəssam Alfred Kubinə həsr edib.
“Axınla birgə” əsəri zahirən ləyaqətli görünən burjua həyat tərzinə aid ağır satiradır. Əsərrdə qatı antifaşist Çokor bütün yaradacılığı ilə humanizmin yüksək ideallarını sübut etməyə çalışır.
– Sən axı hara gedirsən?
– Hələ bilmirəm. Amma adam hara getdiyini bilməyəndə daha uzağa gedir.
Bunlar belə hesab edir ki, əgər səni hələ də təpikləmirlərsə, ayaqlamırlarsa, demək çox mərhəmətlidirlər.
İnsanlığın nə demək olduğunu dar ayaqda şikəst arvadını atıb getməyən bayaqkı yad kişi bizə nümayiş etdirdi.
Sən elə düşünürsən ki, insan yalnız başqasıyla qovuşduqdan sonra tək qalır? Bəlkə də haqlısan.
Sadəcə olaraq, yamanlıqla böyür-böyürə yaşamaq aciz mərhəmətin minnətini götürməkdən daha rahatdır, çünki bu zaman vicdan sayıq ifşaçıya çevrilir.
Günəş elə şəfəq saçır ki, elə bil nəsə qeyri-adi bir şey olacaq. Amma nə olasıdır? Axı səhər həmişə gündüzə çevrilir, gündüz isə axşama. Biz isə heç nə olmayıbmış kimi, elə əvvəlki qaydada burada yaşamalıyıq…
Bizə xəyanət edən, dönük çıxan yeganə şey yalnız zamandır. O bizi arxamızca qovur, aldadıb irəli aparır və biz hər an bir daha qayıtmayacaq nəyisə əldən buraxırıq.
Batmamaq üçün bəzən hər şeyi qayıqdan atmaq lazım gəlir, hətta adamları da. Bir şərtlə ki növbə özünə çatanda gərək gileylənməyəsən.
– Siz orada tək yaşayırsınız?
– Hələ ki tək yaşayıram.
– Çalışın bu “hələ ki” çox çəksin.
Məsləhəti mən də verə bilərəm, özü də səndən də yaxşı. Çünki sən heç vaxt ehtiyacla mənim qədər üzləşməmisən. Adamların əsl siması isə yalnız dar gündə üzə çıxır.