Hesablasaq, günümüzün, bəlkə, 2-3 saatını orada keçiririk. Tələbələr dərsinə, işçilər işinə və s. İşimizi çox asanlaşdırır. Metro. Bəli, əgər indiki zamanda metro olmasa, nələr olar sualının cavabında bizi təəccübləndirəcək şeylər eşidə bilərik. Hər kəs kimi mən də metrodan istifadə edirəm. Bu gün evə qayıdarkən bu “nemət”in haradan gəldiyini düşündüm.
Metro şəhər sərnişin nəqliyyat vasitəsi, yeraltı sərnişin daşımalarını yerinə yetirən nəqliyyat növüdür. Adətən əhalisin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. İlk metro stansiyası 1863-cü ildə London şəhərində açılıb. Hazırda Avropada ən böyük metro London metropoliteni – “London Tube”dir.
XX əsrin ortalarında Bakı Qafqazda və SSRİ ərazisində inkişafda olan şəhərlərdən idi. Getdikcə şəhər SSRİ-nin sənaye, mədəni, elmi mərkəzlərindən birinə çevrildi. Buna görə SSRİ-nin digər inkişaf etmiş şəhərlərində olduğu kimi, Bakıda da metronun tikilməsi zəruri idi. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Getdikcə stansiyaların sayı artırılmağa başladı. Hazırda Bakı metropoliteni 23 stansiyadan ibarətdir. Gələcəkdə isə bu sayın 76-ya çatdırılması planlaşdırılır.
2013-cü ildə metronun 150 illiyi, 2017-ci ildə isə Bakı metropoliteninin isə 50 illiyi qeyd edilib.